Karantin rejimi uzansa, dünyanı və bizi nə gözləyir? – iki rəy


 

 

Dünyada pandemiya səbəbindən karantin rejimi uzadılsa, siyasi kataklizmlər istisna edilmir. Xalqlar üzləşdiyi sosial-iqtisadi problemlər səbəbindən küçələrə axışa, tətillər, kütləvi aksiyalar, yürüşlər ola bilər. 

Məsələn, Fransa, İtaliya, İspaniya kimi ölkələrdə həmişə dəmiryolçular, fəhlələr, təhsil sektorunda çalışanlar və digər sahələrin işçiləri müxtəlif sosial şüarlarla yürüşlər, tətillər edirdilər. 

İndi də koronavirusun ən çox zərbə vurduğu məhz Qərbi Avropa dövlətləridir. Eyni zamanda, İran, Rusiya, Türkiyə kimi ölkələr də pandemiya ucbatından ağır sosial çətinliklər qarşısındadır. Ekspertlərin fikrincə, karantin müddəti uzadılarsa, bu, bumeranq effekti verə bilər.

Müxtəlif ölkələrdə karantinin yaratdığı həm sosial, həm psixoloji çətinliyə etiraz olaraq mitinqlər keçirilməsi mümkündür. 


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Musavat.com-a bildirdi ki, bunun ilk işartısı artıq ABŞ-da qeydə alınıb. 

Onun sözlərinə görə, Nyu-Yorkda karantinə etiraz olaraq bir qrup silahlı şəxs küçəyə çıxıb: “Onlar karantin əleyhinə olduqlarını bəyan ediblər. O baxımdan karantin müddəti uzadılmasa belə yenə də müxtəlif ölkələrdə etirazların baş qaldırması gözləniləndir. Çünki insanlara karantinin mahiyyəti izah edilməlidir, psixoloji dəstək verilməlidir. Bunu etmədikcə insanlar qeyri-adi reaksiyalar verməyə başlayacaqlar”.

ADP sədri hesab edir ki, karantinin uzadılması sosial problemlərin miqyasını genişləndirə bilər: “Hətta fövqəladə vəziyyətlərdə, müharibə dövründə də karantin uzadılmır. Bu mənada yeni müdafiə vasitələri əldə etməklə sərt karantin rejimi yumşaldıla bilər”.

S.Cəlaloğlunun fikrincə, evdə qalmaq qadağası küçədə məsafəli təmasla əvəzlənə bilər: “İnsanlar şəxsi gigiyenik vasitələri üzərində saxlamaqla, marketlərdə, banklarda növbəni məsafəli gözləməklə küçəyə çıxsınlar. Əgər ölkələr siyasi konyuktura səbəbindən karantin rejimini saxlasalar, bunun ağır nəticələri olacaq”.

ADP sədri hesab edir ki, Azərbaycandakı epidemioloji vəziyyət başqa ölkələrlə müqayisədə kəskin karantin rejimi tələb etmir: “Amerika, İngiltərə, İtaliya, İspaniyadakı yoluxmanı bizdə görmürük. Ya gərək elan edilsin ki, vəziyyət çox ciddidir, camaat da ona uyğun hərəkət etsin, ya da yayılma  kütləvi deyilsə, karantin rejimi yumşaldılsın”.

422248183.jpg (54 KB)

Politoloq Ramiyə Məmmədovanın saytımıza dediyinə görə, hökumətlər pandemiya dövründə xalqların nəbzini yoxlayır: “İnsanlar təkcə COVİD19 testindən keçirilmir, həm də siyasi etiraz immuniteti yoxlanılır. Xüsusən demokratiya olan dövlətlərdə hakimiyyətlər üçün çətin sınaqdır. Misal üçün, Fransada solçu gənclər kreativ şüarla çıxış etmişdilər - “Qəzəbimiz karantində qalmayacaq”. Əgər karantin rejiminin ömrü uzadılarsa, Qərb ölkələrində nümayişlər başlaya bilər. Sadəcə, hər hökumət vəziyyətdən az itki ilə çıxmağa çalışır. Əgər İtaliya və İspaniyada pandemiya tüğyan edirsə, ölü sayı hər gün artırsa, hökumət karantini necə uzatmasın?!” 

Politoloq ehtimal edir ki, siyasi etirazlar pandemiyadan sonra geniş vüsət ala bilər: “Avropada zavodlar, fabriklər, işçi sinfi, həmkrarlar təşkilatları aktivdirlər. Onlar koronavirusa görə iqtisadi çətinliklə üzləşiblər. Ona görə karantindən sonra tətillər, nümayişlər qaçılmazdır”.

Siyasi şərhçi Azərbaycanda karantin rejimi uzadıldığı halda əhalinin sosial vəziyyətinə ciddi təsir edəcəyini düşünür: “Hökumət müxtəlif sosial proqramlar həyata keçirir. Lakin bir çox sahələrdə iş dayanıb, təkcə büdcə hesabına evdə qalan insanları razı salmaq müşkül məsələdir. Bu baxımdan karantin rejiminin yumşaldılmasına böyük ehtiyac var”. 

Emil Salamoğlu

Tarix: 17-04-2020, 16:55
Xəbəri paylaş



Xəbər lenti