Rusiya mətbuatı Azərbaycan Prezidentinin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsini geniş işıqlandırıb.AZƏRTAC xəbər verir ki, Rusiya xəbər resurslarının materiallarında Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesinin bərpa olunması, müharibənin bitməsi üçün yalnız Ermənistan qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi şərtini irəli sürməsi qeyd olunur. Rusiya oxucularının diqqətinə dövlət başçımızın Paşinyanla indiyədək görüşlərinin tamamilə səmərəsiz olduğu, Azərbaycanın torpaqlarını hərblə deyil, sülhlə qaytarmaq istəyinə baxmayaraq, Ermənistan rəhbərinin bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsi barədə fikirləri çatdırılıb.
Rusiyanın internet nəşrləri, informasiya agentlikləri və teleradioları Prezidentin müsahibəsindən aşağıdakı fikirləri sitat gətirirlər: “Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.
Tarix: 4-10-2020, 10:14