18 oktyabr müzakirələri: iş günü, yoxsa rəsmi bayram?

İnternetdə 18 oktyabrın yenidən qeyri-iş günü olması istəyi ilə imza kampaniyası keçirilir. Novator.az-ın məlumatına görə, imza kampaniyası barədə bilgi yayan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü-dövlət bayramıdır: “Dövlət müstəqilliyi Azərbaycan xalqının böyük tarixi nailiyyəti, ən böyük sərvəti və qürur mənbəyidir. Bu sərvəti qoruyub möhkəmləndirmək hər bir Vətən övladının müqəddəs borcudur.
Müstəqillik Azərbaycan xalqının uzun illər apardığı ağır, şərəfli mübarizəsi sayəsində əldə edilib. 1991-ci il oktyabrın 18-də Ali Sovet (parlament) Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul etdi. Həmin vaxtdan 18 oktyabr qeyri-iş günü statusu alaraq hər il Dövlət Müstəqilliyi Günü kimi dövlət səviyyəsində qeyd olunurdu. 2006-cı il dekabrın 8-də Milli Məclis bu dövlət bayramının iş günü olması barədə qərar qəbul etdi və bununla da faktiki olaraq Dövlət Müstəqilliyi Gününün dövlət səviyyəsində keçirilməsinin qarşısı alındı”.
İctimaiyyətə müraciətində Qubad İbadoğlu vətəndaşları Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü statusunun bərpasını və bu bayramın əsas dövlət bayramı olaraq hər il dövlət səviyyəsində geniş və təntənəli keçirilməsini təmin etmək üçün imza verməyə çağırıb.
Kampaniyaya dəstək kifayət qədər böyükdür. İmza atanların sayı durmadan artır. 
Müstəqillik Aktına imza atan, istiqlalçı millət vəkili, Milli Məclisin üzvü Vahid Əhmədov birmənalı şəkildə bu günün qeyri-iş günü olmasının tərəfdarıdır: “Ümumiyyətlə, 18 oktyabr Azərbaycanın Müstəqillik Günüdür. Bu əsas gündür. Çünki bütün dünya dövlətlərinin başçıları Azərbaycan prezidentini Müstəqillik Günü ilə əlaqədar təbrik edirlər. Amma digər günlərə o qədər də əhəmiyyət vermirlər. Ona görə də belə hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. Gec-tez bu öz yerini tapacaq. Bununla əlaqədar indiyə qədər çoxsaylı müzakirələr gedib. Əsaslandırdılar ki, bununla əlaqədar əlavə bir neçə bayram da ləğv olunub. Bu səbəbdən belə bir qərar vermək istəmirlər. Amma bir daha bildirirəm ki, 18 oktyabr Müstəqillik Günümüz olduğu üçün iş günü olmamalıdır”.
Vahid Əhmədov: "Publik hüquqi şəxslər dövlət üçün bir bəladır"
Vahid Əhmədov: “18 oktyabr Müstəqillik Günümüz olduğu üçün iş günü olmamalıdır”
V.Əhmədovun həmkarı, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə fərqli düşünür: “Mənim üçün əsas məsələ tarixi günlərimizin hər zaman cəmiyyətin diqqətində olmasıdır. Onun iş günü, yaxud qeyri-iş günü olması hesab edirəm ki, ikinci dərəcəli bir məsələdir. 18 oktyabrda həmin dövrün parlamentinin üzvləri Azərbaycanın Müstəqillik Aktını qəbul etdilər, müstəqil yaşamaq hüququmuzu dünyaya bəyan etdilər, Azərbaycanın öz həyatını özü qurmaq bacarığında olduğunu göstərdilər. Əsas məsələ budur. Cəmiyyət, ilk növbədə gənclər tariximiz, eləcə də tarixi günlərlə bağlı geniş məlumata malik olmalıdırlar. Qoyun hər 18 oktyabrda Azərbaycanın hansı çətinliklərdən keçdiyi hər insanın beynindən keçsin”.
Aydın Mirzəzadə: "Prezident istənilən ciddi məsələni daim nəzarətdə  saxlayır və bunun qarşısının alınması üçün addımlar atır" - Sonxeber.net
Aydın Mirzəzadə: “İş günü, yaxud qeyri-iş günü olması ikinci dərəcəli məsələdir”
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “18 oktyabr Müstəqillik Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. 1991-ci ilin oktyabrında Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında aparılan 4 günlük müzakirələrdən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 2006-cı ilədək 18 oktyabr dövlət bayramı kimi qeyri-iş günü olaraq qeyd olunsa da, təəssüflər olsun ki, 2006-cı ildən hazırkı dövrədək sıradan bir iş günü elan edilib. Bunu olduqca yanlış hesab edirəm. Biz bu barədə dəfələrlə fikrimizi bildirmişik və tariximizə hörmət əlaməti olaraq bu günün bayram günü kimi qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırmışıq. Mən Milli Müstəqillik Gününün iş günü olaraq qəbul edilməsini bu günün əhəmiyyətinin azaldılmasına yönəlmiş addım hesab edirəm və 18 oktyabrın yenidən qeyri-iş günü elan olunmasını və dövlət bayramı səviyyəsində qeyd olunmasını vacib hesab edirəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, AMİP qurucuları Etibar Məmmədov və Fuad Ağayev 18 oktyabrda qəbul olunmuş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəllifləridir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 16-09-2020, 08:02
Xəbəri paylaş



Xəbər lenti