Bunları Rusiya və Qərb nəzərə alsaydı …

 

Rəsmi Tehranın təmsilçiləri bundan sonra durub nə desələr də, nə söyləsələr də, bütün hallarda, ürəklərdə bir natamamlıq, hətta tərəddüd qalır, çünki belə hallar çox təəssüf, birinci dəfə deyil ki, baş verir.

Xatırladaq ki, ötən həftə İranla işğalçı Dağlıq Qarabağ rejimi arasında ciddi ticari-iqtisadi əlaqələrin olması haqqında yeni faktlar üzə çıxmışdı.

Həmişə olduğu kimi, İranın dövlət və hökumət başçıları əvvəlcə hər şeyi inkar etməyə, bütün bunların Bakı ilə Tehranın münasibətlərini korlamağa yönələn riyakar erməni təbliğatı olduğunu iddia etməyə cəhd göstərdilər.

Prinsipcə, biz də inkar etmirik ki, ermənilər buna qadirdir, amma bir daha qeyd edək ki, İranla Dağlıq Qarabağ separatist rejimi arasındakı ticari-iqtisadi əlaqələr haqqında birinci dəfə deyil ki, yazılır və yaxud da göstərilir.

Hamıya yaxşı məlumdur ki, pandemiyayadək Tehranının İrəvanla çox inkişaf etmiş və intensiv əlaqələri vardı, hərçənd, bir neçə dəfə ayrılıqda, bir neçə dəfə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində İran da Azərbaycanın ərazilərinin işğal olunmasını qətiyyətlə pisləmiş və İrəvanı təcavüzkar dövlət adlandırmışdı, amma bu, yenə də ona Ermənistanla sıx və çox isti münasibətlər saxlamağa mane olmamışdı ki, bunu da təkrarən qeyd etməyə məcburuq.

“Suda boğulan saman çöpündən yapışar” – bəli, başqa bir vaxt istənilən siyasi analitik cənub qonşumuzun davranışını belə izah edərdi. Məsələ bundadır ki, şah rejiminin – monarxiyanın çöküşündən sonra İran daim ciddi iqtisadi pressinq altında olub, onu daim nəinki dünya, hətta region dövlətlərindən təcrid etməyə çalışıblar.

Odur ki, Tehranın öz iqtisadi partnyorlarını seçmək üçün elə də böyük imkanları olmayıbdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan buna daim anlaşıqla yanaşmağa çalışıbdır və bu gün də belə edir, hərçənd, Tehran da İrəvanı izolyasiya siyasətinə qoşulsaydı təcavüzkar bu təzyiqə davam gətirə bilməzdi. Amma çox təəəsüf ki, bu məsələdə Tehran Bakı və Ankara ilə birlik və həmrəylik nümayiş etdirmir və bunu onunla izah edir ki, ağır sosial-iqtisadi durum onu ən kiçik imkanlardan belə faydalanmağa sövq edir, baxmayaraq onun İrəvanla ticari dövriyyəsi bir neçə yüz milyon dollar təşkil edir və Bakı bunu kompensasiya etmək gücündə olduğuna daim işarə edibdir.

Burada yada salaq ki, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün Bakı Tehrana 500 milyon dollar ayırmışdı. Hətta pandemiya start götürəndə Bakı yenə də yardım üçün Tehrana 5 milyon dollar ayırdı!..

Amma Azərbaycanın da səbrinin bir sərhədi var: Bakı İranın Ermənistanla əlaqələrinə birtəhər dözə bilər. Amma eyni səbri İranın separatçı Dağlıq Qarabağ rejimilə münasibətlərinə şamil etmək, əgər yumşaq şəkildə desək, sadəlövhlük olardı, çünki Dağlıq Qarabağdakı qanunsuz və cinayətkar rejim bunsuz da Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar əməllərini davam etdirməkdədir.

Bir az əvvəldə biz Bakının Tehrana münasibətlərini xarakterizə edən bir sıra detalları qeyd etdik – bu, ilk növbədə dostluq və səmimiyyətdir. Amma çox təəssüf ki, bu münasibətlər assimmetrikdir və biz Tehrandan eyni reaksiyanı görmürük, burada hər şey tərsinədir.

Bəli, Tehran daim Bakının daxili və xarici siyasətini korrektə etməyə, onu özünə sərf edən istiqamətə yönəltməyə çalışır. Heç bir ciddi əsas və yaxud arqument olmadan Azərbaycanı amerikapərəst və ya israilpərəst dövlət adlandırır, halbuki həmin ABŞ və hətta Rusiya Bakının hərbi-siyasi orientasiyasını daha ciddi qəbul edir və onun neytrallııq siyasətinə daha hörmətlə yanaşırlar ki, bunun da təzahürü göz önündədir: neçə müddətdi NATO və Rusiya generalları görüşçün məhz Bakını seçirlər!..
Belə bir deyim var və biz onu daim qeyd edirik: coğrafiya ölkələr və ya dövlətlər, hətta xalqlar və millətlər üçün taledir. Odur ki, Bakı ilk olaraq qonşuları ilə normal münasibətlər qurmağa cəhd edir, çünki bu, ölkəmizin inkişafının və tərəqqisinin təməlidir. Amma özümüzün də regional maraqlarımızı və suveren haqlarımızı tələb etməliyik, əks halda, onu hətta qonşularımız və regional partnyorlarımız nəzərə almayacaqlar.

Üstəlik, yerləşdiyimiz regionun siyasi spesifikası budur ki, buradakı dövlətlər daha çox güclə hesablaşırlar. Əlbəttə ki, biz güc müstəvisində özümüzü Rusiya və ya İranla sınaya bilmərik, amma siyasətdə güc də çoxməzmunlu bir anlayışdır və bir çox parametrlərinə görə Azərbaycan da regionun mühüm geosiyasi komponentlərindən sayılır. Bunu bir az əvvəl qeyd etdiyimiz kimi, Rusiya və Qərb dövlətləri nəzərə alır, deməli, Tehran da nəzərə almalıdır...

Tarix: 20-04-2020, 10:15
Xəbəri paylaş



Xəbər lenti