İçimizdəki şeytan(lar)... İlham İsmayıl

 


Yazı dini və mifoloji obraz, pisliyin mənbəyi, cəhənnəmin sahibi, insanları günaha təhrik edən ŞEYTAN haqqında deyil. 

Üç gün əvvəl Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin agenti kimi dövlətə xəyanət ittihamı ilə həbs edilib. General–mayorun soyadı Şaytanovdu, yəni şeytan. Valeri Albertoviç Şaytanov. Diiqətinizə çatdırım ki, istənilən əks kəşfiyyat xidməinin ən böyük uğuru başqa dövlətə casusluq edən şəxsi ifşa etməsidir və əgər casus  öz içindəki generaldırsa, bu ikiqat uğur sayılır. Qısaca deyək ki, Şaytanov 2014-cü ildə Yanukoviçin hakimiyyəti zamanı Rusiya və Ukrayna təhlükəsizlik xidmətlərinin birgə təlim-toplantıları zamanı casus kimi cəlb olunub. Rusiyayönümlü siyasət yürüdən Yanukoviçin vaxtında Rusiya-Ukrayna münasibətlərindəki rejim yaxınlığı bu cür toplantılara imkan verirdi.  Ukrayna təhlükəsizlik qüvvələri dəfələrlə Donbasda uğursuz əməliyyatlara düçar olub, zabitlər, əməliyyatçılar ələ keçirilib. İndi məlum olur ki, Ukrayna tərəfin cəbhə bölgəsində əməliyyatlarının uğursuzluğu Şaytanovun öncədən qarşı tərəfə ötürdüyü informasiyaların nəticəsində olub. Şaytanova verilən son tapşırıqlar isə konkret terrorla bağlı olub. Casus general iki vacib fiquru 500 min dollar müqabilində qətlə yetirmək tapşırığı alıb. Amma, özü ələ keçib. Burda vacib olan bir məqamı vurğulamaq lazımdır. Şaytanovun Rusiya FTX-sının adamı olması barədə şübhələnən və  ilk informasiyanı Ukrayna Təhlükəsizlik Xidmətinə ötürən  ABŞ və Avropa xüsusi xidmət orqanları olub. 
 
Vacib olan amil budur. Daha peşəkar və bütün mənalarda imkanları yüksək olan ABŞ və Avropa Birliyinin kəşfiyyat orqanları Rusiya xüsusi xidmət orqanları ətrafında hələ SSRİ dövründən işləyirlər və ona görə də Qərblə əməkdaşlıq Ukrayna əks-kəşfiyyatına xeyli kömək edib. Ukrayna mediası bəyan edir ki, Şaytanov Ukraynada Rusiyanın ən yüksək vəzifəli agentidir, amma bununla bitmir, rusların ən yüksək dövlət strukturlarında, ən yüksək vəzifəli şəxslər arasında da agentlərinin olması mümkündür.
Azərbaycanda da bu tip agentlərin mövcudluğu istisna deyil. İnformasiya almaq üçün ən yaxın, hətta dost olan dövlətlər belə kəşfiyyat məqsədilə o ölkənin informasiya daşıyıcılarından cəlbetmə həyata keçirir. Rusiyanın üzdə və həqiqətdə  Azərbacana  münasibəti barədə geniş danışmadan deyə bilərik ki, şimal qonşumuzun burda informasiya mənbələri az deyil. 

Qarabağ cəbhəsində baş verən bəzi lokal əməliyyatlarımızda, xüsusilə Aprel döyüşlərində, sonra beş kəşfiyyatçımızın 2017-ci ilin fevralın sonunda öldürülməsində və neçə-neçə bilmədiyimiz uğursuzluqlarda Donbasda olduğu kimi casus informasiyasının səbəb olmadığını təsdiq edə bilməsək də.., inkar da etmək mümkün deyil. Və elə düşünməyək ki, informasiya mənbələri yalnız təmas xəttində və ya ona yaxın yerdə ələ keçirilir. Bu da var və 2017-ci il “Tərtər hadisələri” kimi hallanan işlər bunu təsdiq edir. Amma, söhbət kilkələrdən deyil, akulalardan gedir. Şaytanov kimi şeytanların içimizdə olması tamamilə mümkündür.
 
Şübhələnmək üçün heç vaxt  titul, mükafat, orden, medal mane hesab edilməməlidir. Şaytanovu Ukrayna qarşısında xidmətlərinə görə( guya) şəxsən keçmiş prezident Poroşenko III dərəcəli Boqdan Xmelnitski ordeni ilə təltif edib, general-mayor rütbəsi vermişdi. (Rəhmətlik Şirməmməd müəllim demiş,” bildiz də nə deyirəm...”).  Kəşfiyata da məhz belələri lazımdı-informasiya daşıyıcıları, hadisələrə təsir imkanları olan şəxslər. Baş verənləri təhlil edib titullu şəxsdən şübhələnmisənsə sonadək yoxlayacaqsan.
 
Yuxarıda qeyd etdiyimiz kimi, casusluq, ümumiyyətlə terrora hazırlıq və digər təhlükəli planlar haqqında qabaqlayıcı informasiyalar əldə etmək üçün Qərbin, Avropanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq yalnız işin xeyrinə olar, Ukraynadakı kimi. 
Bu Şaytanov hadisəsini xatırlatmaqda yalnız bir məqsəd var. Düşmənin maraq göstərdiyi bir çox sahələr var və çalışır ki, o sahələrdən maksimum informasiya əldə etsin. Amma, bütün bu işlərin başında bizim bir nömrəli problemimiz dayanır. Azərbaycan əvvəl-axır Qarabağı işğaldan azad etmək üçün müharibə etməlidir. Müharibə planları haqqında düşmənin və ya onun havadarlarının məlumat əldə etməsini imkansız etmək üçün, müharibənin gedişatında hərbi sirlərin qorunması üçün, əməliyyatların vaxtının gizli qalması üçün indidən zəruri olan işləri görmək.., qələbənin çox vacib şərtidir. İçimizdəki şeytanlardan ( Şaytanovlardan) zamanında qurtulmaq lazımdır, sonra gec olacaq.

İlham İsmayıl
Keçmiş təhlükəsizlik zabiti
Tarix: 20-04-2020, 12:27
Xəbəri paylaş



Xəbər lenti