Sərdar Cəlaloğlu o partiyaların ləğvini istəyir

 

ADP sədri: “Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb...”

Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatından keçib. Ədliyyə Nazirliyi Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb. Qeydiyyata alınma barədə sənəd partiyanın sədri Musa Ağayevə təqdim edilib. Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56 olub. Qeyd edək ki, Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub.
13 yaxın müddətdə fəaliyyəti diqqəti cəlb etməyib.  
Bəs, Azərbaycan kimi elə də böyük olmayan dövlətdə 60-a yaxın partiyanın olmasına ehtiyac varmı? Partiyaların sayının, yoxsa sanbalının yüksək olması daha məqbuldur?
ADP sədri Sərdar Cəlaloğlu Musavat.com-a bildirdi ki, heç bir fəaliyyəti illərlə müşahidə olmayan, varlığı ilə yoxluğu bilinməyən partiyaların qeydiyyatının ləğvinin tərəfdarıdır: “İllərlə heç bir fəaliyyəti olmayan, adı olub özü əslində olmayan partiyaların qeydiyyatının ləğvi “Siyasi partiyalar haqqında” Qanunda əksini tapmalıdır. Azərbaycanda 55 partiya Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb, indi daha birinin də qeydiyyata alınması ilə say 56-ya çatmış oldu. Hər halda, o partiyaya gələcəkdə ciddi fəaliyyət və uğur arzulayıram. Söhbət bu partiyadan getmir, o hələ yeni qeydə alınır. Uzun illərdir qeydiyyatda olan partiyaların yarıdan çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. Onlar heç bir işlə məşğul deyillər. Bu baxımdan dünyanın çox ölkələrində iki il belə “fəaliyyət” göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Partiyalar haqqında qanunda məhz bu məqamlar konkret şəkildə əksini tapmalıdır. Konkret müddət ərzində heç bir fəaliyyəti olmayan, heç bir seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı avtomatik olaraq qüvvədən düşmüş sayılmalıdır. Dövlət qeydiyyatından keçmiş 55 partiyanın yarıdan çoxunun adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər. Bu gün cəmi 7-8 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur. 
Əgər biz bu gün dövlət qeydiyyatında olan partiyalardan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin partiyaların təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır”. 
S.Cəlaloğlu vurğuladı ki, amma bu barədə qərar qəbul edilərkən az-çox fəaliyyəti olan müxalif partiyalar hədəfə alınmamalıdır: “Biz də dəfələrlə bəyan etmişik ki, süni şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 30 ilə yaxındır Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu görüntüsünə ehtiyac yoxdur”.
Tarix: 16-04-2020, 17:30
Xəbəri paylaş



Xəbər lenti