İlqar Məmmədovun Tofiq Yaqublu ilə bağlı dedikləri etiraz doğurdu - vəkildən sərt reaksiya

 

 

Nemət Kərimli: “Tofiq Yaqublu üzərindən öz siyasi alverlərini həyata keçirməyə çalışırlar”

Aprelin 28-də TV Müsavatın “Canlı debat” verilişində qonaq olan REAL Partiyasının sədri İlqar Məmmədovun səsləndirdiyi bəzi fikirlər geniş müzakirələr doğurub. 

Günlər öncə Ali Məhkəmənin Plenumunda bəraət alan, barəsində 234 min manat kompensasiya təyin edilən partiya sədrinin onunla eyni vaxtda, eyni iş üzrə həbs edilən Müsavat funksioneri, hazırda da həbsdə olan Tofiq Yaqublu haqqında nə üçün belə qərarların verilmədiyi yönündə söylədikləri daha çox diqqət çəkib. 

İlqar Məmmədov Əli Əliyevlə görüşdən imtina edib? - modern.az

İ.Məmmədovun dediklərindən sitat: “Əlamət düşüncəsi qaydası var. Siz iki hər hansı obyektə baxırsız və onun təsadüfi iki əlamətini götürür və onu eyniləşdirirsiz. Bizim iş hər kəsin işindən daha fərqlidir. Bu günə qədər bizim hüquqi baxımdan getdiyimiz yolu heç kim getməyib. Kimsə deyə bilər ki, İlqar Məmmədov da 6 il həbsdə yatdı, filankləs də, birinə bəraət verildi, o birinə yox. 6 il həbsdə yatmaqla deyil axı. Hüquqi baxımdan öz haqqını necə isbat etmisən? Hansı qərarlar əldə etmisən? O qərarlar sənin bəraət alman üçün kifayət edirmi, ya etmirmi? İndiyə qədər biz getdiyimiz hüquqi yolu, bu istiqamətdə, bu uzunluqda, bu genişlikdə heç kim getməyib. Biz Tofiq Yaqublu ilə nəinki eyni gündə həbs edilmişik, bizi həbs edən eyni prokuror idi, eyni hakimlər, eyni üzəduranlar idi. Bizə qarşı çıxarılan hökmlərin mətni də eyni idi. Bəs Tofiq Yaqublu o hüquqi yolu getdimi? Getmədi. 2013-cü il fevralın 4-də həbs olunduq. Fevralın 25-də, düz 3 həftə sonra mənim ərizəm ingilis dilində, Avropa Konvensiyasının 8 maddəsi ilə haqqımın pozulması ilə oradaydı. Bunun kommunikasiyası sentyabrda bitdi. Tofiq Yaqublunun işi üzrə şikayət 2 maddə üzrə verildi. Siyasi motiv komponenti ora daxil edilmədi. Ərizə mayda Avropa Məhkəməsinə çatdı, həm də Azərbaycan dilində çatdı. Bu da 1 il ləngimə deməkdir. Mənim Avropa Məhkəməsində kommunikasiyam qurtaranda Tofiq Yaqublunun kommunikasiyası hələ heç başlamamışdı”.

REAL rəhbərinin bu fikirləri daha çox tənqid hədəfinə tuş gəlib: “Biz niyyəti isbat etdik ki, qanunsuz tutulmanın arxasında başqa məram vardı. Amma Tofiq Yaqublu bunu etmədi. Biz eyni zamanda təqsirsizlik prezumpsiyasının pozulmasını isbat etdik. Çox əhatəli, hərtərəfli, hüquqi əsaslandırma hazırladıq. Təəssüf ki, hörmət etdiyimiz Tofiq Yaqublunun bu addımları bu dərinlikdə, bu intensivlikdə, bu genişlikdə olmadı. Ona görə də mən deyirəm ki, siz iki obyekti, iki hadisəni, iki şəxsi müqayisə edəndə onların zahiri əlamətlərinə baxmayın. Çünki zahiri əlamətləri müqayisə edəndə ilk gözə sataşan əlamətləri müqayisə edəndə eyni olur”. 

TOFİQ YAQUBLU VƏ VƏKİLİ CİNAYƏT İŞİNİN MATERİALLARI İLƏ TANIŞ OLUB

T.Yaqublunun vəkili Nemət Kərimli Musavat.com-a açıqlamasında kifayət qədər sərt danışdı: “İlqar Məmmədovun çıxışına qulaq asmamışam. Hər halda, Facebookda deyilənlərdən və sizin dediklərinizdən mənə müəyyən qədər aydınlıq gəlir. İlqar Məmmədov və REAL-çılar cəmiyyəti kifayət qədər aldatmaq istəyirlər. Bunu da daha çox Tofiq Yaqublu və onun vəkili olaraq mənim üzərimdən etməyə çalışırlar. Məsələ İlqar Məmmədovun dediyi kimi deyil. Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra öhdəliklər götürüb. Bunlardan biri İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya qoşulma oldu. Buna görə vətəndaş hüquqları qorunmalı idi. Əgər bunlar qorunmursa, hüquqi prosedurları keçib, Avropa Məhkəməsinə müraciət olunur. Bu məhkəmədə isə hüququn pozulub-pozulmadığı tanına bilər. Orada 46-cı maddədə açıq şəkildə göstərilir ki, Avropa Məhkəməsinin çıxardığı qərarlar qətidir. Bunun icrasına da Nazirlər Komitəsi nəzarət edir. 2004-cü il iyunun 11-də Azərbaycan Respublikasının Cinayət Prosessual və Mülki Prosessual Məcəlləyə bənd əlavə edildi ki, insan hüquq və azadlığının pozulması ilə bağlı yeni açılmış hallar üzrə icra adlı fəsil əlavə edilir. Həmin fəsilə görə, Avropa Məhkəməsində kiminsə hüquqlarının pozulması tanınırsa, həmin işə üç ay müddətində Plenumda baxılmalıdır. Plenum da baxıb qərar verməlidir. Ola bilər özü qərar qəbul edə bilər, ola bilər də ki, Ali Məhkəməyə, yaxud Apelyasiya Məhkəməsinə baxılması üçün göndərsin. Bu qaydalar 2004-cü ildə müəyyən olunub. Bunlar ölü doğulan norma oldu. Azərbaycan məhkəmələri Avropa Məhkəməsinin çıxardığı qərarlara yenidən açılmış hallar üzrə baxmırdılar. Bu birmənalı şəkildə belə idi. Heç kəs də tələb etmirdi, hamı pulunu götürürdü, yəni onun bu hissəsinə getmirdi. Avropa Şurası Nazirlər Komitəsi isə daim tələb edirdi ki, qərar icra olunsun. Burada isə təkcə kompensasiya verilməsi yox, həm də yenidən açılmış hallar üzrə baxılması nəzərdə tutulurdu. 

Tofiq Yaqublu başqan müavinliyindən getdi - Meydan.TV

Son dövrlərdə Nazirlər Kabinetinin 8 nəfər haqqında xüsusi qərarı var idi ki, onlardan biri İlqar Məmmədov, digəri isə Rəsul Cəfərov idi. Bunlar alverə getdilər. Plenum 2-3 dəfə işə baxandan sonra kompensasiya təyin etdi. Bu məsələni ört-basdır etmək üçün ona sual verildi ki, Tofiq Yaqublu səninlə eyni iş üzrə həbs olunmuşdu, ona yox, sizə nə üçün bəraət verildi. Bunu müxtəlif variantlarla izah etməyə çalışdı. Bir sözü ilə razıyam. Ədalətli məhkəmə araşdırması ilə bağlı işinə Avropa Məhkəməsində baxılıb, amma Tofiq Yaqubluya yox. Burada da çox qabağa getdiyini demək olmaz. Sadəcə, şikayət kimi vermişdi. Avropa Məhkəməsinin öz qaydaları var. Müəyyən etdiyi müddət yoxdur ki, nə vaxt işə baxacaq. Sadəcə olaraq, bir daha deyirəm ki, İlqar Məmmədovla bağlı işə baxılıb, amma Tofiq Yaqublu ilə bağlı işə yox. Amma “İsmayıllı işi” ilə bağlı Tofiq Yaqublunun azadlıq hüququnun məhdudlaşdırılması ilə əlaqədar Konvensiyanın 5-ci maddəsi ilə baxılıb və tanınıb ki, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri qanunsuz olub. Səhv etmirəmsə, bu qərar 2016-cı ildə verilib. 

Yəni onu demək istəyirəm ki, Tofiq Yaqublunun işinə baxıla bilər. Sadəcə, bunlar Tofiq Yaqublu üzərindən öz siyasi alverlərini həyata keçirməyə çalışırlar. Gah da vəkilin üzərinə fırladırlar ki, keyfiyyətli iş aparılmayıb. Azərbaycanda yüzlərlə Avropa Məhkəməsinin çıxardığı qərar var ki, hələ də bu işlərə baxılmayıb. Bunlar alverə getdilər, kompensasiya aldılar. Amma Tofiq Yaqublunun işini önə çəkirlər. Bir daha deyirəm ki, ədalətli məhkəmə araşdırmasında İlqarın işinə baxılıb, amma Tofiqinkinə yox. Bu tipli işləri olan digərlərinin işinə nə üçün baxılmır? Söhbətin əsas məğzi budur”.


Tarix: 29-04-2020, 17:52
Xəbəri paylaş



Xəbər lenti