Ölkə başçısı bir müddət əvvəl demişdi ki, icra başçısının fəaliyyətinə həmin rayona qoyulan investisiyaya əsasən qiymət verəcək. İnvestisiyaların qoyulması həm də yeni iş yerlərinin açılması deməkdir. Hesab edirəm ki, bəzi icra başçıları bu işlərin öhdəsindən gələ bilmir.
Bunu Axar.az-a deputat Vahid Əhmədov Prezident İlham Əliyevin avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Deputat bildirib ki, Prezidentin icra başçılarına tövsiyələri çox önəmlidir:
“Hazırda ölkədə çox ciddi kadr islahatları həyata keçirilir, bir sıra icra başçıları, adı korrupsiya hallarında keçən məmurlar həbs edilir. Ölkə rəhbəri yeni təyin etdiyi icra başçılarına öz tövsiyələrini verib xəbərdarlıq edir ki, təmiz işləyin, sakinlərlə əlaqə saxlayın. Prezident icra başçılarına deyir ki, bütün kəndləri gəzin, əhalinin dərd-sərini öyrənin ki, problem yaranmasın. Bu cür tövsiyələrin verilməsinə əsas səbəb Azərbaycanda yeni bir dönəmin başladılmasıdır. Yəni bunlar rüşvətin, korrupsiyanın kökünü kəsmək üçün atılan addımlardır”.
Deputatın fikrincə, gənc icra başçıları Nazirlər Kabineti və Milli Məclislə birgə işləməlidirlər:
“Düşünürəm ki, onlar rayonlarda əldə etdikləri məlumatları mərkəzi icra orqanlarına çatdırmalıdırlar. Bu, böyük əhəmiyyət kəsb edir və ciddi məsələdir. Ola bilsin ki, gənc kadrların böyük təcrübələri yoxdur, lakin yavaş-yavaş öyrənəcəklər. Əsas odur, ölkə başçısının verdiyi tövsiyələri yerinə yetirsinlər. Yəni rüşvət və korrupsiya ilə məşğul olmasınlar. Daha çox insaların tələblərinə uyğun hərəkət eləsinlər. Artıq Azərbaycanda ciddi kadr dəyişiklikləri gedir, qanunların həyata keçirilməsi üçün mühüm addımlar atılır. İcra başçıları da bu işə öz töhfələrini verə bilərlər”.
Tarix: 25-08-2020, 14:05