Məlum olduğu kimi, işğalçı ölkə bu gün Qubadlı ərazisindən Naxçıvan Muxtar respublikasının Ordubad rayonuna raket zərbəsi endirib.
Düşmənin Ordubadı hədəf alması hansı mətləblərdən xəbər verir? Ermənistanın bununla nail olmaq istədiyi məqsəd nədən ibarətdir?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə, Ermənistanın bununla daha çox Türkiyəni qəzəbləndirməyə çalışdığını vurğuladı:
“Şübhəsiz ki, bu, Ermənistann növbəti təxribatıdır. Əslində onların bütün addımları təxribatdan ibarətdir. Ordubadı raket atəşinə tutmaqda məqsəd isə Türkiyəni sərt reaksiya ortaya qoymağa sövq etməkdir.
Bu gün Yunanıstanın XİN rəhbəri İrəvana səfər edəcək. Bu səfər əsnasında Yunanıstan və Ermənistanın Türkiyə əleyhinə hansısa birgə planları müzakirə etməsi ehtimalı var. Cari ilin fevral ayında Ermənistan, Yunanıstan və Yunan Kiprinin müdafiə nazirlərinin görüşü olmuşdu. Həmin görüş zamanı qarşıdakı illərlə bağlı iş planı tərtib edilmişdi.
İndiki halda Ermənistanın məqsədi Türkiyəni qəzəbləndirmək, Yunanıstan və Ermənistan arasındakı hərbi müstəvidəki iş birliyini əsaslandırmaq, Qarabağda guya Azərbaycanla yanaşı, həm də Türkiyəyə qarşı müharibə apardıqları yalanını həqiqət kimi təqdim etmək və başqa ölkələri də bu müharibəyə cəlb etməkdir. Ermənistan çalışır ki, onun son təxribatına Türkiyə hərbi müstəvidə cavab versin və bunu əsas tutaraq Ermənistan KTMT, Yunanıstan isə NATO-ya müraciət edərək onların Türkiyəyə təzyiq göstərməsinə nail olsun”.