İrəvan kimin “havasına” oynayır? – Rusiyalı politoloqlardan maraqlı şərhlər





Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı son fikirləri, bu zaman həm də Azərbaycanın ərazi bütövlüyü prinsipini xatırlatması satellit Ermənistanda az qala, isterik reaksiya doğurdu. Ermənistan rəhbərliyi xarici işlər naziri Zoqrab Mnatsakanyanın dili ilə növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, faktiki surətdə danışıqlar prosesinin üstündən xətt çəkən mövqe sərgilədi. 

Artıq bəllidir ki, Ermənistan XİN rəhbəri öz bəyanatında həyasızcasına “Azərbaycana heç bir ərazi güzəşti edilməyəcək” deyib. Halbuki beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələri təcavüzkar ölkədən hansısa güzəşt yox, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmağı tələb edir. Güzəşti isə yalnız Azərbaycan edə bilər.

Təbii ki, torpaq məsələsində yox, öz ərazi bütövlüyünü güc yolu ilə azad eləmək variantını nizamlama prosesi xətrinə ertələməklə. Ancaq bu təmkin sonsuzadək sürə bilməz. Daha dəqiqi, Bakının səbir limiti artıq bitib.

“Mnatsakanyanın son bəyanatı Qarabağ danışıqlarının növbəti raundunun pozulma ehtimalına dəlalət edir”. Rusiyalı siyasi təhlilçi Denis Korkodinov belə düşünür. 

Onun sözlərinə görə, pandemiya şəraitində Rusiya Yaxın Şərqdəki və Qafqazdakı konfliktlərdə iştirakının minimuma endirilməsində indi olduqca maraqlıdır: “Ona görə ki, koronovirusun iqtisadi nəticələri sosial partlayışı və siyasi vəziyyətin qarışmasını önləmək üçün diqqəti müstəsna olaraq daxili problemlərə yönəltməyə vadar edir”.

Politoloq hesab edir ki, məhz bu siyasət çərçivəsində Qarabağ münaqişəsi iştirakçılarına da təklif edilib ki, heç olmasa, pandemiya dövründə atəşkəs rejimini gözləsinlər. 

“Belə bir təşəbbüs habelə Rusiya sərhədləri ətrafında “təhlükəsizlik zolağı”nı təmin eləmək zərurəti ilə əlaqədardır. O məqsədlə ki, Moskvanın dəqiq zəmanəti olsun ki, COVİD-19 yayıldığı müddətdə Qarabağdakı münaqişə ocağından onun dövlət təhlükəsizliyinə heç bir təhdid olmayacaq. Di gəl, Ermənistan ümum-barışıq ideyasında da özünə təhlükə görür və onu siyasiləşdirməyə çalışır. Belə çıxır, İrəvandan ötrü özünün siyasi və ərazi ambisiyaları pandemiya problemi ilı üzləşən bəşəriyyətin təhlükəsizliyindən daha mühümdür. Ancaq Ermənistan gec-tez işğal etdiyi torpaqları tərk eləməli olacaq. Bu mənada Lavrovun söylədiklərində qeyri-adi heç nə yoxdur”, - deyə analitik əlavə edib.

Rusiyalı publisist və politoloq Maksim Şevçenko isə İrəvanın Moskvaya qarşı demarşını Vaşinqtondan verilən göstəriş hesab edir. Musavat.com-un məlumata görə, “Vestnik Kavkaza” portalına açıqlamasında o, Ermənistanın bu cür yanaşmanın Qarabağ konfliktinin dinc həlli prosesinə olduqca mənfi təsir etdiyini söyləyib.

“Görünən budur ki, “Ermənistan XİN-in davranışı xarici böyük tərəfdaşlar, öncəliklə də ABŞ diktə edir. Xatırladım ki, postsovet məkanında ən böyük ABŞ səfirliyi və Qafqazdakı ən böyük Amerika kəşfiyyat mərkəzi məhz İrəvanda yerləşir. Fikrimcə, indiki Ermənistan rəhbərliyinin mövqeyini Vaşinqtonun mövqeyi müəyyən edir”, - deyə o qeyd edib və vurğulayıb ki, Ermənistan ABŞ tərəfindən İrana hücum üçün plasdarm qismində görülür.

Politoloqun sözlərinə görə, rəsmi İrəvanın uzun illər nəticəsində hazırlanmış Moskva anlaşması, digər anlaşmalara münasibətdə güzəştsizliyi müasir siyasi konyunkturanın ifadəsidir: “Buna mənim heç bir şübhəm yoxdur. Ancaq Ermənistan bun gün Rusiyadan güclü asılılıqdadır. Demək, Moskva cavab olaraq, İrəvana siyasi və iqtisadi təzyiq üsullarına əl ata bilər. Mən İrəvan rəsmilərinin populist hərəkətlərinin nəyə hesablandığını əla bilirəm. Məsələ ondadır ki, Qarabağ məsələsi o dəqiqə erməni cəmiyyəti daxilində diskussiyanı aradan qaldırır. Heç kim ağzını açıb deyə bilməz ki, “Gəlin, azərbaycanlılarla danışıqlar aparaq, bizə bu sərfəlidir”. Onu dərhal xəyanətkar, Bakı casusu, erməni xalqının düşməni elan edərlər. Ona görə də hakimiyyət Qarabağ mövzusu fonunda tamamilə demaqogik fəndlərdən istifadə edərək, cəmiyyəti səfərbər etməyə və əsas məsələni müzakirə diqqətdən kənarda saxlamağa çalışır”.

Öz növbəsinə digər rusiyalı analitik Andrey Petrovun qənaəti belədir ki, Mnatsakanyanın cavab reaksiyası Nikol Paşinyanın komandasının Qarabağ məsələsində rəqib saydığı siyasi düşmənlərinin – “Qarabağ klanı”nın tutduğu yolla getdiyini bir daha təsdiqləyir: “Hədəf isə danışıqlar prosesini bacardıqca uzatmaqdır. Özü də Zohrab Mnatsakanyanın rəhbəri olduğu Ermənistan XİN-i özünü “inqilaba qədərki” erməni diplomatlarından daha radikal aparır. Beləcə, təkcə eks-prezidentlər - Robert Köçəryan və Serj Sərksiyan dövründəki anlaşmaları deyil, artıq Nikol Paşinyan döməmində hazırlanmış sənədləri də rədd edir”.

Politoloqa görə, sözdə ATƏT-in Minsk Qrupu formatını dəstəklədiyini bəyan edən Ermənistanın yeni iqtidarı əməldə həmin format çərçivəsində işləməkdən imtina edir. 

“Mnatsakanyanın Lavrovun sözlərinə reaksiyası həm də onu göstərir ki, İrəvan indi Moskvadan eynilə onun kimi danışıqları pozmaq mövqeyində durmağı tələb edir. Ona görə ki, ona Moskvanın anlaşmalara sadiqliyi qane eləmir. Əgər əvvəllər Ermənistan müxtəlif fırıldaqlara əl ataraq substansiv danışıqları daha yarım il - bir illiyə təxirə salınmasına çalışırdısa, bu gün o, ümumiyyətlə dinc danışıqlar prosesindən çıxıb. Mahiyyət etibarilə, Paşinyan Mnatsakanyanın dili ilə tələb edir ki, 26 illik atəşkəs anlaşması da daxil olmaqla, bütün sənədlər, təzədən tərtib edilərək imzalansın”, - deyə o qeyd edib.

Ekspertin qənaətincə, hazırkı durumda əsas problem ondan ibarətdir ki, Ermənistan hakimiyyəti nə öz sözlərinə, nə də hərəkətlərinə görə heç bir cavabdehlik daşımır. 

“Onlar bu dəqiqə, belə demək mümkünsə, konfliktin dinc nizamlanma prosesinin möhkəmliyini sınağa çəkir və baxırlar görsünlər ki, özləri üçün heç bir itki vermədən diplomatik nihilizmə daha nə qədər yuvarlanmaq olar. Hələ ki, onlar üçün nə “Madrid prinsipləri”ndən, nə “Kazan sənədi” və digər təkliflərdən imtina, nə də qondarma “dqr” rejimini danışıqların üçüncü tərəfi kimi tanımaqla bağlı israrı heç nəyə yaramır. Hərçənd həmsədrlə dəfələrlə bəyan ediblər ki, danışıqların tərəfləri Azərbaycan və Ermənistandır. Bunu son olaraq Sergey Lavrov bir daha bıyan elədi. Qalır indi İrəvanın qorxaq məsuliyyətsizliyi ilə nə etmək məsələsi”, - deyə o əlavə edib.

Əslində “nə etmək” məsələsi elə də qaranlıq deyil. İşğalçı ölkə Qarabağa dair sülh prosesindən, konfliktin bütün tərəflər üçün yeganə optimal və məqbul həll variantı kimi mərhələli həldən israrla imtina eləməklə, dinc nizamlama prosesindən çıxmaqla abstrakt sülhü deyil, yalnız böyük müharibəni yaxınlaşdırır. Demək, həm də özünə daha fəlakətli sonluq hazırlayır. Odur ki, öncə seçimi işğalçı tərəf eləməlidir – İrəvan sülh, yoxsa müharibə istəyir?..

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.(Musavat.com)
Tarix: 24-04-2020, 16:39
Xəbəri paylaş



Xəbər lenti