"Ermənilər işğaldakı torpaqlarımızı “danışıqlar prosesi” vasitəsilə əllərində saxlayır..."





Yəqin ki, münaqişə başlayanda Şuşalıları etiraz etməyə imkan verməyən rəsmilərin Gevorkovdan ayıbdır deməsi, sonralar Bakıda Qorbacovdan ayıbdır deyənlərin zehniyyəti hələ də yaşayır. İndi də yəqin həmsədrlərdən ayıbdır...


Elxan Mehdiyev uzun illər sülh, münaqişələr, mülki-hərbi münasibərlər və regional təhlükəsizlik məsələləri üzrə dünyanın müxtəlif Universitetlərində təhsil alıb və çalışıb. O İngiltərədə Lids Universitetində beynəlxalq münasibətlər, Amerikada beynəlxalq hüquq üzrə təhsil almış , ABŞ-dakı Merilend Universitedində etnik münaqişələr üzrə, Vasinqtonda Amerika Univeristeti Xarici Xidmət Məktəbində etnik, regional münaqişələr, muxtariyyət və milli müqəddəratı təyinetmə üzrə, Con Hopkins Univesitetində Xarici Siyasət institutunda, Duke Universitetində beynəlxalq təhlükəsizlik mərkəzində mülki-hərbi münasibətlər üzrə tədqiqatçı-alim statusunda çalışıb. Bu sahələr üzrə, danışıqlar və vasitəçilik üzrə bır sıra yazıları və kitabçaları xarici nəşrlərdə dərc edilib. Hal hazırda ölkədən kənarda yenə bu sahələr üzrə çalışır. 
 
Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevin Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar mövqeyini öyrənib. Müsahibəni təqdim edirik.

- Elxan bəy, indiki dönəmdə torpaqların azad edilməsi istiqamətində Azərbaycan hansı addımlar atır? 

- Mənim son illərdə izlədiyim və gəldiyim qənaət budur ki, Azərbaycanın siyasəti, torpaqların azad edilməsi üçün zəruri olan addımların atılmasına deyil, sadəcə olaraq, onların özlərinin dediyi kimi “danışıqlar prosesi”-nin davam etməsinə yönəlmişdir. Bunu rəsmi şəxslərin verdiyi hədsiz hesabsız bəyanatlar sübut edir və bu baxış məncə bu işlə azca məşğul olan istənilən şəxs üçün də heç bir sual doğurmur. 
Açıq görünür ki, Azərbaycan danışıqların mahiyyətindən asılı olmayaraq “danışıqlar prosesi”ndə maraqlıdır. Bunun arxasında nə durur onu açıqlamaq lazımdır. Mən sona qədər bu işin nə olduğunu anlamıram, bunu  danışıqları aparan səlahiyyətli rəsmilər açıqlamalıdır. 27 ildir ki, daimi irəli sürülən, guya sülh yolu ilə, danışıqlar yolu ilə Azərbaycan öz torpaqlarını geri alacaq izahatının hamımız gördüyümüz kimi heç bir əsası yoxdur və cəmiyyətdə də ikrah hissi doğurur.. 

- Buna daha geniş açıqlasanız?

- Baxın, torpaqları işğal olunan Azərbaycan olduğu halda hər dəfə Ermənistan müxtəlif şərtlər qoyaraq danışıqlardan bir neçə ay və hətta il ərzində geri çəkilmiş və həmsədrlərə öz şərtlərini qismən də olsa qəbul etdirdikdən sonra danışıqlara gəlmişlər. Ermənilərin görüşə gəlmələrini Azərbaycan yüksək səviyyədə şərh edərək, hər dəfə onu Azərbaycanın qələbəsi kimi dəyərləndirmişdir. Digər tərəfdən də, ən yüksək səviyyədə, dövlət başçısının özü danışıqlar yox, danışıqların imitasiyasının getdiyi haqda dəfələrlə açıq şəkildə bəyan etmişdir. 27 ildir imitasiya gedirsə, o zaman nəyə görə Azərbaycan “danışıqlar prosesin”-dən məmnundur və ermənilərin danışıqlara gəlməsini və ya formatın dəyişməməsini qələbə kimi bayram edir? Format dəyişmədi, nə oldu ki... Format tərəfi elə imitasiya edən Ermənistandır da... Əgər Azərbaycanın “danışıqlar prosesi” qələbədirsə o zaman hardadı bu qələbə? 
Danışıqlardan çəkilmək bir mövqe nümayiş etdirməkdir və bu mövqeni Azərbaycan nümayiş etdirmək əvəzinə erməni tərəfi nümayiş etdirir. Bu o deməkdir ki, erməni tərəfi öz qarşısına qoyduğu prinsiplərə və strateji məqsədlərə sadiqdir və onu yerinə yetirməyə çalışır. Bu məqsədlərə qarşı həmsədrlər və ya Azərbaycan tərəfindən hər hansı gediş olursa onlar geri çəkilir, təzyiq edir, qapalı divarlar arası danışıqlar aparır və istiqaməti dəyişərək yenidən danışıqlara gəlirlər. Və bu cür hərəkətlər həmsədrləri də ermənilərlə ehtiyatlı davranmağa məcbur edir. Azərbaycan isə onların ortaya qoyduğu gündəmin arxasınca sürünür və onu da “sülh prosesi” adlandırır.. 

- Sizcə Errmənistan danışıqlarda nə qədər maraqlıdır?

- Həqiqət ondadır ki, Ermənistan danışıqlarda maraqlı olduğunu hər zaman bildirir və danışıqların Azərbaycanı hər hansı hərbi əməliyyatdan uzaqlaşdırmağa yönəlmiş ən düzgün yol olduğunu düşünür. Bu erməni cəmiyyətində bir konsensus halını almışdır. Və “danışıqlar prosesi” ifadəsi, bizim halımızda bilavasitə erməni tərəfinin ortaya atdığı ağıllı termindir. Çünki “danışıqlar prosesi” ortada olan məsələni konkret danışıqlardan uzaq tutan termindir və “danışıqlar prosesi” işğalı uzatmaq üçün ən yaxşı alətdir.. Bu bir proses sayılır və təkcə rəsmi tərəfləri deyil, cəmiyyətin də transformasiyasını nəzərdə tutur. Buna siyasi dildə “peace process” deyilir və bu işlə məşğul olanlar bu ifadənin mahiyyətini və nələri əhatə etdiyini yaxşı bilir. Və işğal uzandıqca danışıqlar prosesi də uzanır. Nəyə görə? Çünki, işğalın davam etməsi yeni məsələləri ortaya çıxarır və münaqişə tərəflərinin cəmiyyətini üz-üzə qoyur, məskunlaşma və infrastruktur işləri, hərbi cinayətlər və işğal idarəsi və hərbiləşmənin dərinləşməsi kimi məsələləri də sülh prosesinin tərkib hissəsinə çevirir. Eynilə, işğal uzandıqca işğalçı cəzasızlığını görüb məsələni tamamilə yeni dünyanın qaydalarına uyğun terminlərlə “danışıqlar prosesinə” salır. Məsələn, 10-15 il bundan qabaq erməni tərəfi Dağlıq Qarabağın Azərbaycandan ayrılması şərtində bütün rayonlardan çıxacağını söyləyirdi. İşğal 10 il də uzanıb və indi həmin rayonlardan çıxmayacağını və bu rayonların təhlükəsizlik məsələsi olduğunu iddia edərək onu “danışıqlar prosesinin” mövzusu etmişdir. 
Əlavə olaraq, işğalın uzanması ilə beynəlxalq birlik bu məsələnin 30 ilə yaxındır uzandığını deyir və bunu 2-3 danışıqla həll etməyin mümkün olduğunu gözləmədiyini bildirir. Erməniyə də elə bu lazımdır. Bunu hələ 10 il bundan əvvəl ABŞ-dan olan həmsədr R. Bradtke də deyirdi: “Bizi indi danışıqların konkret nəticəsi maraqlandırmır, prosesin özü maraqlandırır”. Bu termin sonsuzluğa aparan termindir və maraqlıdır ki, Azərbaycan tərəfinin də sevimli sözünə çevrilmişdir. Bu cür termini işlətməklə, Azərbaycan qərar vericiləri də bilərəkdən və ya bilməyərəkdən erməniyə daha geniş məkan açırlar və işğalın davamına bəraət verirlər.

- Prezidentin xarici işlər üzrə sözçüsü də elə bu cür bəyənat verib....

- Doğru, onun cavabı elə yuxarıda deyilənlərə ən yaxşı nümunədir. O, Mnatsakanyanın bəyənatını həm “danışıqlar prosesi”-nə zərbə vurduğuna görə, danışıqları poza biləcəyinə və həm də ən əsası həmsədrlərə hörmətsizlik etdiyinə görə qınadı. Demək bizim dərdimiz yenə “danışıqlar prosesi”-dir və boş danışıqlardır... Görəsən 27 ildir gedən “danışıqlar prosesi”-nə Mnatsakanyan hansı zərbəni vurmuşdur? Bu prosesdə nəyə zərbə vurmuşdur? Nə əldə edilmiş ki, ona zərbə vurulsun. Olmayan bir şeyə necə zərbə vurmaq olar?. Əksinə, müstəqillik dönəmindən bəri Ermənistanın ən zəif höküməti olan Paşinyan höküməti də dinc yolla torpaqlardan çıxmayacaqlarını hər bir səviyyədə açıq şəkildə iki ildir elan edir.
Maraqlı odur ki, Hikmət Hacıyev deyir ki, ”ermənilər danışıqlardan çıxmaq istəyirsə öz mövqeyini açıq söyləməlidir”. Erməni heç bir zaman danışıqdan çıxmaz. Niyə çıxır ki. Ağlı yoxdurmu? O elə danışıqlarla torpaqları əlində saxlayır, niyə bu alətdən imtina etsin ki. Narahat olmayın, onlar sizinlə həmişə danışığa hazırdır. Özlərinin dediyi kimi və öz şərtləri ilə. Elə bu da “danışıq prosesi” deyilmi?. 

- Danışıqları uzatmaqda ermənilərin məqsədi nədir?

- Ermənilər Azərbaycanı bu “danışıqlar prosesi”-nə çəkərək işğalı möhkəmləndirir. İşğaldan beynəlxalq ictimaiyyətin diqqətini yayındırır, özünun hərbi qüvvələrini təkmilləşdirir, daxili iqtisadi və hərbi gücünü möhkəmlədir. Danışıqlarda zamana görə müəyyən manevrlər etsələr də,işğalı uzadaraq münbit tarixi anı gözləyərək bütün torpaqları Ermənistana birləşdirməyə ümidlidirlər.. Beynəlxalq müstəvidə isə onlar bu məsələnin ATƏT damışıqlar mövzusu olduğunu bəyan edərək, hər hansı beynəlxalq təşkilatda və ya forumda baxılmasına da müqavimət göstərir. Buna indi MQ Həmsədrləri də eyni dərəcədə müqavimət göstərir.
Nəticə göz qabağındadır. Artıq heç bir beynəlxalq təşkilat bu işə qarışmır ve ancaq ATƏT Minsk Qrupunun səylərini dəstəklədiklərini bildirirlər. Kimin və ya hansı beynəlxalq təşkilatın nə deməsinin də heç bir əhəmiyyəti yoxdur. Bu, istər BMT olsun, ya Bloklara Qoşulmayan ölkələr, ya İslam təşkilatı, ya Avropa Şurası və ya Birliyi, ya NATO olsun ... . Həmsədrlər də bu müdaxilələrə qəzəblə yanaşıb.., bizim prosesi pozmayın deyirlər. Harada hay-küy salsan da mənası yoxdur, sadə dillə desək, açar Həmsədrlərin əlindədir. Danışıqlar formatı Minsk Qrupu Həmsədrləridir. Onlar ilə də erməni tərəfi ustalıqla işləyir. ATƏT-in vasitəçilik missiyasının ilk 10 ilində ermənilər onlarla dəfələrlə münaqişədə olmuşlar və ilk illərdə ümumiyyətlə onu qəbul etmək istəmirdilər. Lakin sonralar işğal davam etdikcə, Minsk Qrupu da reallıqla hesablaşmağa başladı və əsas tərəf erməni tərəfinin olduğunu və onu razı salan planın Azərbaycana qəbul etdirilməsi üzərində işlərə başladı. Bunları mən həmsədrlərlə şəxsən apardığım söhbətlər əsasında deyirəm. 
Nəticə odur ki,danışıqlar prosesi erməni tərəfinin gündəmini irəliyə aparıb və danışıqlarda artıq işğal,məskunlaşma, işğal edilmiş ərazilərdə törədilən hərbi cinayətlər yox,sadəcə cari məsələlərin müzakirəsi,atəşkəsi kim pozdu müzakirələri və Elmar Məmmədyarovun substantiv məsələlərindən uzaq 3 jurnalistin gizli səfərləri bir il davam edən müzakirələrin mövzusuna çevrilib. Nəticə odur ki, Paşinyanın torpaqları geri verəcəyinə inanan Azərbaycan höküməti artıq işğalçı ilə birlikdə birgə bəyənatlara imza atır. Hansı ki, bu cür hal 1992-ci ildən bəri heç bir zaman olmamışdır,2008 Mayndorf bəyənatını istisna etməklə. Son video-konfrans bu məsələnin nə qədər qeyri-ciddiliyə gəlib çıxmasının bariz nümunəsi oldu. Günorta Azərbaycan torpaqlarından çıxmayacam deyən Mnasakanyanla axşam mənasız sənədə imza atan E. Məmmədyarov atdığı imzanın və gördüyü işlərin məsuliyyətini anlayırmı?. Yoxsa sozçünün dediyi kimi imza atmasa həmsədrlərə hörmətsizlik olardı? 
Yəqin ki, münaqişə başlayanda Şuşalıları etiraz etməyə imkan verməyən rəsmilərin Gevorkovdan ayıbdır deməsi, sonralar Bakıda Qorbacovdan ayıbdır deyənlərin zehniyyəti hələ də yaşayır. İndi də yəqin həmsədrlərdən ayıbdır.

- Bəs Azərbaycan nə edəcək?

- Azərbaycanın nə etmək istədiyi bilinmir. Hadisələrin gedişi elə bu deyilən “sülh prosesinin” arxasınca sürünməyi göstərir.  Mən Azərbaycanın nə hərb yolu ilə, nə də sülh yolu ilə torpaqları azad etmək planı və ya strategiyası olduğuna inanmıram.
Erməniləri Bakıda oturub söyməklə, şeytanlaşdırmaqla bu işi həll etmək mümkün deyil. Dinc yol tutanın,sülh platforması olur və qarşı tərəfin bütün düşmən,zəhərli təbliğat arqumentlərini özünün davranışı və siyasəti ilə tamamilə neytrallaşdırır və sonucda düşmən tərəfin” torpaqlardan çıxsaq Azərbaycan gəlib bizi öldürəcək” kimi çirkli təbliğatını heçə endirir. Bu edilmir. Əvəzində həmən təbliğatın dəyirmanına su tökülür. Bu gün Dağlıq Qarabağdakı yerli de-fakto rəsmi və qeyri rəsmi strukturlarla Azərbaycan hökümətinin və mülki cəmiyyətinin heç bir münasibəti və əlaqəsi yoxdur. Və bu siyasətlə hər gün Dağlıq Qarabağ elə bizim əlimizlə bizdən uzaqlaşdırılır. Bu cür hal nə Abxaziya,nə Osetiya və nə də Dnestryanı bölgədə mövcud deyildir. O zaman burada da sual olunur : hardadı bu “sülh prosesi” ki, Mnasakanyan da ona zərbə vursun.
Digər tərəfdən, dinc yolla, bütün beynəlxalq təşkilatlarda və hüquq şirkətlərində dava açmaqla düşməni dizi üstə çökdürmək mümkün idi. Bir km asfalta yazılan pulu bu işə sərf etsəydilər,indi erməni bağıra- bağıra qalmışdı. İşğal edilmiş bu qədər bölgələrdə törədilən cinayətlərin altından kim çıxa bilərdi? Dünyanı idarə edən İsrailin işğal edilmiş ərazilərdə istənilən addımı dünya siyasətinin həmən gündəminə oturur. Niyə? Çünki həmən bu məsələ Fələstin qüvvələri tərəfindən gündəmə gətirilir. Azərbaycanda isə bu heç kimin vecinə deyil. Hansı ki, Azərbaycanın statusu Fələstindən 50 dəfə üstündür və bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Dünyada analoqu olmayan hadisələr baş verir. Ermənilər işğal etdiyi ərazilərdə sərbəst olaraq nə istəyirsə edir. Nə Azərbaycan kəşfiyyatı bir tədbir görür, nə Ordu ,nə də hüquq sistemi. Bunu Beynəlxalq Böhran Qrupu da gündəmə gətirərək Azərbaycanı hərəkət etməyə çağırdı, çünki bu cür məsələləri dünyada heç kim qəbul etmir. İşğaldan çox, işğal ərazilərində aparılan işləri heç kim qəbul etmir. Ermənilər isə cəzasız olaraq bu işləri görürlər və heç kim də etiraz etmir və edə bilmir. Belə çıxır ki, Azərbaycan bu əraziləri artıq özününkü saymır.
Altı ay gözlənilən E.Məmmədyarov-Mnasakanyan görüşü ərəfəsi bir erməni əsgəri yaralanarsa, Mnasakanyan o görüşü pozur və deyir ki, ancaq atəşkəsi gücləndirmək məsələləri müzakirə edilməlidir. Ermənilər işğal etdiyi ərazilərdə su-elektrik stansiyası tikir, şəhər salır, beynəlxalq dəmiryolunu söküb satır, işğal ərazisində hərbi təlim keçir(hansı ki,əgər biz dövlətiksə həmən ordu onların təlim sahəsini bombardman etməlidir) bir dəfə olsun bu işi gündəmə gətirib həmən ATƏT həmsədlərini və ya başqa beynəlxalq təşkilatların müfəttişlərini həmən yerlərə göndərmirlər. Azərbaycanın biganəliyi ermənilərə tam sərbəstlik yaradıb..
Bu cür halın olmasına Ermənistan izn verərdimi? Bu gün də daxil, hər an hər bir azəbaycanlı terrorla üzləşərdi, Azərbaycan dövləti beynəlxalq məhkəmələrdə qalardı, sanksiyalar altında inləyərdi. Baxın Aprel döyüşlərində Talış kəndində bir necə evin zərər görməsi ilə ermənilər Avropa İnsan Hüquqları Məhkəməsində 23 işi icraya qəbul etdirmişlər. Deyən yoxdur ki, hardadı Ağdam şəhəri, hardadı Xocalı, hardadı Fizuli şəhəri.....hardadı Kəlbəcər....
Hərbi yola baxsaq, Aprel döyüşü və əsasən sonrakı gedişlər göstərdi ki, Azərbaycan bu məsələdə iradə ortaya qoymadı və sual yaranır ki, əgər belə olacaqdısa niyə bu işə yarımçıq baş vuruldu. Çünki nəticələr erməni tərəfin xeyrinə işlədi. Əksinə, bu cür hallardan sonra bu cür məsələlərin həlli daha da yaxınlaşır. Azərbaycan isə torpaqları azad etmək əzmində olduğunu söyləmək əvəzinə,atəşkəsi kimin pozub pozmadığı üzərindəki müzakirələrə tərəf oldu və bu şansı da əldən verdi. O zamana qədər ən aşağı səviyyədə olan erməni ordusu Apreldən sonra tamamilə modernləşdirildi və müasir silahlarla təmin edildi. O zamanlar Azərbaycan ordusu erməni tərəfindən 10 dəfə güclü idisə indi 2 dəfə güclüdür. Onların ön xəttdə yaratdığı sistemlər və müşahidə qurğuları və yeni müasir silahlar bir il ərzində təcili şəkildə təmin edildi. Hərbi mütəxəssislər təmas xəttindəki vəziyyəti yaxşı bilirlər. İndi artıq qəzet və informasiya portallarına çıxan hərbçilərə də göstəriş verirlər ki, deyin ki, “bizim müharibə yolu ilə torpaqları azad etməyimizə dünya izn verməz”.... bu artıq sondur. 
İkinci dəhşətli tərəfi odur ki,bu məsələni ATƏT Mİnsk Qrupu monoploiyaya aldığı kimi, burada da Azərbaycan cəmiyyəti, QHT-lər, parlament, media tamamilə bu işdən izolyasiya edilib və monopoliyaya çevrilib. Ermənistanda gördüyünüz kimi bu iş xalqdan asılıdır. Mülki cəmiyyət və parlamentdən asılıdır. İşğal edənin dili daha uzundur. Azərbaycan xalqının isə əl qolu tamamilə bağlanmışdır.
Tarix: 24-04-2020, 09:21
Xəbəri paylaş



Xəbər lenti