İqtidar erkən seçkiyə gedir: mehdiyevçilər YAP-dan və MM-dən təmizlənir - Gizlinlər...




Bu ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrindən bəlli olmalıydı ki, siyasi hakimiyyətin islahatçı qanadı göstəricilərlə razı deyil.
İqtidarın nəsil dəyişkənliyi istəyən qolu Milli Məclisdə daha geniş spektrli güc olmağı hədəfləmişdi. Nəticələr açıqlandıqdan sonra məlum oldu ki, 125 yerə cəmi 40 yeni deputat seçilib, qalanları köhnə qvardiya üzvlərindən təşəkkül tapıb.
Anaxeber.info o ərəfədə yazırdı ki, yeni parlamentin də ömrü uzun çəkməyəcək və növbəti seçki qaçılmazdır, sadəcə, erkən olmayacaq. Yəni, azı 1 ildən tez seçki olmaz.
Artıq təhlillər və cərəyan edən proseslər, köhnə qvardiya ilə yeni siyasi elita arasında kəskinləşən açıq qarşıdurma belə deməyə əsas verir ki, hakimiyyət növbədənkənar seçkiyə getməyi qətiləşdirib. Üstəlik, o vaxtacan nəticəsi ləğv edilən 4 dairə üzrə də təkrar seçki olmayacaq və birdəfəlik məsələ həll olunacaq.
Hazırkı situasiya göstərir ki, gələn ilin yazında, ən gec payızında parlamentə seçkilər elan olunmalıdır. Bunu həm hakimiyyət daxilindəki qovğalar, həm sabiqlərin müqaviməti, həm indiki Milli Məclisdə köhnə qruplaşmaya və “5-ci kolon”a bağlı deputatların təzədən yer alması, həm də hakim partiyanı refreş etmək niyyəti şərtləndirir.
Pandemiya dövrü ilə bağlı gələcəkdə ən çox xatırlanacaq “Karantində toy” skandalı, heç vaxt olmayan iki qrupun aşkar toqquşması, AMEA prezidenti Ramiz Mehdiyevin dilə gəlməsi və açıq savaş elan etməsi, Siyavuş Novruzovun YAP-dakı vəzifəsindən istefaya getməyə məcbur olması diktə edir ki, iqtidar partiyası köhnələrdən təmizlənsin. 
Hakim partiyada R.Mehdiyevin komandasının tərki-silah edilməsilə növbəti mərhələ parlament seçkilərini təyin etmək olacaq. İslahatçı komanda YAP-ı yenilədikdən sonra partiyanın deputatlığa namizədlər müəyyən ediləcək.
Bununla da gözlənilən növbədənkənar seçkilərdən sonra MM-də Siyavuş Novruzov, Elman Nəsirov, Aydın Mirzəzadə, İsa Həbibbəyli, Eldar İbrahimov, Məlahət İbrahimqızı, Ziyafət Əsgərov, İmamverdi İsmayılov və s. deputatları görməyə bilərik.
Əslində fevral seçkisində 70-dən yuxarı yeni deputat olmalıydı, müxalif partiyaların namizədlərinə daha çox mandat düşməliydi, hətta fraksiya belə istisna deyildi.
Amma nəticələr göstərdi ki, köhnə qvardiyanın ağsaqqalı, traybalizmin davamçısı olan klanbaşı Ramiz Mehdiyev prosesə öz nüfuzunu, təsirini yeridib.
Məhz onun qruplaşmasının istəkləri reallaşıb və 80-dən çox deputat köhnələrdən seçilib. Bu, əlbəttə qənaətbəxş deyildi. 
Son bir həftədə yaşananlar isə mehdiyevçilərin bütün icraedici və qanunverici orqanlardan, o cümlədən siyasi təşkilatdan tamamilə silinib-süpürülməsini ehtiva edir. 
Bu proses icra başçılarının həbsi ilə start götürsə də, növbə YAP və parlamentdəki mehdiyevçilərə çatmalıdır. Hətta hakim partiyada maliyyə yeyintiləri ilə bağlı hansısa funksionerlərə cinayət işi başlanması, bəzilərinin isə  mandatının ləğvi istisna deyil. Necə ki, Mehdiyevin təqdimatı ilə təyin olunmuş 6 icra başçısı rüşvətlə həbs edilib, eləcə də ona yaxın YAP-çı və deputatların barəsində təftiş mümkündür.
Çünki R.Mehdiyev dünənə qədər islahatların tərəfdarı olan qüvvələrlə gizli mübarizə aparırdısa, karantində toy hadisəsindən sonra açıq müqavimətə keçib.
Bu da sırf Kremlə söykənən və ondan oksigen alan “5-ci kolon”un fəallaşması ilə əlaqəlidir. Mehdiyevin vaxtilə Patruşevlə münasibətləri, hər seçkiqabağı Moskvaya səfərləri, heç vaxt Türkiyəyə rəsmi səfər etməməsi bir çox suallara ritorik cavabdır.
"Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da açıq şəkildə bəyan edib ki, Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı olan qüvvələr vəzifələrini itirsələr də, onlar hələ də özlərini güclü, nüfuzlu sayırlar. Onun sözlərinə görə, bunların havadarları indiki Rusiya hakimiyyətidir. Azərbaycanda baş verən son proseslər də məhz Rusiyadan qaynaqlanır.
SSRİ dövrünün həmin üsul-idarəsi bu gün “beşinci kolon” adlanan insanların beynində hələ də qalır. O, hava bunların beynindən hələ çıxmayıb. Bunlar komsomol təfəkkürü ilə Azərbaycanı geriyə çəkmək istəyirlər. 
Həmin adamlar yavaş-yavaş vəzifədən çıxarılandan sonra bu gün öz bildikləri kimi müqavimət göstərirlər. Hətta, onlar açıq şəkildə “qanun bizim üçün deyil, biz qanundan yüksəkdəyik” mövqeyi nümayiş etdirirlər.
Bütün bunları tam aradan qaldırmaq lazımdır. Ona görə növbəti erkən seçki və hakim partiyada “təmizləmələr” son dərəcə real ehtimallardır...

Anaxeber.info
Turan
Tarix: 27-08-2020, 15:02
Xəbəri paylaş



Xəbər lenti