Prezident karantinin sərtləşdirilməsindən danışdı: “Mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin ki...”

Prezident karantinin sərtləşdirilməsindən danışdı: “Mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin ki...”


“Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının geniş yayılmasının qarşısının alınması üçün və biz buna nail olduq. Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq”.

Cebhe.info xəbər verir ki, bunu mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında Prezident İlham Əliyev deyib.

“Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”,- deyə Prezident vurğulayıb.

Tarix: 7-05-2020, 20:07
Xəbəri paylaş



Xəbər lenti