Qarabağ üçün mərhələli həll planı – nəbz yoxlanışı, yoxsa...

 

“BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb. Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə, Qarabağ probleminin məqbul həll variantlarından danışarkən dediyi bu sözlər, ardınca konfliktin mərhələli şəkildə nizamlanmasının zəruriliyi haqda sözləri Azərbaycanda və ələlxüsus işğalçı Ermənistanda müzakirə predmetinə çevrilib. 

Rusiya baş diplomatı həmçinin demişdi: “Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir”.

Deyirlər, ən yaxşı təzə - elə unudulmuş köhnədir. Hər necə olmasa, Dağlıq Qarabağ ixtilafı üçün ən məqbul, real həll modelinin məhz mərhələli həll olduğu indi yəqin ki, daha aydın dərk edilir. Azərbaycan da illərdir bunu deyir.

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan ...

Hərçənd politoloq Fərhad Əliyev Lavrovun açıqlamasında Azərbaycan üçün təhlükəli ola biləcək məqamı istisna eləmir. Onun fikrincə, Lavrovun həmin açıqlaması həm də Rusiya prezidenti Vladimir Putinin az öncə SSRİ-nin bərpası mümkünlüyü barədə sözləri kontekstində şərh olunmaldır.  

“Bunu Putinin “SSRİ bərpa olunmalıdır” bəyanatı ilə izah edərdim. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanı bu formata qaytarmaq üçün Dağlıq Qarabağı qaytarmaq lazımdır. Dağlıq Qarabağ olmasın, ən azı ətraf rayonlar qaytarılmalıdır. Onsuz da Ermənistan müstəqilliyə sahib deyil, Rusiya qərar versə ki, ətraf rayonlar Azərbaycana geri qaytarılmalıdır, o zaman Azərbaycanın Moskvanın rəhbərlik etdiyi ittifaqa geri dönməsi üçün hansı reaksiyanı verəcəyinə baxacaqlar. Lavrovun bu sözləri də Azərbaycanın nəbzini yoxlamaq üçün dilə gətirdiyini düşünürəm. Əgər Azərbaycan buna müsbət reaksiya versə, ətraf rayonların qaytarılması prosesini başlada bilərlər. Amma bu, indi mənə tələ kimi görünür” (Teleqraf.com).

Сергей Лавров - Москва надеется, что США и НАТО прекратят ...

Təbii ki, Lavrovun son açıqlamasına Rusiya tərəfdən ilk növbədə şimal qonşumuzun maraqları kontekstində şərh verilir və belə təəssürat yaratmağa çalışılır ki, Moskva həqiqətən də Qarabağ konfliktinin ədalətli həllində maraqlıdır və bu yöndə səmimi şəkildə səylər göstərir.  

“Rusiya tərəfi nə qədər “Lavrov planı”nın olmasını təkzib etməyə cəhd etsə də, onu məhz pandemiya dövründə aktivləşdirmək qərarı verib”. Bunu rusiyalı erməniyönlü analitik Stanislav Tarasov deyib. 

“Moskva İrəvanla olduğu kimi, Bakı ilə də məsləhətləşmələr aparıb. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans keçirməsi təsadüfi deyil. Böyük ehtimalla bu, müzakirə edilməli olan bir sıra vəziyyətlərlə bağlıdır. Məncə, Azərbaycan və Ermənistanın razılaşa biləcəyi mərhələ başlayır”, - deyə o qeyd edib.

Ermənistan XİN başçısı:"Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş ...

Ancaq hətta belədirsə, rəsmi İrəvanın, özəlliklə xarici işlər naziri Zoqrab Mnatsakanyanın Rusiya XİN başçısının bəyanatına, faktiki, sülh danışıqlarının üstündən xətt çəkən isterik reaksiyası tam əks qənaət yaradır. Rusiyanın satelliti olan Ermənistanın XİN rəhbərinin Moskvanın BMT qətnamələrinin əks olunduğu Qarabağ təşəbbüsünə qarşı bunca açıq şəkildə çıxmağa cürət eləməsi düşündürməyə bilməz və yalnızca, daxili auditoriyaya yönəlik ritorikaya oxşamır. 

Hərgah, Lavrovun fikirləri erməni cəmiyyətini də yetırincə silkələyib. Görünür, ən əvvəl o səbəbə ki, Rusiya baş diplomatı BMT-nin Qarabağa dair qətnamələrində əksini tapan Azərbaycanın ərazi bütövlüyü prinsipini dilə gətirib. Məlumdur ki, indiyədək İrəvan da, Moskva da bu qətnamələri yada salmaqdan daima yayınmağa və onları unutdurmağa çalışıb. 

Nikol Paşinyan: "Əgər Azərbaycan güzəştə razıdırsa, Ermənistan da ...

Ancaq həmin sənədlərin məhz indi - Nikol Paşinyan dönənində diqqət mərkəzinə gəlməsi, özü də işğalçı Ermənistanın 1 nömrəli müttəfiqi və havadarı Rusiyanın erməni əslli baş diplomatı tərəfindən diqqət mərkəzinə gətirilməsi düşmən ölkənin ictimai-siyasi elitasında məyusluq qarışıq, əsl çaşqınlıq yaradıb. Eyni zamanda, Paşinyan hökumətinə inamsızlığı artırıb. Baş nazirin iki il ərzində Moskva ilə uğurlu əməkdaşlıq qura bilməməsi yenidən tənqid hədəfi edilib.     

“İndiki erməni hakimiyyəti Qarabağ problemindən nə qədər uzaq dursa, o qədər yaxşıdır. Bu vəzifə bir qrup ideoloq olmayan və qeyri-millətçi bir zehniyyətə sahib insanlara, Ter-Petrosyanın baxışlarına inananlara həvalə edilməlidir”. 

Bu sözləri erməni politoloq Ayk Martirosyan deyib (Axar.az). O, Rusiyanın Minsk Qrupunun aktiv həmsədrlərindən biri olduğunu xatırladaraq bildirib: “Aydındır ki, bütün erməni hökumətləri özlərini vassal kimi apardılar və Ermənistanı “böyük qardaş”dan ömürlük asılı vəziyyətə saldılar. Bu da Ermənistana olan marağı və Rusiyanın nəzərində onun dəyərini azaltdı. Bütün bunlar Azərbaycana üstünlük qazandırdı, çünki o, Rusiya ilə dost, amma qarşılıqlı hörmətə malik münasibətlər qurdu”.

Martirosyanın sözlərinə görə, indi Rusiya Serj Sərkisyanın dövründən daha çox Ermənistanın ləyaqətsiz davranışı ilə qarşılaşır: “Buna görə də Rusiya Ermənistanın maraqlarını nəzərə almadan məntiqi olaraq Azərbaycana üstünlük verməlidir. İrəvan Qarabağın üzərində tam nəzarət əldə etmək üçün oraya daha çox ordu yerləşdirir. Bu, ərazilərin onun təsiri altından çıxmasına və Moskvanın qucağına atılmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, bu istiqamətdə işlər aparılır”.

Erməni politoloq həmçinin indiki hakimiyyətin də əvvəlkilər kimi eyni dırmıxın üzərinə basdığını düşünür: “Xüsusilə əgər Sərkisyan rejimi açıq satqınlıq xətti aparırdısa, hələlik indiki hakimiyyət açıq xəyanətə getmir, amma onların da seçdiyi xətt zərərli, xaotik, məntiqsiz və çox təhlükəlidir. Bu formatda inkişaf yoxdur, ola bilməz. Bu məsələdə ən böyük səhv bütün cəbhə xəttinin saxlanılması və Qarabağ rejimini danışıqlar stoluna gətirmək cəhdidir. Məhz bunun sayəsində Azərbaycan tərəfi Ermənistan üçün uğurlu diplomatik tələ yaradır”.

Erməni nazir Qarabağ üçün “Lavrov planı”ndan danışdı | Eurasia Diary

“Sülh və ya kommunikasiyaların açılması qarşılığında ərazi formulu qəbuledilməzdir”. 

Bunu isə Dağlıq Qarabağdakı oyuncaq rejimin “təhlükəsizlik şurası”nın keçmiş “rəhbəri” Vitali Balasanyan Lavrovun “Qarabağla bağlı danışıqlarda mərhələli həll variantı müzakirə olunur” açıqlamasını şərh edərkən deyib.

“Qarabağ ətrafında bizim təhlükəsizlik zonalarımız və ya rayonlarımız yoxdur. Bizim ticarət üçün ərazilərimiz yoxdur”, – deyə o bildirib. 

Balasanyan mərhələli həll variantına razılıq verən şəxslərin kapitulyasiyaya doğru getdiyini və bununla onların bu planı təşviq edən Levon Ter-Petrosyanın 1998-ci ildəki taleyini yaşayacağını söyləyib.

Левон Тер-Петросян выходит на сцену армянской политики - AZE.az

Ancaq məsələ də ondadır ki, erməni xalqı üçün Dağlıq Qarabağla bağlı ən uğurlu, ən praqmatik həll modelini vaxtilə (1998) məhz ölkənin 1-ci prezidenti Levon Ter-Petrosyan irəli sürmüşdü. Üstündən keçən 22 illik zaman kəsiyi onun nə qədər haqlı olduğunu sübut elədi. İlk növbədə də “qələbə” eyforiyasından çıxa bilməyən erməni cəmiyyətinə, lap elə Balasanyan kimi radikal-avantüristlərə.

Xatırladaq ki, Ter-Tetosyanın təklif elədiyi həll planı da mərhələli idi. Birinci mərhələdə “Laçın dəhlizi” saxlanmaqla Dağlıq Qarabağ ətrafında bütün rayonlar azad edilir, kommunikasiyalar, sərhədlər açılır, iki ölkə arasında gediş-gəliş bərpa olunur, qarşılıqlı etimad mühiti  yaradılır, Dağlıq Qarabağın yekun statusu isə ikinci və sonuncu mərhələyə saxlanılırdı.

O vaxt Ermənistanın sabiq prezidenti artıq məşhur olan belə bir ifadə də işlətmişdi: “İndi bizə təklif olunanı götürməsək, gələcəkdə yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.

Lakin erməni xalqına “təklif olunanı götürməyə” imkan verilmədi. Ter-Petosyan “Qarabağ klanı” tərəfindən və Rusiyanın “dobrosu” ilə hakimiyyətdən devrildi. 

İndi yenə şans yaranıb. Bu dəfə mərhələli həll variantını Moskvanın özü təklif edir. Görəsən səmimidrmi?.. 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Siyasət şöbəsi,
Musavat.com

Tarix: 23-04-2020, 14:31
Xəbəri paylaş



Xəbər lenti