“Biz şahmat taxtasında kiçik “peşka”larıq” ifadəsinin müəllifi koronavirus haqda nə düşünür?..


“Düşünürəm ki, “COVİD-19” bəzi planları icra etmək məqsədilə müəyyən güclər tərəfindən süni şəkildə törədilib...”




Həftələrdir ki, bizi evlərimizə təcrid etmiş, bir sıra azadlıqlarımızı əlimizdən almış məlum pandemiya barəsində hər cür fikirlər, rəylər eşitməkdəyik. Hələlik ortalıqda qəti bir elmi nəticə yoxdur... 

Görəsən, ölkəmizdə həm siyasət, həm də elm xadimi kimi tanınmış, Sovetlərin yenicə çökdüyü, müstəqilliyə yenicə qovuşduğumuz, bu günlərə bənzər gözlənilməz dəyişikliklər dönəmində parlament sədri olmuş, Prezident səlahiyyətlərini icra etmiş və siyasət adamlarını “şahmat taxtasındakı “peşka”lar”la müqayisə etmiş AMEA-nın müxbir üzvü, Tibb Universitetinin professoru, tibb elmləri doktoru Yaqub Məmmədov bu haqda nə düşünür?

Moderator.az-a açıqlamasında sabiq spiker və ATU-nun keçmiş rektoru bunları dilə gətirib: 

“Koronavirus barədə izlədiyimiz saytlar, eləcə də elmivə siyasi mənbələrdə bir-birinə zidd müxtəlif fikirlər, rəylər, versiyalar səslənir. Qəti bir nəticəyə gəlmək çox çətindir. Ancaq subyektiv təhlillərim belə hesab etməyə əsas verir ki, “COVİD-19” -  müəyyən güclər, qruplar tərəfindən süni şəkildə, mutasiya, gen mühəndisliyi və s. sayəsində törədilmiş bir mikroskopik varlığın bəşəriyyətə yayılmasından savayı bir şey deyil. Məqsəd planet üzrə hansısa iqtisadi, siyasi planları həyata keçirmək ola bilər. Amma nəzərə alaq ki, dünya sakinlərinin böyük əksəriyyətinin zavod-fabriklərdəki, nəqliyyatdakı, təyyarələrdəki, gəmilərdəki, otellərdəki, restoranlardakı  və s. işlərdən evlərinə təcrid olunması nəticəsində bu pandemiyanın təbiətə, ətraf mühitə, ekologiyaya  müsbət təsirləri də özünü göstərib; bir çox iri şəhərlərin, sənaye mərkəzlərinin üzərindən qara buludlar çəkilib, səma, ulduzlar aydın görünməyə başlayıb, heyvanlar, quşlar şəhər, qəsəbə küçələrinə qayıdır... Odur ki, birdən düşünürsən ki, bəlkə bu pandemiya həm də müsbət bir niyyət daşıyır özündə... Sadəcə, bunun ətrafında KİV vasitəsi ilə yaradılmış informasiya panikası çox şübhəli görünür. Heç ötən əsrdə on milyonlarla insanın həlak olduğu İspan qripi pandemiyası dövründə planetdə bu dərəcədə təşviş, hay-küy yaranmayıb...  Hər halda tezliklə bu bəla da sovuşar üzərimizdən Allahın köməkliyi ilə...” 

“Azərbaycanda da, Allaha şükürlər olsun ki, dövlətimizin vaxtında gördüyü qabaqlayıcı tədbirlər sayəsində vəziyyət o qədər də pis deyil və hər şey yaxşılığa doğru gedir...”- deyə  Yaqub Məmmədov fikirlərini nikbin notlarla tamamlayıb.

Sultan Laçın

Tarix: 18-04-2020, 21:42
Xəbəri paylaş



Xəbər lenti