Bu Lukaşenko Azərbaycana lazımdırmı?

Belarusun hakimiyyətdən getmək istəməyən rəhbəri ədalətli seçki keçirsəydi, məhsul yığımında qarpız tutan əllərinə indi avtomat “Kalaşnikov” götürməzdi...

Aleksandr Lukaşenkonun Belarusda prezident seçkisindən əvvəl də, sonra da hakimiyyətdə qalmaq üçün etdiyi bütün addımlar yanlışdır, hətta zənnimcə, hər ötən gün onun sonunu yaxınlaşdırır. 9 avqust seçkisindən öncə səs toplaya biləcək rəqiblərini həbsxanaya salan Lukaşenkonun sonradan guya böyük centlimenlik edərək sistemdənkənar namizəd Svetlana Tixanovskayanın MSK-da qeydə alınmasına əngəl olmaması da onun ən böyük səhvlərindən biri kimi qiymətləndirilməlidir. Bu səhvə görə yəqin indi hərdən barmağını dişləyir də...Çünki XXI əsrin ilk 20 iliyində onun “qadınları özümə siyasi rəqib bilmirəm” kimi yekəxana kolxozçu zehniyyəti sayəsində indi həmin evdar qadın siyasət starına çevrilib. Tixanovskaya dünyanın məşhur dərgilərinin qapaq səhifəsində, xəbər proqramlarının əsas bloqunda yer alır. Lukaşenkoya isə bütün qapılar bağlıdır, getdikcə daha da bağlanacaq...
 
Lukaşenko bu seçkini öz bildiyi ssenari ilə keçirdi-ona səs verməyən, səsinin oğurlanmaması üçün məntəqələrdə növbə tutan seçicinin acığına özünə fantastik 80 faiz səs yazdırdı. Amma seçkidən bir neçə gün sonra heç o 80 faizin 18 faizini könüllü olaraq özünün dəstək mitinqinə toplaya bilmədi, yalnız inzibati metodlarla bəzi zavod və müəssisələrdən adam gətirdib bir mitinq düzəldə bildi.

Budəfəki fərqli seçki prosesi Lukaşenkonun siyasətdə əslində piyada olduğunu, onun səmimi görünən kəndli obrazının altında həm də bir başqasının gizləndiyini üzə çıxardı. Cəmi 10 milyon olan belarus xalqı onun 26 illik idarəetməsindən yorulmuşdu. Bu dəfə üzə çıxan yeni “obrazlarına”-dinc nümayişçilərlə amansız davranışına, əlinə avtomat alıb yüz minlərlə adama “siçovul” deyən təfəkkürünə, hakimiyyəti üçün Putindən qoşun istəməsinə tam fərqli gözlə baxır, fərqli qiymətləndirir.
Adını qoyub ki, Belarusun suverenliyinə təhlükə olduğu halda Rusiyadan hərbi kömək istəmək ittifaq dövlətinin hüququdur. 10 gün əvvəl az qala Rusiyanı 33 nəfərlə Belarusda dövlət çevrilişi cəhdində ittiham edən Lukaşenkonun indi niyə valı dəyişdiyi məlumdur. Seçkiyə sayılı günlər qalmış Rusiya prezidenti haqda ağına-bozuna baxmadan açıqlamalar verən Lukaşenko indi onun qoşununu xilaskar kimi görür.
Lukaşenkonun bu cür “sınmasının” səbəbini Putin hamıdan yaxşı bilir: xalqın səsini saxtalaşdırıb heç yanda möhkəm səs çıxara bilməzsən. Əlbəttə, təcrübəli rusiyalı prezident ürəyinin dərinliyində illərdir üslübunda xeyli köntöylük görmüş Lukaşenkonun düşdüyü duruma sevinir də...Lukaşenko indən sonra bəlkə neçə il də hakimiyyətdə qala bilər, amma həmin Lukaşenkonu daha görmək mümkün olmayacaq. İndi o, Putinə dost yox, dayı deməlidir...

Lukaşenko əlbbətə, ilk dəfə deyil ki, seçkidə “qalib gəlir”. Yanılmıramsa, beş dəfə qutudan “qalib” çıxıb. Amma bu dəfə həna o hənadan deyil, olmadı da... Lukaşenko bu dəfə xalqının ciddi müqaviməti ilə üzləşdi.
Tixanovskayanın seçkidə qalib gəldiyə inanmaq çətindir, səsləri yenidən saysalar da, Lukaşenko “kəfəni yırta bilər”. Amma yeni seçki keçirilərsə, Lukaşenko bəlkə də 30 faiz belə səs topaya bilıməz. İndi bu səbəbdən yeni seçkilərlə bağlı müxalifətdən və Qərbdən gələn çağırışlardan ilan görürmüş kimi qorxur. Həm də qorxudur: “Ölkədə inqilab hazlırlanır, Ukrayna variantı, yeni Maydan olacaq” deyə... Müxalifətlə dialoq masasına oturmağı israrla geri çevirir, qəbul etmir. 20 gündür küçələrdə etiraz edən xalqı ilə danışımır, amma az qala hər gün başqa bir ölkənin prezidentinə zəng edir, məsləhət alır, dərdləşir...

Qərbin Belarusda maraqları olduğunu heç kim dana bilməz. Belarusu geridə qalmış, az qala qapalı bir ölkəyə çevirmiş 26 illik Lukaşenko hakimiyyəti Qərbi xoxan, Ukraynanı parçalayan, qanda boğan bir qüvvə kimi qələmə verir. Bunlarda həqiqət payı olmamış deyil.
Belarus xalqı, eləcə də seçki hüququ pozulmuş bütün xalqlar öz taleyini niyə özü, bir neçə saat davam edən seçki günündə həll etməməlidir ki? Niyə ona seçib-seçilmək hüququ verilməməlidir ki, onun problemi ilə Merkel, Makron, Avropa Biriyi məşğul olsun? Demək günahı onlarda axtarmaq lazım deyil, sən düzgün seçki keçirsəydin, məhsul yığımında qarpız tutan əllərinə indi avtomat “Kalaşnikov” götürməzdin...

Belarus seçkisindən bir neçə gün əvvəl belə bir cümlə yazmışdım ki, “Lukaşenko bizə simsar prezidentdir, amma Belarus xalqının seçimi hər şeydən üstündür. Onlara bu seçim hüququnu vermək lazımdır...” Sonra gərək ki, yeni deputatlardan biri də Lukaşenkonu dəstəklədiyi üçün tənqid olunmuşdu.
Seçkidən sonra vəziyyət bu dəfə xeyli dəyişib və Lukaşenko belarus xalqına seçim hüquq(yenə də) verməyib, onu kobud pozub. Yoxsa xalq niyə küçələrdə qalsın ki?

Bu səbəbdən bu cür Lukaşenkonun Azərbaycanın maraqları üçün əhəmiyyəti qalmır. İndən sonra verəcəyi bəyanatların da, dəstəyin də heç bir çəkisi, əhəmiyyəti yoxdur. Belarus xalqı isə doğru yoldadır, Azərbaycana da münasibətdə həmişə simsar olublar...
 

Nazim SABİROĞLU
Tarix: 28-08-2020, 07:26
Xəbəri paylaş



Xəbər lenti