
Elşən Mustafayev: “Azərbaycan kimi gəldi “dost” adlandırmaqdan uzaq durmalıdır”
Ermənistanın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təxribatdan sonra ortaya çıxan bir çox məsələlərdən biri də Azərbaycanla münasibətləri olan Serbiya və İordaniyanın işğalçı Ermənistana silah satması oldu. Serbiyanın ardınca İordaniyanın Azərbaycana xəyanəti üzə çıxdı. Buna görə İordaniya səfiri də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və izahat istənilib. Bəzi diplomatlar isə bildirirlər ki, İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksi köhnə silahlardır və buna görə İordaniya ilə münasibəti pozmağa dəyməz. Bəs, Serbiya və İordaniyanın hərəkəti yalnız maddi maraqdan irəli gəlir, yoxsa Azərbaycanın bölgədə güclənməsini istəməyən qüvvələrin işbirliyidir?Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, bəzi ölkələrin Ermənistana silah satma səbəblərini müxtəlif cür izah etmək olar. Serbiyanın silah satması məsələsinə gələndə ilk baxışda görmək lazımdır ki, Avropada Serbiya hansı mövqedədir, dostu kimdir, düşməni kimdir: “Ən azından Serbiya Rusiya ilə çox yaxın münasibətlərə malikdir. Hətta deyərdim ki, onun yeganə güclü dəstəkçisi də Rusiyadır. Əgər bu gün Serbiya Ermənistana hansısa silahları satırsa hesab edirəm ki , bu Rusiyanın istəyi ilə həyata keçirdilir. Yaxud ən azından bu alış verişdən öncədən məlumatlı olub və xeyir duasını da verib.
Elşən Mustafayevİordaniyaya gəlincə isə çoxları Ermənistanla bu alış-verişi gözləmirdi. Mən isə buna təəccüb etmədim. Heç kimə sirr deyil ki , ermənilər bir sıra ərəb dövlətləri ilə çox isti münasibətlərə malikdir. Onların içində öndə olanlardan biri İordaniyadır. Onlar üçün belə məsələlərdə din anlayışı-filan yoxdur, ən uzağı millət anlayışı var ki, o da bir çox hallarda daxili auditoriya üçün hesablanır. Çox güman ki, bu sövdələşmədən Kral Abdullahın məlumatı olub və ola bilsin ki, hətta göstərişi belə, o verib. Əminəm ki, burada söhbət bir neçə milyon qazanc əldə etmək niyyətindən getməyib. Əgər İordaniyanın həmin bir necə milyona ehtiyacı olubsa və çıxılmaz vəziyyətdə bu silahları satıbsa onu ayrı cür müzakirə etmək olardı. Ancaq məlumdur ki, həmin məbləğə ehtiyac olmayıb, eyni zamanda Azərbaycan Ermənistan münasibətlərini İordaniya yaxşı bilir. O zaman dost dediyin din qardaşlarını öldürmək üçün səndən istənilən silahları niyə satırsan? Əgər Azərbaycan İordaniyanın, Serbiyanın belə addımları ata biləcəklərini öncədən hesablaya bilməyibsə, bu artıq belə işlərlə məşğul olan diplomatların peşəkarlıq problemlərindən irəli gəlir".
Ekspert onu da dedi ki, ərəb liqasına daxil olan dövlətlərin çoxundan belə addımı hər zaman gözləyə bilərik: “Mən bunu təəssüflə qeyd edirəm. Amma bu, reallıqdır. Bunun üçün həmin dövlətlərin son 20-25 ildəki xarici siyasətlərinə baxmaq kifayət edər. Azərbaycan isə kimi gəldi ”dost" adlandırmaq xüsusiyyətlərindən uzaq durmalıdır. Çünki əks halda həmin dost bildiyimizmiz dövlətlər belə addımlar atanda təəccüb etməyək və onlara adekvat cavablar vermək istəyəndə buna mane olacaq mənəvi məsuliyyətimiz də olmasın. Həm də indi bütün tv-lərdə bizim dost bildiyimiz filan ölkə filan addımı atdı deməyimizə də ehtiyac qalmayacaq".
Tarix: 29-07-2020, 10:04