Azərbaycanlılar ermənilərlə birgə atəşkəsə aid film çəkdi- Gerçəyi malalamaq cəhdi...


“Bu, münaqişə deyil, Azərbaycan torpaqlarının işğalıdır- vəssəlam!..”
“Torpağı işğal olunmuş xalqı barışığa sürükləmək isə ona qarşı növbəti ədalətsizlik və xəyanətdir...”



Bir qrup erməni və azərbaycanlı rejissor  Qarabağda atəşkəsin imzalanmasının 26-cı ildönümündə  münaqişə ilə bağlı film hazırlayıblar. 

Moderator.az  Rusiya mediasına istinadla xəbər verir. 

“Bu film çətin siyasi şəraitdə əməkdaşlıq imkanlarını nümayiş etdirir”-  layihəni dəstəkləyən  "Barışıq resursları" adlı Britaniya qeyri-hökumət təşkilatı belə hesab edir.

26 il əvvəl - 12 may 1994-cü ildə Dağlıq Qarabağda münaqişə tərəfləri atəşkəs razılaşması imzalayıblar. Bu hadisəyə həsr edilmiş  film  belə adlanır: “Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi.  Ermənilər və azərbaycanlılar arasında uzun müddət davam edən qarşıdurma tarixinin"Barışıq Resursları" nın dəstəyi ilə çəkilmiş  salnaməsi." 

“Atəşkəs altı illik zorakılığa son qoydu. Ancaq o vaxtdan bəri davamlı danışıqlara baxmayaraq barışıq sazişi imzalanmadı. Ermənilər və azərbaycanlılar uzun sürən münaqişə şəraitində qalırlar və bunun sonu görünmür ”, - “Barışıq resursları” təşkilatının saytındakı açıqlamada belə deyilir.

 "Filmin müəllifi bir qrup erməni və azərbaycanlı kinematoqrafçıdır.  Film “Barışıq resursları” təşkilatının dəstəklədiyi konflikt ekspertləri tərəfindən hazırlanmışdır” -bunu təşkilatın Qafqaz  proqramının direktoru Lorens Broyer deyir.

Ermənistandan əsas tərəfdaş İrəvandakı Media Təşəbbüsləri Mərkəzi, Azərbaycandan isə Bakıdakı “İnternyus Azərbaycan” və  Humanitar Tədqiqatlar İctimai Birliyi olub.  Əsas müəlliflər Armen Sarkisyan, Tatul Akopyan, Şahin Rzayev və Əvəz Həsənovdur. Onlar birlikdə 2011-2016-cı illərdə film-triloqiya yaradıblar. Bu gün yayımladığımız film həmin trilogiyanın qısa icmalıdır və 2017-2019-cu illərdə arasında çəkilib” –deyə Lourens Broyer bildirib.

Onun sözlərinə görə, film 1988-ci ildə meydana çıxmasından tutmuş 2018-ci ildə Ermənistandakı "məxməri inqilab"a qədər hər iki tərəfdəki rejissorların perspektivlərini özündə birləşdirən Qarabağ münaqişəsindən bəhs edir və şahidlər, iştirakçılarla nadir, orijinal müsahibələrə əsaslanır.

 "Flmdə prezidentlərdən hərbi komandanlara qədər, həyatları alt-üst olmuş sadə insanlardan tutmuş ATƏT-in Minsk prosesi ilə bölgəyə sülh gətirmək istəyən danışıqlar aparanlara qədər danışır" –deyir L. Broyer.

O, layihənin 2011-ci ilin sonunda başlandığını və ilk üç filmin 2016-cı ilin əvvəlində tamamlandığını söyləyib. 

“Bu film Cənubi Qafqazda 100-dən çox kiçik nümayişdə göstərilib və ona 1500 nəfərə yaxın tamaşaçı baxıb. Layihənin əsas ideyası  münaqişənin hər tərəfinin apardığı iki  hekayəti birləşdirməkdir. Məqsəd bu gün bölgədə hökm sürən və zərərləri yalnız bir tərəfdən tanıyan və digər tərəfdən insan itkisini bir təbliğat olaraq qəbul edən mədəniyyətləri təşviq edən zəhərli informasiya müharibəsindən çıxış yollarını araşdırmaqdır" – L. Broyer belə deyib.

P.S. Dəfələrlə vurğulamışıq ki, 1988-ci ildən bu günədək Azərbaycan Respublikasının ərazisinin 20 faizində baş verən proseslər münaqişə yox, konkret olaraq Azərbaycan torpaqlarının işğalıdır- vəssəlam! Torpağı işğal olunmuş xalqı barışığa sürükləmək isə ona qarşı növbəti ədalətsizlikdir... Deməli, Ermənistan qoşunları və separatçı rejim gücləri Azərbaycan ərazilərini tərk etmədiyi halda xarici təşkilatların qrantları hesabına hansısa barışıq layihələri hazırlamaq, buna çağıran tədbirlər keçirmək, əsərlər yazmaq, filmlər çəkmək –  göz qabağında olan gerçəyi malalamaq, gizlətmək cəhdidir... 

Sultan  Laçın
Tarix: 13-05-2020, 10:59
Xəbəri paylaş



Xəbər lenti