Azərbaycanın “Josef atası”nın sonu: Mehdiyevizmin süqutu, yoxsa revanş?





“Qulliver” Abel(iks) Məhərrəmovun tost deyərkən “Biz xırda adamlarıq” söyləməsi tarixi kəlam idi. Bu, feodal təfəkkürün məhsuluydu.
Eks-rektor çıxışı ilə özlərinin “liliputlar əyaləti”ndə “boz kardinal” Ramiz Mehdiyevi hələ də “kral” görmələrini ifadə edirdi. 
Conatan Sviftin “Qulliverin səyahəti” monarxiya quruluşunun, saray eybəcərliyinin sifətinə çırpılmış bir əsərdir. 
Və “çarıqlı milyoner” fizik - Abel müəllim traybalizmin pərəstişkarı kimi öz fanatikliyini, bütə sitayişini toy mərasimində gizlətmir.
Amma onun şəxsiyyətinə pərəstiş etdiyi büt “xaç atası” saydığı R.Mehdiyevdir, ölkə rəhbərliyi yox...
Bu məclisi həm də iqtidardan qovulanların, küskünlərin toplantısı adlandırmaq olardı. A.Məhərrəmov isə təkcə akademikin nəvəsinin şad gününə yox, Mehdiyevin ətrafına sığınmışdı. Deməli, “əzələ nümayişi” imiş.
Amma qocalmış sümüklərlə və hikkəli, çürük intiqam hissi ilə çox irəli getmək olmazdı. Necə ki, belə də oldu. Toy mərasimində görüntülənən kim varsa hamını bir-bir polisə gətirdilər, Mehdiyevin kürəkəni və qudanı qandallayıb 15 sutkalığa göndərdilər, qalanlarını  - Siyavuş Novruzovla xanımını, Abel Məhərrəmovu, Əli Abbasovu, videonu yaydığı deyilən müğənni Aysel Teymurzadənin əri olan Filarmoniyanın direktoru Murad Adıgözəlzadəni cərimələdilər. 
Anaxeber.info diqqət çəkir ki, əslində İnzibati Xətaya görə qandal düşmür, amma Mehdiyevin kürəkəninin və qudasının qoluna qandal vurmaq simvolik mesaj idi.
Eyni zamanda kəsilən 400 manat cərimələr də nə deputatla ombudsman xanımı, nə sabiqlər üçün əhəmiyyətli məbləğdir, sadəcə, onların xalqın gözünün qarşısında nümayişkəranə şəkildə cəzalandırılması Mehdiyevin aqoniya vəziyyətində olan, intriqabaz, qisas arzuları ilə yaşan klanına artileriya zərbəsiydi. 
İndi ahıl akademik otağında var-gəl edir, yazdığı kitab-kitab siyasi konspektləri xatırlamağa, tarixə ekskursiya etməyə, revanş üçün yollar axtarmağa çalışır. Bəli, “boz kardinal” cavab atəşi haqda düşünür, necə ola bilər ki, siyasi iqtidarın vaxtilə ideoloqunu belə sındıra bilirsiniz?
Amma nahaq revanş planlarını qurur, onun süqut etmiş qruplaşması və digər hikkəli sabiqlərin Napaleonsayağı “düşmənimin düşməni mənim dostumdur” yanaşması, Mehdiyevə yaxınlaşmaq, islahatçı komanda əleyhinə koalisiya qurmaq projesi “ölü doğulmuş” layihədir.
Artıq prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva, fornalaşan yeni siyasi elita, gənc nazirlər Azərbaycanı əvvəlki görmək istəmirlər. Əgər buna müqavimət olacaqsa, prezident daha sərt tədbirlər görəcək, hətta ciddi addımlar atacaq. Necə ki, bu gücü göstərdi.
Mehdiyevin kürəkəninin məhkəməsinə jurnalistlərin buraxılması, bloqçu Ata Abdullayevin belə salona daxil olub sabiq deputat İ.Əliyevin üzünə “dişinin dibindən çıxanı” söyləməsi hakimiyyətin köhnə qvardiyaya çatdırdığı bir ismarış idi - ölkəni biz idarə edirik və sizdən fərqli olaraq, bu dövlətdə yaşayanları ağlarla qaralara bölmürük, qanun hamıya şamildir.
Bununla da prezident “5-ci kolon”un nəfəsini kəsmiş oldu. Ölkəni heç bir halda saraydaxili qruplaşmaların qovğa meydanına çevirmək olmaz.
Ölkə rəhbərinin islahatlarının fəlsəfəsi həm də avantürüst, qalmaqalpərəst, xəyanətkar qüvvələri iqtidarın içindən təmizləmək idi.
Anaxeber.info məlumat verir ki, bu mübarizə pandemiya dövründə yeni mərhələyə daxil olub və islahatçı qanadla ənənəvi qruplaşmanın savaşı açıq müstəviyə keçib.
Bundan sonra R.Mehdiyev bütün “kart”ları açaraq payız döyüşünə hazırlıq görəcək. 
O baxımdan qarşıdurmanın sərt fazaya keçməməsi, müxtəlif məkrli təxribatların baş tutmaması üçün karantinin uzadılması qaçılmazdır. 
Əslində “Yasamal işi”ndən başlayaraq toy məclisinə qədər uzanan proses gizli şəkildə gedirdi, mehdiyevçilər sabotajla məşğul olurdular və indi qaydasız döyüş zamanı yetişib. 
Biz qarşıda elə fiqurlar, elə simalar, elə müttəfiqlər görə bilərik ki, sadəcə, hadisələri izləmək lazımdır. 
Ramiz Mehdiyev isə artıq boz kardinal statusunu itirməkdədir. Bu ifadənin mənası pərdəarxasında dövlət idarə etmək anlamı verir.
XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdı. 
Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir.
Fransada xalq arasında Rişelyöyə “qırmızı kardinal” adı verilmişdi. Lakin Rişelyönün arxasında heç bir vəzifə tutmayan, amma bütün məsləhətlərini baş nazirin ciddi nəzərə aldığı Kapusinlər ordeninin sadə rahibi Josef ata dururdu. 
Bundan xəbəri olanlar Jozefə kapusinlərin xarakterik geyimi - boz rəngli cübəssinə görə “boz kardinal” adı vermişdilər. 
O zamandan hakimiyyətdə üzdə görünməyən, lakin arxada mühüm məsələlər üzrə qərarların qəbul edilməsində ciddi rol alan şəxslərə “boz kardinal” deyirdilər. 
Azərbaycanın “Josef atası” - R.Mehdiyev isə pərdəni qaldırdı, səhnə açıldı, bundan belə dövlətin başçısı ona xəyanət edənləri əfv etməyəcək. 

Turan
Anaxeber.info üçün
Tarix: 24-08-2020, 09:35
Xəbəri paylaş



Xəbər lenti