İcra hakimiyyəti institutu ləğv edilə bilərmi – DEPUTAT RƏYİ


İcra hakimiyyəti institutu ləğv edilə bilərmi –     DEPUTAT RƏYİ

Cavid Osmanov: “Gələcəkdə icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə verilə bilər”

 

Rayon icra hakimiyyətləri (RİH) başçılarının və digər vəzifəli şəxslərinin ard-arda həbs olunması cəmiyyətdə ən çox müzakirə olunan hadisələrdəndir. Dövlət Təhlükəsizliyi Xidmətinin sonuncu belə əməliyyatı mayın 5-də İmişli rayonunda keçirilib, icra başçısının saxlanıldığı və barəsində məhkəmə hökmü çıxarılacağı bildirilir.

 

Bütün əməliyyatlar, həbslər rüşvət faktları, dövlət əmlakının mənimsənilməsi, vətəndaşlardan qanunsuz ödəmələr tələb olunması ilə əlaqədar həyata keçirilib. Və belə olanda icra hakimiyyəti institunun ya tamamilə ləğvi ya da səlahiyyətlərinin xeyli dərəcədə azaldılması və yerli özünü idarəetmə institutunun – bələdiyyələrin gücləndirilməsi, yerli idarəçilikdə əsas quruma çevrilməsi müzakirələri yenidən qızışır.

 

Mövzu ətrafında AYNA-ya açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Cavid Osmanov bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycan Prezidentinin hər zaman qarşıya qoyduğu priotet sahələrdən biridir: “Çünki Prezident dəfələrlə vurğulayıb ki, korrupsiya və rüşvətxorluq ilk növbədə insanları narazı salan amillərdəndir. Ən başlıcası da ondan ibarətdir ki, bu hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ona görə də son vaxtlar Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi, eləcə də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir çox neqativ halların aradan qaldırılması məqsədiylə tədbirlər müəyyənləşdirib və həyata keçirilib. Bunlardan bir neçəsi də yerli icra hakimiyyəti orqanlarında baş verən hadisələrdir”.

Butun sahelerde elde olunan ugurlar son 15 ilde gorulen islerin ...

“Amma bu, o demək deyil ki, neqativ halları bütün RİH başçılarına şamil etməliyik. Bəzi icra başçıları var ki, doğurdan da qarşıya qoyulan məsələləri rəhbər tutaraq fəaliyyət göstərirlər. Amma cızığından çıxmış və dəfələrlə olunan xəbərdarlıqlara adekvat cavab verməyən, korrupsiya və rüşvətxorluğa zəmin yaradan insanların hər biri mənfi addımları ilə dövlətçiliyə mənfi təsir göstərirlər. Ona görə də hüquq mühafizə orqanları vaxtaşırı belə tədbirlər keçirir və onları həbs edir”, - deputat vurğulayıb.

 

Müsahibimiz hesab edir ki, hazırkı durumda Azərbaycan idarəetməsində yerli RİH orqanlarının fəaliyyəti qaçılmazdır: “Çünki bu, əsasnamədə də öz əksini tapıb. Lakin zaman keçdikcə ola bilər ki, gələcəkdə məhz bələdiyyələrə bu hüquqlar verilsin. Amma mən bu gün icra hakimiyyətlərinin ləğv olunub, səlahiyyətlərinin bələdiyyələrə verilməsini düzgün hesab etmirəm”.

 

Osmanov son vaxtlar bələdiyyələrin də funksiyalarının getdikcə artdığını əlavə edib: “Həm bələdiyyə üzvlərinin müdafiəsi, həm də onların gəlirlərinin artması ilə bağlı Milli Məclisdə qanunlar qəbul edilib. Düşünürəm ki, zaman keçdikcə də bələdiyyələrin səlahiyyətlərini artırmaq məqsədilə bu addımlar artacaq. Onların da həm maliyyə imkanları, həm də səlahiyyətləri artdıqca, yerli vokal xarakterli fəaliyyət göstərən bir qurum kimi insanlarla daha çevik iş görəcəklər və görmələri üçün də gələcəkdə onlara icra hakimiyyətlərinin səlahiyyətlərini vermək olar”.

Tarix: 5-05-2020, 22:39
Xəbəri paylaş



Xəbər lenti