“GLOBAL HABER” VƏ ƏFSANƏVİ SAYNUR TEZEL



Müşfiq Hüseynov, həkim, farmakoloq
Atamın yazması yox idi, çox çətinliklə oxuyurdu. Təxminən bir saata bir səhifə. Amma evimizdə azı 650 kitab vardı. Rusca bilir, amma heç danışmazdı. 88-ci il hadisələrindən sonra hər axşam şam yeməyində çox kefsiz olduğunu, bəzən içib ağladığını görürdüm. Gözündən gilə-gilə yaş gəlir, tək bir söz deyərdi. “Bu köpəkuşağı bizi qıracaq”. Hələ nə Qarabağda savaş başlamışdı, nə 20 yanvar olmuşdu. Savadı olmayan, ömründə qəzet oxumayan, xəbərlər izləməyən amma dünyagörmüş bir fəhlə babanın, 3-4 il sonranı necə görə bilməsi hələ də mənə maraqlıdır. Sən demə savaş başlayıbmış və biz informasiya müharibəsini artıq çoxdan uduzubmuşuq.
Bu günlər böyük günlərdir, şərəfli günlərdir! Azərbaycanda yaşayan bütün xalqlar, türklər, talışlar, ləzgilər, yəhudilər yenə birlik olaraq, öz əzəli və əbədi torpaqları uğrunda savaşa qalxıblar. Amma bu dəfə müdafiə üçün yox. Bu müharibə Azadlıq müharibəsidir. Düşməni öz dədə-baba torpaqlarından qovmaq, işğaldan azad etmə savaşıdır. Qəzamız mübarək olsun!
30 il sonra başa dönmüşük. Amma 88-ci ildən fərqli olaraq bu dəfə güclü olaraq. Ölkə gücləndi, hakimiyyət gücləndi, xalq yaralarını sardı və gücləndi. Qarabağ itkisi ilə barışmayan xalq yeni nəsil yetişdirdi. O nəsil ki, ermənidən qorxmur, ölümdən qorxmur, qan tökməkdən qorxmur. Bilmirəm fərqindəsiniz ya yox, amma bu gün qəhrəman əsgərlərimiz Qarabağda qəhrəmanlıq dastanı yazır. Bu gün Azərbaycanda ƏN YENİ TARİX yazılır. Bu tarixi EA saxta tarixçiləri yox, 25-30 yaşlı balalarımız yazır. Gələcək nəsillər üçün.

Savaşın öz qanunları var. 21-ci əsrdə klassik müharibə yox, proksi-müharibələr aparanlar qazanır. Bu gün informasiya vasitələrində və sosial şəbəkədə qazanılan “mövqe döyüşü”, Ağdərə ətrafında alınan hansısa yüksəklik qədər önəmlidir. Azərbaycanda müharibəni 3 tərəf aparır. Qəhrəman xalqımız, onun səsinə səs verən Ali Baş Komandan, yardımçısı, rəsmən “sehirli çubuğa”(палочка-выручалочка) dönən Hikmət Bəy Hacıyev və Ordumuz. Savaş ölümünə gedir, qanlı gedir. İtkilərimiz də, qazandıqlarımız da çoxdur. Xalq canını dişinə tutub səbr edir, dözür. Qələbə üçün hər şey artıq masadadır. Öldü var, döndü yoxdur prinsipi işə düşüb. 
Bəs proksi-müharibənin informasiya hissəsi? Vəziyyət necədir? 88-ci ildən çoxmu fərqlidir?
İstanbulda yaşayan keçmiş Baş konsulumuz, araşdırmaçı jurnalist, sosial şəbəkələrin aktiv iştirakçısı və xalqın maariflənməsində titanik əmək sərf edən İbrahim Nəbioglunu qiyabi olaraq 90-cı illərdən tanyıram. Çörəksiz, ac qaldığım vaxt çox olurdu, amma qəzetsiz vaxtım olmurdu. O vaxt, “AYNA"nın məhşur dördlüsünü daima izləyirdim, oxuyurdum. 4 ildir isə İbrahim bəyi şəxsən tanıyıram, İstanbula gedəndə orda, o Bakıya gələndə isə burada mütləq görüşürəm. Bu 4 ildə ondan çox şey öyrəndim. Dostlarım bilir ki, ürəyim isinməyən insanla, kimliyindən aslı olmayaraq deyil dostluq, heç söhbət belə etmirəm. İbrahim Bəyəfəndinin vətənpərvər, elinə-obasına bağlı biri olduğunu hər kəs bilir.
Vətən savaşının getdiyi bu günlərdə İbrahim bəy də öz müharibəsinə başlayıb. Hava-su kimi gərəkli, dünyaya çıxışı olan informasiya müharibəsinə! Ard-arda “Haber Global” kanalında dəyirmi masalara dəvət olunan İbrahim bəy, bizim haqq səsimizi dünyaya çatdırır. Bu nəinki dünya üçün, Azərbaycanda yaşayan insanlar üçün arxivacib məsələdir. Dünən gecə, tam 4 saat davam edən proqamda çox dəyərli qonaqlar vardı. Proqramın aparıcısı Saynur Tezel xanıməfəndi Türkiyədə ünlü televiyonçudur. 52 yaşlı bu gözəl xanım TED Koleci və ölkənin adlı-sanlı ingilis dilli universitetlərindən ÖDTÜ-nün beyləxalq münasibətlər ixtisası üzrə məzunudur. Erudisiyalı, məlumatlı, zəngin biliyi olan Saynur xanım, İbrahim bəyin dəstəyi ilə, son günlər ölkəmizin əsl dostuna çevrilib. Ən azı 200 milyonluq audtitoriyaya xitab edən kanal niyə hələ də Azərbaycanda yayımlanmır, anlamaq mümkün deyil. Fürsətdən istifadə edib bu modern, dinamik televiziya kanalına, onun rəhbərliyinə bütün izləyicilər adından ürəkdən minnətdarlığımı bildirirəm.

Saynur Tezelin “Kayıt Altında” adlı proqramına qatılan qonaqlar, siyasət professorları, hərbi analitiklər, istefada olan polkovnik və general tam 4 saat Qarabağ savaşını eninə-uzununa araşdırdı. Müsbət və mənfi tərəfləri ilə, güclü və zəif tərəflərimizlə Azərbaycanın mövqeyi elmi-statistik analizdən keçirdildi. Belə verilişlər xalqın iradəsini, gücünü artırır, onda qələbəyə inamı daha da möhkəm edir. İbrahim bəyin strateji-analitik düşüncə bacarığı verilişə öz damğasını vurdu. Makron və Fransa haqqında dediyi detallar isə hər kəsin marağına səbəb oldu. Yaxın günlərdə bu mövzuda araşdırma yazılar çıxsa, qəti təəccüblənmərəm. İbrahim Nəbioğlu bizdən 2500 km aralıda olsa da, ürəyi burdadır. Vətən üçün dayanmadan çalışır, araşdırır, arqumentləşdirir, yazır, deyir, inandırır. Dövlətin informasiya müharibəsində öndə gedir. Əgər bunu mən, bu işlərdən o qədər anlamayan, amma millətini sevən bir insan görürsə, TV-lərimiz, informasiya müharibəsi aparmağa görəvli insanlar niyə görmür?
Gülməli və eyni zamanda ağlamalı vəziyyət yaranıb. TV-lər hər gün tok şoular və canlı yayımlar düzənləyirlər, amma ora qatılmağa doğru-düzgün ekspert yoxdur. Müharibədə iki kanal iştirak edir. AzTV və İctimaiOnların da kadrı yoxdur. Bəs qalanlar? Hardadır digər kanallar? 20 ildir zəhlətökən və bayağı şoularla qanımızı içmisiz, yenə eyni templə davam edirsiz? İndi kimi gözləyirsiz? Əli Həsənov məllimi? Yoxdur Əli məllim, olmayacaq daha. Hanı onun “yetişdirdiyi” əməkdar jurnalsitlər, hanı ev rüşvəti alan yarımçıq ziyalılar, hanı ölkənin rusdilli analitikləri? Niyə “DOJD” kanalına rusdilli olmayan Həmid Herisçi qatılmalıdır? Bəli, Həmid Bəy rusdilli deyil, amma minlərlə rusdillidən gözəl danışdı. Zatən rusların ən populyar kanalı da canlı yayınına elə-belə adamı çıxartmaz. Niyə Rusiya TV kanallarına qatılacaq adamımız demək olar ki, yoxdur?
Heç kim mənə nağıl danışmasın. Yaxşı jurnalisdi, öz sözü olan, adı olan, imzası olan birini Moskvaya da dəvət edərlər, CNN-ə də. Yoxdur! Bu ölkə 20 ildir vətənini sevən , azadfikirli insanları ölkədən didərgin salmaqla məşğuldur. TV-yə professional televizyonçunu deyil, hansısa idmançını, KVN-çini, şoumeni, ya da klounu rəhbər qoyanda belə də olmalıdır. İbrahim bəy tək deyil, onun kimi onlarla vətənsevər insanlarımız yaddaşdan kənar buraxılıb. Amma onlar yenə də “Vətən sağ olsun” deyib, dayanmadan qələbə üçün çalışırlar. İnformasiya vasitələri özü, sözü, imzası olan insanlara tapşırılmalıdır, yoxsa, sonu fiasko və hüsran olur. İndiki kimi.
Heç bir savaş əbədi deyil. Bu müharibə də mütləq və qələbə ilə bitəcək. Sonra? Biz yenə başa qayıdacağıq? Televiziya kimi güclü silaha yenə klounlar dəvət olunacaq və rəhbərlik edəcək? Teleindustriya meyxana şousu deyil, ağlaşma-yas məclisi deyil. Tok-şou aparıcısı verilişdən əvvəl 8 saat gözəllik salonunda vaxt keçirməməli, “saçıma görə filankəsə, kostyunuma görə filan butikə minnətdaram” deməməlidir. Dünən Sayğıdəyər Saynur xanımın moderatorluğu dərslikdir əslində.
Müharibə bitəcək, amma informasiya savaşı hələ indi başlayır! Bu kadrlarla müharibə aparacaqsız? Klounlarla? Cənab Prezidentin bütün əməyini sıfırlamaqla məşğul olan TV-lərdə dəyişiklik etmək zamanı çoxdan çatıb. Ayrılan milyonlarla vəsaitin hesabı sorulmaqla, işi işbilənə tapışırmaq lazımdır. Əgər nəvələrinizin yenidən işağala məruz qalmasını istəmirsizsə, bunu etməlisiz. Çünki sabah gec olacaq!

Tarix: 3-10-2020, 17:19
Xəbəri paylaş



Xəbər lenti