Moskvada Azərbaycan və Ermənistan rəhbərləri görüşə bilərmi? – “Belə görüş üçün hələ şərait yetişməyib”



Son günlər Rusiya kütləvi informasiya vasitələrində bu ölkənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada görüşməsi ilə bağlı bir ideyadan bəhs edilir. Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibədə həmin məsələ ilə bağlı suala cavab olaraq deyib ki, "indiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil".
Ermənistan baş nazirinin isə artıq buna hazır olması ilə bağlı məlumatlar yayılıb. Belə bir görüş yaxın günlərdə gerçəkləşə bilərmi? Rusiyanın vasitəçiliyi ilə belə bir görüş Azərbaycana nə vəd edir?
Politoloq Zərdüşt Əlizadə "Azadlıq" radiosuna deyib ki, bununla bağlı məsələ gerçəkləşərsə, Azərbaycan üstün tərəf kimi həmin görüşə gedəcək: "Dövlət başçısı Bakıda xarici jurnalistlərə nəyi anladırsa, Moskvada da Ermənistan baş nazirinə onu anladacaq. Anlatmalı olan məsələ budur ki, erməni hərbi birlikləri Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalıdır...".
Politoloq vurğulayıb ki, görüşdə Rusiya prezidentinin iştirak edib-etməməsindən asılı olmadan İ.Əliyevin deməyə sözü çoxdur.
Amma Z. Əlizadə hesab edir ki, belə görüş üçün hələ şərait yetişməyib: "İndiki halda hətta belə bir görüş olarsa belə, nə Ermənistan buna hazırdır, nə də ki, Rusiya belə bir görüş istəyir".
Politoloq Hikmət Hacızadə də vurğulayıb ki, belə görüşlər ola bilər. Onun vurğulamasına görə, hər iki tərəf danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib: "Amma hər iki tərəfin dəyişməyən tələbləri var. Onlar həmin tələbləri irəli sürürlər. Belə halda danışıqların nəticəsi olacaqmı? Bu da bir sualdır. İlham Əliyev deyir ki, danışıqlara hazırdır, amma Ermənistan ordusu Azərbaycandan çıxarılmalıdır. Nikol Paşinyan da deyir ki, danışıqlara hazırdır, amma Dağlıq Qarabağa öz müqəddəratını həll etmə hüququ verilməldir".
Onun fikrincə, görüntü xatirinə belə bir görüş ola bilər, amma onun nəticə verəcəyinə inanmır.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə "Turan” agentliyinə bildirib ki, belə görüşlər situasiyaya bağlıdır.
"Hazırda situasiya birmənalı olaraq Azərbaycanının və Azərbaycan prezidenti İlham Əliyevin xeyrinədir", - o qeyd edib.
Vitse-spikerin vurğulamasına görə, dövlət başçısı xarici jurnalistlərə verdiyi müsahibələrdə məsələni qəti olaraq belə qoyub ki, Ermənistan qoşunları Azərbaycandan çıxmalıdır:
"Əgər belə görüş olarsa və erməni tərəf söz verərək qoşunları Azərbaycandan çıxararsa, niyə də olmasın? Bu, diplomatik qələbə olar. Hərbin itkilərləəldə etdiyini bir görüş qansız-qadasız həll edə biləcəksə, olsun. Cənab prezident özü də elan edir ki, müharibə tərəfdarı deyil. Biz müharibə istəmirik. Sadəcə, işğalda olan torpaqlarımızın qaytarılmasını istəyirik".
F.İbrahim hesab edir ki, artıq Ermənistan məğlub tərəfdir. Onun fikrincə, status-kvo, təmas xətti yoxdur: "Odur ki, Nikol Paşinyanın qazana biləcəyi heç nə yoxdur"./AzPolitika.info/
Tarix: 21-10-2020, 08:24
Xəbəri paylaş



Xəbər lenti