Azərbaycan “iki od arasında..?”

Fəzail Ağamalı: “Mən də bu təhdidlərdən narahatam”

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan proseslər bir çox suallar yaradıb. Əsas suallardan biri MDB məkanında yenidən “küçə inqilabları”nın başlaya biləcəyi yönündədir. Bu istiqamətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. O bildirmişdi ki, MDB məkanına aid olan dövlətlərə nəzarət uğrunda mübarizə başlayıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə Azərbaycanı hədəfə alan təşkilatları sərt tənqid etdi: “Doğrudan da kifayət qədər ciddi və mürəkkəb bir situasiya mövcuddur. MDB məkanında artıq hadisələr xoşagəlməyən istiqamətdə cərəyan etməkdədir. Buna qədər onsuzda Rusiya MDB məkanında öz nüfuzunu gücləndirmək və bu nüfuzu qoruyub saxlamaq, daha çox həmin ölkələrə, yəni Azərbaycan da daxil olmaqla təsir etmək mexanizmlərini əlində saxlamağa çalışırdı və bu gün də çalışır. Əslində Qərbin bu cür mövqeyi, xüsusi olaraq, Azərbaycana düşmən kəsilən “Human Rights Watch” kimi təşkilat illərdir ki, ölkəmizə qarşı qərəzli və düşmənçilik münasibəti ilə bəyanatlar yaymaqla dünyada ictimai rəyi çaşdırmağa çalışır. Hər kəsə bəllidir ki, bu təşkilata erməni təsiri güclüdür. Ermənilər bu və ya bunabənzər təşkilatlar vasitəsilə Azərbaycanın artmaqda olan beynəlxalq nüfuzuna ən müxtəlif şəkildə mane olmağa, ona zərbə vurmağa çalışır. Bu cür təşkilatlar az deyil. Ona görə də, bu təşkilatın, eyni zamanda, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etmiş olduğu qətnamə ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır. Eyni zamanda, ölkəmizlə əməkdaşlığa yüksək qiymət verilir. Lakin Avropa Parlamentində də Azərbaycanı istəməyən qüvvələr var. Orada ermənilərin təsiri altında olan insanlar mövcuddur. Onlar da yaranmış olan fürsətdən istifadə edərək, Azərbaycana qarşı dəfələrlə görmüşük ki, bu və ya bunabənzər təkliflərlə çıxış ediblər. Əslində iyul ayının 14-də anarxist, ölkə qanunlarını ciddi şəkildə pozan bir qrup şəxs parlamentdə ziyan vurublar. Məntiq etibarı ilə bunun təşkilatçıları və bu ziyanı vuranlar normal, sivil ölkələrin hər birində cəzalarını almalıdırlar. Bir qrup insan parlamentə girir, zorakılıq edir, ona ziyan vurur, hüquq mühafizə orqanları onların qarşısını alır, amma bu cinayət hadisəsinə siyasi rəng verməyə başlayırlar. Keti Pirinin təmsilçisi olduğu ölkənin parlamentinə bu cür insan soxulsaydılar, onlar qarşısında ağ bayraq qaldırılacaqdı? Düşünürəm ki, onlar daha sərt şəkildə buna qarşı iradə nümayiş etdirəcəkdilər və o dövlətə tamamilə haqq qazandırmaq lazım gələcəkdi. Amma "”Human Rights Watch" və bu kimi təşkilatlar səslərini belə çıxarmadılar. Ermənistanda addımbaşı insan hüquqları pozulur, lakin hər hansı bir irad Paşinyan və onun komandasına göstərilmir. 30 ilə yaxındır ki, ərazilərimiz işğal altındadır, amma bu təşkilatlar işğalçının yanındadırlarr. Onların siması budur”.
Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - Foto
Deputat istənilən halda Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır: “Avropa İttifaqının 9 üzvü Azərbaycanla strateji tərəfdaşlığa malikdir. Biz bu və ya bunabənzər bəyanatlara xüsusi enerji sərf etmədən Avropa ilə əməkdaşlığı gücləndirməliyik. Buna yeni-yeni elementlər əlavə etməliyik. Bu əməkdaşlıq təkcə o doqquz üzvlə yox, bütövlükdə Avropa İttifaqı ilə strateji əməkdaşlığa çevrilməlidir. Ölkə prezidentinin aparmış olduğu siyasət məhz bu istiqamətdə aparılır. Ortada olan kiçik fikir ayrılıqları tezliklə aradan qalxacaq. Azərbaycanın maraqların uyğun şəkildə biz onlarla yeni əməkdaşlığın təməlini qoyacağıq. Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində çox ciddi rol oynayır. Rusiyanın inhisarından çıxmaq üçün Avropa İttifaqı Azərbaycan və ölkəmiz vasitəsilə Türkmənistan qazını Avropaya daşıyaraq, nəhayət özünün enerji ehtiyaclarını təhlükəsiz şəkildə, Rusiyadan asılı olmayan bir vəziyyətdə təmin etməyə nail olacaq. Bu da ölkəmizə əlavə üstünlüklər və dividentlər gətirir. Azərbaycan demokratik inkişaf yolunu seçib. Biz bu yolu davam etdirməliyik”.
Partiya sədri Rusiya ilə münasibətlərdən də danışdı: “Rusiya ilə münasibətlərimiz mehriban qonşuluq münasibətlərinə söykənir, strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Biz bu münasibətləri də davam etdirməliyik. Çalışmalıyıq ki, bu tərəfdaşlıq Rusiyanın özü tərəfindən də ciddi şəkildə nəzərə alınsın, bu əməkdaşlığa ciddi şəkildə əhəmiyyət verilsin, Ermənistanın silahlandırılmasına, bu günə qədər himayə, müdafiə olunmasına son qoyulsun. Diplomatiyamız xarici siyasətdə bu işi görməlidir. Bu gün ölkəmizin digər bir amilə görə də mövqeyi güclüdür. Bu da qardaş Türkiyənin beynəlxalq səviyyədə ciddi bir siyasi oyunçuya çevrilməsidir. Son Tovuz döyüşlərində Türkiyə rəhbərliyinin rezonas doğuran bəyanatlarının şahidi olduq. Tam əminəm ki, qardaş ölkənin Cümhurbaşqanı, çox hörmətli Rəcəb Tayyib Ərdoğan Türkiyənin əvvəlki dövlət başçılarından fərqli olaraq verdiyi bəyanatın altından xüsusi qol çəkərək, onu hər zaman reallaşdırmaq iradəsinə malikdir. Uzun illər Avropa ilə bir olan, NATO içərisində bərabər addımlayan Türkiyənin o dövlətlərlə hansı problemləri yaşadığını gördük. Qardaş ölkəni qapaz altına salmağa çalışdılar, ancaq buna nail ola bilmədilər. Bu gün güc mərkəzləri Azərbaycanı da qapaz altına salmağa çalışırlar. Amma onlar buna nail ola bilməyəcəklər. Çünki xalqımızın iradəsinə söykənən güclü liderimiz, sarsılmaz, qətiyyətli mövqeyə sahib prezidentimiz var. Biz prezidentimizlə bərabər xalqımızın ona verdiyi ciddi dəstəyə söykənərək bu və ya bunabənzər çətinlikləri aradan qaldıra biləcəyik. Dövlətimiz üçün narahatçılıqları görüb, hiss edirəm. Mən də bu təhdidlərdən narahatam. Amma düşünürəm ki, bunlar dövlətimiz, onun siyasəti üçün ciddi şəkildə qiymətləndiriləcək təhdidlər səviyyəsində deyil”.
Musavat.com
Tarix: 25-08-2020, 20:34
Xəbəri paylaş



Xəbər lenti