BP-nin Ermənistana xəbərdarlığının pərdəarxası

Elxan Şahinoğlu: “Böyük Britaniyanın təhlükəsizlik və milli maraqları Azərbaycanla siyasi və iqtisadi əlaqələrin genişlənməsini diqtə edir”

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları bölgədə ciddi maraqları olan dövlətləri və iri korporasiyaları da narahat etməkdədir. Elə bu narahatlığın nəticəsidir ki, bugünlərdə Böyük Britaniyanın BP şirkəti erməni işğalına və terroruna etiraz olaraq mövqeyini nümayiş etdirdi.
Məlumata görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib. Qəri Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün bp heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.
Qeyd edək ki, BP 90-cı illərdən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanda neft hasilatı ilə məşğuldur və bir sıra sahələrə öz töhfəsini verib, Azərbaycan dövlətinə sadiq portnyorlardandır. Eyni zamanda şirkətin Ermənistanın işğalçı siyasəti və törətdiyi terror aktlarına münasibətdə də ədalətli mövqe tutması təqdirolunandır.
Eyni vaxtda Britaniyanın nüfuzlu “The Independent” qəzetində Azərbaycanın milli və dövlət maraqlarını ifadə eədn məqalənin dərci də müsbət qarşılanıb. Qəzet yazısında xüsusilə vurğulayır ki, Dağlıq Qarabağda 1990-cı illərdən indiyə kimi oyuncaq bir rejim mövcuddur və bu rejim rəsmi İrəvanın çaldığı ilə durub-oturur. Qeyd edək ki, Qarabağn oyuncaq rejimi kimi təqdimat Avropa mediasına yeni-yeni yol tapmaqdadır alqışlanası məqamdır. 
“Dünyanın bp kimi nəhəng şirkətinin Azərbaycana dəstək ifadə etməsi və onun nümayəndəsinin açıqlama verməsi haqq işimizdə çox faydalı və əhəmiyyətlidir”.

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söylədi. Bildirdi ki, bu cür ədalətli mövqeyin ortaya çıxmasında bir neçə səbəb var: “Qonşu və işğalçı dövlət Azərbaycanın boru kəmərlərini də təhdid edir. Elə Tovuz rayonuna hücumun əsas səbəbi də bu idi. Çünki əsas boru xətləri Tovuz yaxınlığından keçir.  Üstəgəl, indiki mərhələdə də atdığı raketlərin bir hissəsi boru kəmərlərinin yaxınlığına düşür. Bu ondan xəbər verir ki, ermənilər Azərbaycanın enerji imkanlarına zərbələr vurmaq istəyir. Bəzən ermənilər heç bunu gizlətmirlər də. Özləri də etiraf edir ki, biz əgər döyüş meydanında qələbə çalmırıqsa, Azərbaycanın enerji imkanlarını, boru xətlərini hədəfə alırlar. Əlbəttə, bu vəziyyətdə tək Azərbaycan narahat olmamalıdır. Azərbaycanla əməkdaşlıq edən böyük neft şirkətləri də narahat olmalıdır, necə ki, narahat olur”. E.Şahinoğlu qeyd etdi ki, məsələnin başqa tərəfi də var: “Böyük Britaniya müxtəlif formalarda Azərbaycana dəstək ifadə edib. Hətta müharibədən bir neçə gün qabaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyanın baş naziri Borus Consonla telefon söhbəti də olmuşdu. Yəni Böyük Britaniya Türkiyənin əleyhinə siyasət yürütmür, o cümlədən də Azərbaycanın əleyhinə siyasəti mövcud deyil. Tam əksinə, Britaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən sənəd qəbul etmişdi. Ola bilsin ki, bəzi britaniyalılar ermənipərəst mövqedən çıxış etsin, məsələn, lordlar palatasının üzvü var, Koks, o, elə əvvəldən ermənipərəstdir, Dağlıq Qarabağa da qanunsuz səfər edib. Amma onun dediyi heç  nəyi ifadə etmir. Böyük Britaniyanın təhlükəsizlik və milli maraqları Azərbaycanla siyasi və iqtisadi əlaqələrin genişlənməsini diqtə edir”.
Politoloq qeyd etdi ki, bp Böyük Britaniya şirkəti olaraq böyük vergi ödəyicisidir: “Bu amil də nəzərə alınır. Əgər bp Azərbaycanda böyük qazanc əldə edirsə, bu qazanc hansısa formada Böyük Britaniyada vergi ödəyicilərinə paylanırsa,  deməli, Britaniya bp şirkətinin, bp şirkəti də Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bu baxımdan həm Böyük Britaniya, həm də nəhəng bp şirkətinin Azərbaycana dəstək ifadə etməsi ikitərəfli əlaqələr üçün çox önəmlidir. Bu, həm də Ermənistana mesajdır ki, Azərbaycan ərazilərini işğal etməyin bir tərəfə,  bizə aid olan boru xətlərini hədəf götürmüsən. Yəni bu boru xətləri təkcə Azərbaycana adi deyil ki. Bu kəmərlərlə İsrailə, Avropaya neft-qaz gedir, gedəcək. Bu kəmərləri hədəfə almaq təkcə Azərbaycanı hədəf seçmək deyil, həm də Azərbaycanın neft-qazından qidalanan ölkələri və onların böyük şirkətlərini hədəfə almaqdır ki, bu da Ermənistana baha başa gələ bilər”. E.Şahinoğlu bu məsələlərin Britaniya mətbuatının mövqeyinə sirayət etməsini də təbii saydı: “Fransa mətbuatından fərqli olaraq Britaniya mətbuatı məsələyə daha ədalətli yanaşır”.
On illərdir bir milyon insanı yurdsuz-yuvasıq qoyan, bugünlərdə isə Gəncənin dinc əhalisini gecəyarısı yatdığı yerdə raketlə vuran bir ölkəyə qarşı əslində bütün bəşəriyyət etiraz səsini qaldırmalıdır. Ancaq təəssüf ki, biz hələ yalnız tək-tək nümunələr barədə məlumat alırıq və onları minnətdarlıqla qeyd edirik.
Tarix: 22-10-2020, 10:03
Xəbəri paylaş



Xəbər lenti