Belarus: ya ikinci tur, ya “ikinci Maydan”- seçkinin favoriti bu qadındır



Svetlana Tixanovskaya: “Lukaşenko hakimiyyəti ilə yaşamaqdan yorulduq”


Sabah, avqustun 9-da Belarusda kritik prezident seçkisi keçiriləcək. Qeyd edək ki, pandemiya səbəbindən avqustun 4-dən etibarən prezident seçkisində səsvermə başlayıb. Üç gündə isə seçicilərin 22% -dən çoxu səs verib. Avqustun 9 və 10-da isə seçkiyə yekun vurulacaq. 
Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko ilə yanaşı, Svetlana Tixanovskaya, parlamentin keçmiş deputatı Anna Kanopatskaya, Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçeni və "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyev mübarizə aparır.
Məlumdur ki, Lukaşenko əksər rəqbilərini müxtəlif ittihamlarla həbs etdirib. Vladimir Nepomnyaşi, Sergey Tixanovski, Viktor Babariko saxlanılıb. Tanınmış bloger Sergey Tixanovskiyə öz namizədliyinin qeydə alınmasına imkan verilməyib. Onun yerinə namizədliyini irəli sürmüş xanımının xeyrinə imza toplanması zamanı isə Sergey Tixanovskini həbs ediblər. Digər bir namizəd, bankir Viktor Babarikonun seçkiqabağı qərargah təşkil etdiyi “Belqazprombank”ın ofisində axtarış aparılıb, o və onun keçmiş əməkdaşlarının bir çoxu həbs edilib. Daha bir namizəd olmaq istəyən Yüksək Texnologiyalar Parkının (YTP) keçmiş rəhbəri Valeri Sepkalonu qeydiyyata almayıb və o da həyatı təhlükəsi səbəbindən ölkəni tərk edib.

Əvvəllər bir-birinə qarşı rəqabətdə olan müxalif qüvvələr isə birləşərək xanım Tixanovskayanın ətrafında toparlanıblar. Üstəlik, həbsdə olan hər iki namizədin xanımları da Svetlananı dəstəklədiklərini elan edib.

Bir neçə gün əvvəl Rusiyanın tirajlı saytlarından olan lenta.ru-nun Svetlana Tixanovskaya ilə müsahibə dərc etməsi bəzi haqlı suallar doğurub. Bildirilir ki, Lukaşenkonun rəqibinə bu cür kritik bir dönəmdə söz haqqı verilməsi Moskvanın Lukaşenkonun “acı dilinə” və son hərəkətlərinə (33 rusiyalının həbsi və sair) cavab kimi qiymətləndirə bilər.
S.Tixanovskaya müsahibəsində Lukaşenkonun ünvanına sərt ittihamlar səsləndirib. Onun məlum müsahibəsindəki bəzi sitatlara diqqət edək.
“Mən Lukaşenkodan heç olmasa ona görə yaxşıyam ki, bu postdan gedəcəyəm. Mən bu postda uzun müddət qalmayacam. Köhnə konstitusiyanın qayıtması ilə (1994-cü ilin ilkin redaksiyasında) insanlara onların konstitusiya hüquqlarını verəcəyəm. Belaruslar söz azadlığı, seçim hüququ əldə edəcəklər, prezident postunda qalma müddəti məhdudlaşdırılacaq. Buna görə də daha yaxşı olacağı dəqiqdir — ölkəmizdə adamların çox uzun zamandır gözlədikləri dəyişikliklər baş verəcək”.
Xanım namizəd deyib ki, belaruslar son bir ildə oyanıblar: “Bizim dəyişikliklərlə bağlı tələbimiz çox yüksəkdir, biz öz xalqını müdafiə etmək əvəzinə kobudluq edən hakimiyyətdə yaşamaqdan yorulduq”.

Mütəxəssislərin ümumi rəyi belədir ki, əgər Lukaşenko bülletenləri saxtalaşdırmadan saymağa imkan verərsə, Tixanovskayanın qələbə qazanma ehtimalı yüksəkdir.
Bildirilir ki, Lukaşenkonun inzibati resursun köməyilə “əmək kollektivləri”ndə təşkil olunmuş görüşlər keçirmək planı alınmayıb, Svetlana Tixanovskayanı isə hər yerdə “dünyanın məşhur pop ulduzu kimi qarşılayıblar”.

Bəs, sabah və ya ilkin nəticələr elan olunanda nə baş verə bilər? Belarus hakim elitasında, ilk növbədə, güc blokunda parçalanma əlamətinin olmaması belə güman etməyə əsas verir ki, Lukaşenko hakimiyyətini saxlamağa nail olacaq. “MSK Lukaşenkonun 80%-dən çox qazandığını deyəcək, digər namizədlər isə səxavətlə 5% civarında səs alacaqlar” deyə, dw.com yazıb.
Ölkədə obyektiv sörğular yoxdur. Amma Rusiyanın “Moskovskiy komsomolets” saytı yazır ki, müstəqil sosioloji şirkət olan Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna görə, Tixanovskaya Lukaşenkonu 3% üstələyir. “MSK səsləri vicdanla sayacağı təqdirdə prezident seçkilərinin ikinci turu qaçılmazdır” deyə, xəbərdə bildirilir.
Rəyi soruşanların 31%-i Svetlana Tixanovskaya, 28%-i Lukaşenkoya, 18%-i "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyevə, 4%-i Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçenə, Anna Kanopatskaya isə 3% səs verməyə hazırdır. 7% hamıya qarşı səs verməyə hazırdır, 9% isə qərar verməyib. Seçici fəallığın 79% olacağı gözlənilir.
Sosioloqların fikrincə, sorğuda iştirak edənlərin yalnız 27% -i hesab edir ki, pandemiya səbəbindən prezident seçkisi ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Digər tərəfdən, səslərin sayılması ədalətli olarsa, ölkəyə prezident seçkilərinin ikinci turuna zəmanət verilir.

Aydındır ki, ikinci tur olmalıdır. Amma Belarusda elə bir sayma sistemi var ki, seçicilərə ümumiyyətlə ehtiyac yoxdur. Bu baxımdan seçkilərdən sonra kütləvi toqquşmalar, hətta “ikinci Maydan” gözlənilir. Bildirilir ki, Lukaşenkonın geri çəkilmək üçün yeri yoxdur, ona görə də hakimiyyətdə qalmaq üçün istənilən üsula əl atmalı olacaq. Erkən səsvermə isə təbii ki, hakimiyyət üçün əlverişlidir, çünki belə olduqda nəticələrə nəzarət etmək və "yönləndirmək" daha asandır.
Bu arada məlum olub ki, rus ulduzların Lukaşenkoya dəstək üçün verəcəkləri konsertlər ləğv edilib. Bunu isə Moskvanın narazılığı kimi də izah etmək olar./Musavat.com/
 


Tarix: 8-08-2020, 08:12
Xəbəri paylaş



Xəbər lenti