Ağ Evdə ilk qaradərili qadın: Bayden afroamerikalıların könlünü alır?

Kaliforniya senatoru Kamala Harris vitse-prezidentliyə namizəd göstərildi; Elxan Şahinoğlu: “Floydun qətlinə görə qaradərililərin etirazlara başlamasından sonra Baydenin onların səsini qazanmaq cəhdi şansını artırır”

Demokratların seçkidəki namizədi Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərib.  O, prezident seçkilərində əsas partiyadan ilk qaradərili qadını seçməklə tarixi addım atmış oldu.
Harrisin seçimi eyni zamanda Baydenin prezident Donald Trampı məğlub etməsi üçün qaradərili seçicilərin oynadığı rolu göstərir.
 
Demokrat Partiyasından namizədliyini irəli sürmüş Kamala Harris ilkin seçkilərdə Baydenin rəqibi olub.
 
55 yaşlı Harris Kaliforniya ştatından birinci müddətə senator seçilib və partiyasının nüfuzlu fiqurlarından biridir.
 

Kamala Harris
Harris 2020-ci il prezident seçkilərində Baydenin kampaniyasına ölkədə görünməmiş böhranlı bir dövr qoşulur. Koronavirus pandemiyası nəticəsində ABŞ-da 150 000-dən çox insan həyatını itirib.
Bizneslərin bağlanması və iqtisadi fəaliyyətlərin məhdudlaşdırılması iqtisadi tənəzzülə yol açıb. Ölkə boyu keçirilən nümayişlərdə isə amerikalılar irqçilik və polis zorakılığına qarşı etiraz bildiriblər.
Bu il seçkilərdə vitse-prezidentliyə namizədin seçimi olduqca böyük əhəmiyyət daşıyır. Əgər seçilsə, yanvarda inaqurasiya olacağı zaman 78 yaşlı Bayden Amerikada prezident postuna gələn ən yaşlı adam olacaq.
O, özü haqda keçid dövrü fiquru kimi danışır və 2024-cü ildə ikinci müddətə seçilmək planları barədə bir söz demir.
Əgər bunu etməsə, onun vitse-prezidentliyə namizədi nominasiya almaq üçün növbəti seçkilərdə önə çıxa bilər.
Birləşmiş Ştatlarda qadın nə prezident, nə də vitse-prezident vəzifəsində olub.  Bundan öncə iki qadın əsas partiyadan vitse-prezidentliyə namizəd göstərilərək, seçkilərə qatılıb.
Bunlar 1984-cü ildə Demokrat Ceraldin Ferraro və 2008-ci ildə Respubikaçı Sara Peylin olublar. Lakin onların partiyaları ümumi seçkilərdə məğlub olub.
Kamala Harris Yamayka və Hindistandan gələn mühacirlərin ailəsində anadan olub. O, 2003-cü ildə San Fransisko dairəsinin prokuroru vəzifəsinə seçilib. 2010-cu ildə Kaliforniya ştatının baş prokuroru seçilən Harris bu vəzifədə ilk qaradərili və ilk qadın olub.
Amma təhlilçilərin fikrincə, Baydenin bu jesti ABŞ-da polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floyda görə baş qaldırmış üsyanlardan sonra qaradərililərin könlünü almağa hesablanıb.
Eyni zamanda, Bayden Trampa qalib gəlmək üçün afroamerikalıların səsini almağa cəhd edir.
Ancaq Harrisin vitse-prezident postuna namizədliyinin irəli sürməsini Obama dövründən qalan siyasətin tərkib hissəsi kimi qiymətləndirənlər də az deyil. Hesab edilir ki, 2020-də Ağ Evdə növbəti qaradərili ola bilər.
Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Bayden əlinə düşən fürsətdən yaxşıca istifadə etmək istəyir.
Onun sözlərinə görə, ABŞ-da qaradərililərin səsini almaq ciddi nəticədir. Politoloq hesab edir ki, Floydun qətlindən və qaradərililərin bütün şəhərlərdə etirazlara başlamasından sonra Baydenin onların səsini qazanmaq üçün belə bir addım atması hiyləgər gedişdir.
“Üstəlik, Bayden Trampın reytinqinin yüksək olmadığını da görür. Və deyim ki, bu jestindən sonra Baydenin prezident seçilmək şansları daha da artdı”, - deyə ekspert vurğuladı.
Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər ...
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova Trampın onsuz da vəziyyətinin yaxşı olmadığı bir vaxtda növbəti “zərbə” almasının seçkilərə yeni rəng qatacağı qənaətindədir.
Onun fikrincə, Bayden afroamerikalıların səsini qazanarsa, Trampın qalib gəlmək şansları daha da azalacaq: “Rəy sorğularında Tramp geri qalır. Pandemiyanın yaratdığı iqtisadi problemlər Amerika prezidentinin əleyhinə işləyir.
Trampın dövründə qaradərililərin üsyana qalxması da ona mənfi xal gətirdi. Bayden gedişatdan əla istifadə edir".
Ekspertin sözlərinə görə, Trampın buna cavabının nə olacağı da maraqlıdır: “Hər halda əl-qolunu sallayıb boş oturmayacaq.
Seçkilər noyabrda keçiriləcək və o vaxta qədər Tramp təbliğat kampaniyasında seçiciyə yönəlik əhəmiyyətli addımlar ata bilər. Onun əsas niyyəti ölkədə iqtisadi şəraitlə bağlı irəliləyiş əldə etmək və seçicini bu yolla qazanmaqdır. Koronavirus isə Amerikanı böyrüüstə qoyub".
Emil SALAMOĞLU
Tarix: 13-08-2020, 08:14
Xəbəri paylaş



Xəbər lenti