Türk dövlətlərinə qarşı xain plan – Çinlə Türk dünyasının arasını kim(lər) vurmaq istəyir?

 

Bir necə gün öncə Çinin koronaviris pandemiyası ilə bağlı   Ermənistana göndərdiyi humanitar yadım az qala, Pekinlə Ankara arasında diplomatik qalmaqala səbəb olacaqdı. Xatırladaq ki, İrəvana göndərilən yardım qutularının üzərində ingiliscə Türkiyənin ərazi bütövlüyünə qəsd sayılan belə bir təxribatçı cümlə olub: “Dostluğumuz Ararat dağından daha yüksək, Yantszı çayından daha uzun olsun”. Ağrı dağı isə (ermənilər ona “Ararat” deyir) bəllidir ki, Türkiyə ərazisində yerləşir.

Artıq o da məlumdur ki, insidentlə bağlı Türkiyə Pekin səlahiyyətlilərindən açıqlama tələb edib. Türkiyə XİN-in rəsmisi Hami Aksoy bildirib ki, Çinin Ankaradakı səfiri Deng Li və Çin Xarici İşlər Nazirliyi humanitar yardım qutularında Ağrı dağı ilə bağlı mətnin yerləşdirilmə səbəblərini izah edib. Sitat: “Səfir Deng Ermənistana humanitar yardım yükünün Çinin bölgələrindən birinin yerli rəhbərliyi tərəfindən hazırlanaraq özəl bir şirkət tərəfindən göndərildiyini vurğulayıb. Üstəlik, yerli rəhbərlik qutulara yalnız Çin dilində mətn yerləşdirib, orada isə Ağrı dağı haqqında heç bir məlumat verilməyib. Çin səfirinin sözlərinə görə, Ağrı dağı ilə əlaqəli ingilis dilində mətni sonradan qutulara əlavə edilib”.

Aksoyun sözlərinə görə, Çin səfiri hadisənin hərtərəfli araşdırıldığını və nəticələr barədə Türkiyə tərəfinə məlumat veriləcəyini söz verib. Çin səfiri Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı Pekinin dəyişməz mövqeyini təkrarlayıb.

Ancaq mətnlə bağlı məsələ hələ də açıq qalır. Buradaca onu da xatırlatmağı lazım bilirik  ki, işğalçı Ermənistanın indiki konstitusiyasında Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları, dövlət gerbində isə Ağrı dağı (“Ararat”) əks olunub...

*****


Maraqlıdır ki, qardaş Türkiyə ilə diplomatik gərginlik aradan qalxmamış Çin mediasında digər iki türkdilli dövlət - Qazaxıstan və Qırğızıstan əleyhinə məqalələr dərc olunub. Hakim Çin Kommunist Partiyası MK-nın nəzarətində olduğu iddia olunan həmin KİV-lərdə getmiş yazılarda bildirilir ki, guya hər iki türk dövləti qədim Çin torpaqlarında yerləşir.

“Qazaxıstan niyə Çinin tərkibinə qayıtmalıdır?” və “Qırğızıstan da Çin torpaqları olub” sərlövhəli təxribatçı yazıların mahiyyətini isə belə bir sual təşkil edir: niyə bu iki postsovet respublikası müstəqillik qazanandan sonra Çinin ağuşuna qayıtmayıb? Tarixə “ekskurs”la yanaşı, məqalələrdə Qırğızıstan və Qazaxıstanın hazırkı iqtisadi durumları da təhlil edilib. Müəllif belə qənaətə gəlir ki, “Qırğızıstan Çinin tərkibində olanda çox varlı olub, indi isə dünyanın ən kasıb ölkəsidir, orada adambaşına düşən ÜDM min dollardan artıq deyil”, - deyə “Azadlıq” radiosunun qırğız bölməsi Çin KİV-lərindən sitat gətirib.

Gözlənildiyi kimi, Nur-Sultan və Bişkekdə məqalələr ciddi narazılıq doğurub. Rəsmi Nur-Sultan məqaləni ölkənin ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirib və Çinin Qazaxıstandakı səfirinə etiraz notası təqdim edib. Rəsmi Bişkek isə susqunluğa üstünlük verib və indiki mürəkkəb durumda Çindən kömək istəyib.

Çin ABŞ-dan sonra Qazaxıstanın ikinci ən böyük xarici ticarət tərəfdaşıdır. Qazaxıstanın Çinə 11 milyard dollar, Qırğızıstanın isə 1.7 milyard dollar borcu var (Bişkekin xarici borcu 3.7 milyard dollardır). Ancaq əgər Qazaxıstan Çinə etiraz notası təqdim etməyi özünə rəva bilirsə, qırğız politoloq Esen Usubaliyevə görə, Qırğızıstan korrekt davranmalıdır, nədən ki, onun fikrincə, Qazaxıstandan fərqli olaraq Qırğızıstanın neft-qaz resursları yoxdur və Çin sadəcə, qonşu dövlət deyil, həm də ona tərəfdaş ölkədir.

“Üstəlik, ilk dəfə deyil ki, internetin Çin seqmentində guya vaxtilə Cunqar xanlığına məxsus olmuş torpaqların qaytarılması məsələsi qaldırılır. Bu da hər iki ölkənin milli-vətənpərvər dairələrində kəskin diskussiyalar doğurur. Lakin düşünmürük ki, belə məqalələrin peyda olması Çinin rəhbərliyində və cəmiyyətində ovqatın dəyişməsi ilə əlaqədardır. Çünki Çinlə Orta Asiya ölkələri arasında sərhəd məsələsi hələ “Şanxay beşliyi” yaranan zaman nizamlanıb. Təşkilatın formalaşma şərtlərindən biri sərhəd problemlərinin nizamlanması idi. Beləcə, Pekin Rusiya imperiyası dönəmindən üzü bəri davam edən ərazi mübahisələrini kifayət qədər uğurlu şəkildə qapadıb” – politoloq vurğulayıb.

Ekspert əmindir ki, heç kim Qazaxıstan və Qırğızıstan ərazisinə qəsd eləmir və çətin ki, qəsd edə. Ancaq bu əminlik daha çox ikitərəfli münasibətləri qorumağa yönəlmiş xoş məram təsiri bağışlayır. Hər halda, məlum məqalələr boş yerdən peyda olmayıb və ortada Qazaxıstanın etiraz notası da var... 

*****


Qeyd edək ki, Qazaxıstan və Qırğızıstan hazırda Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistanla birgə Türk Şurasının və TürkPA-nın üzv dövlətləridir. Onu da əlavə edək ki, Çin hökuməti Sincan muxtar bölgəsində türkdilli uyğurların sıxışdırılması, onların təməl haqlarının tapdanması və on minlərlə uyğurun konsentrasiya düşərgələrinə bənzər xüsusi rezervuarlarda assimilyasiya məqsədilə saxlanması ilə bağlı vaxtaşırı beynəlxalq insan haqları təşkilatlarının tənqidinə tuş gəlir. Məsələ ilə bağlı hətta ABŞ Dövlət Departamenti bir neçə dəfə bəyanatla çıxış edib. Türk dünyasında uyğurlarla bağlı Çinə qarşı sərt təpki və etirazlar da öz yerində.

İndi isə Türkiyə, Qazaxıstan və Qırğızıstanla bağlı xoşagəlməz insident və məqalələr diqqət mərkəzinə gəlib. Belə görünür, hansısa məkrli dairələr başda qardaş Türkiyə olmaqla 300 milyonluq əhalisi və böyük ərazisi olan türk dövlətiləri ilə Çinin arasını ciddi şəkildə vurmaq kursu götürüb. Hansı dairələr?

Bu suala, bizcə, öncəliklə Çin rəsmiləri cavab tapmaqda maraqlı olmalıdırlar. Çünki söhbət həm də Pekinin illərdir reallaşdırmağa çalışdığı çoxmilyardlıq “Bir kəmər – bir yol” və “Dəmir İpək Yolu” strateji nəqliyyat layihəsinin əsasını təşkil edən və mühüm enerji qaynaqlarına, vazkeçilməz coğrafi mövqeyə malik türk dövlətləri ilə əlaqələrdən gedir...

Siyasət şöbəsi,
Musavat.com

Tarix: 18-04-2020, 21:59
Xəbəri paylaş



Xəbər lenti