“Qondarma rejim bu günədək tanınmayıbsa, bu gündən sonra da tanınmayacaq”




Ermənistan Respublikası bu yaxınlarda yeni təhlükəsizlik konsepsiyası qəbul etdi və ardınca Dağlıq Qarabağ qondarma rejiminin də belə bir sənəd qəbul etməsi gözlənilən idi. ”Artsax” dedikləri qondarma rejimin təhlükəsizlik şurasının katibi vəzifəsini daşıyan Samvel Babayan bu gün təhlükəsizlik konsepsiyasının yeni Strategiyasını açıqlayıb. Yeni kimi təqdim edilsə də, kökündə köhnə planın davamı olan bu strategiyadan məlum olur ki, “..millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsipi Artsax ermənilərinin taleyini həll etmək müstəsna hüququ kimi Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsasını təşkil edəcəkdir. Artsax münaqişə obyektindən, danışıqlar masasına qayıdır və bununla da Artsax xalqının seçdiyi hakimiyyətin subyekti olur. Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmasının alternativi yoxdur.
Artsaxın təhlükəsizliyi auksiona çıxarıla bilməz. Yuxarıda göstərilənlərin tarixi, siyasi və hüquqi zəminində Artsax Respublikası Təhlükəsizlik Şurasının ofisi maraqlı tərəflərin iştirakı ilə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək, Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün konsepsiya hazırlayacaqdır” - deyə Samvel Babayan açıqlamasında bildirib.
 
Bu sənəddə Dağlıq Qarabağın müstəqil olma bəndi “münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil etməsi” İrəvanın qəbul etdiyi konsepsiyanın təkrarıdır. Danışıqlarda “subyekt” olaraq iştirak etməsini şərt kimi irəli sürməkləri də Paşinyandan gələn ideyadır və ATƏT-in son bəyanatında bu kəskin tənqid olunub.
 
Maraqlı olan “münaqişənin həlli üçün yeni konsepsiyanın hazırlanacağı və ictimaiyyətin müzakirəsinə verilməsi” ideyasıdır. Tərəf kimi danışıqlarda iştirakı qəbul olunmayan qondarma rejimin nə hazırlaması özünə qalacaq, amma burda “maraqlı tərəflər” deyəndə həmsədrlər də nəzərdə tutulur. Son vaxtlar Azərbaycan tərəfindən haqlı olaraq tənqid olunan, amma son bəyanatında “açıq tənqidin” gərginliyə səbəb olduğunu deməklə ünvanına tənqid qəbul etməyən ATƏT-in Minsk Qrupu qəbul edəcəkmi?
 
Erməni separatçıları yeni hazırladıqları sənəddə və ümumiyyətlə yeri gəldi gəlmədi öz xeyirlərinə, maraqlarına uyğun olan nə varsa onun “altrenativi yoxdur” deyir. Baxın, “Dağlıq Qarabağın müstəqi olmasının alternativi yoxdur”, “Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur”, ”Artsaxın danışıqlarda tərəf olmasının alternativi yoxdur”, indi də “Artsaxın beynəlxalq tanınmasının alternativi yoxdur” - deyirlər.
 
Bizsə: “bal kimi də var” deyirik!. 
 
Birincisi, alternativi olmayan Azərbaycanın ərazi bütövlüyüdür ki, bunu həm də beynəlxalq hüquq tanıyır.
 
İkincisi, münaqişənin sülh danışıqları adı altında 26 il uzadıb işğal davam etdirilirsə alternativi var: Vətən müharibəsi yolu ilə torpaqlarımızı düşmən işğalından azad etmək!
 
Üçüncüsü, Azərbaycan torpaqlarını Ermənistan işğal etdiyi üçün, danışıqlarda yalnız işğalçı iştirak edə bilər və bu mövcud formatın alternativi yoxdur!
 
Dördüncüsü, qondarma rejim bu günədək tanınmayıbsa, bu gündən sonra da tanınmayacaq və böyüklüyündən, kiçikliyəndən asılı olmayaraq hansı dövlətin tanımasından asılı olmayaraq, torpaqların azad edilməsi yolunda Azərbaycan xalqı durduqca mübarizə aparmasının da alternativi yoxdur, olmayacaq da!
 
Azərbaycan diplomatiyasının perspektiv planı müəyyənləşdirilib - Hücum diplomatiyası! Hücum diplomatiyasının xarakterik xüsusiyyətləri nədən ibarətdir, yəqin ki, yeni rəhbərlik qısa müddətdə bunu düşmənə göstərəcək. Biz hazırda Qarabağ işğalının elə mərhələsindəyik ki, bizim hərbidə də, diplomatiyada da hücum və sərt addımlardan başqa alternativimiz yoxdur...Moderator
 
İlham İsmayıl
 
Təhlükəsizlik məsələləri üzrə ekspert
Tarix: 28-07-2020, 08:09
Xəbəri paylaş



Xəbər lenti