"Avropanın kandarında xaos": Dünya mediası Qarabağda döyüşlər barədə nə yazır?
Dağlıq Qarabağda Azərbaycan və erməni silahlı qüvvələri arasında başlamış irimiqyaslı döyüşlər barədə dünya mediası məlumatlar yayır. Britaniyanın Express qəzeti "Avropanın kandarında xaos" başlıqlı yazısında, əsasən, Türkiyənin Azərbaycana dəstəyi barədə yazıb. "Türkiyə xəbərdar edib ki, Ermənistan və Azərbaycan sərhədində döyüşlər regionu alovun içərisinə ata bilər," qəzet yazır. Bundan başqa, qəzet Türkiyənin "qardaş Azərbaycana" dəstəyini ifadə etməsi barədə ətraflı məlumat verir. Guardian qəzeti Ermənistanın hərbi vəziyyət elan etməsi barədə yazır. Qəzet öz saytındankı yazıda qeyd edir ki, Azərbaycan 6 kəndi geri aldığını açıqlayıb, ancaq Ermənistan bu məlumatın doğru olmadığını bildirib. Guardian qeyd edir ki, cənubi Qafqazda davam edən Dağlıq Qarabağ münaqişəsi həm regional, həm də Qərbin narahatlığına səbəb olur, "çünki bu ərazi Xəzər dənizindən neft və qazı qlobal marketlərə daşıyan kəmərlər üçün dəhlizdir". Bu qəzet də Türkiyənin Azərbaycana dəstəyini qeyd edir və Rusiyanın Ermənistanla müttəfiq olduğunu, ancaq son illərdə Azərbaycan elitasının da Rusiya ilə əlaqələrinin inkişaf etdiyini vurğulayır. Finanical Times qəzeti döyüşlərə aid məqaləsində hər iki tərəfin bir-birini ittiham etməsini göstərir. Məqalədə Azərbaycanda internetin məhdudlaşdırıldığı və Ermənistanda hərbi vəziyyət elan olunduğu bildirilir.