Rusiya öz xəfiyyələrinə qətl əmrlərini verir


Rusiya öz xəfiyyələrinə qətl əmrlərini verir

“Ukraynada Rusiya kəşfiyyatına çalışanların həbs olunması hadisəsi ilk dəfə deyil baş verir. Bu ölkədə Prezident Viktor Yanukoviç olarkən, orduda və kəşfiyyat xidmətində Rusiyaya çalışanların sayı daha çox idi.

“Maydan” hadisələrindən sonra həm orduda, həm də kəşfiyyat xidmətində təmizləmələr oldu. Görünür, hələ də Ukraynanın dövlət orqanlarında Rusiya izi qalmaqdadır”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kiyevdə bu dəfə həbs olunan şəxs sıradan birisi deyil. Rusiya kəşfiyyatına illərdir çalışan Valeri Şaytanov Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayorudur:

“O, həm Rusiya kəşfiyyatına işləyir, həm Moskvadakı xozeyinlərinin tapşırığı ilə qətllər planlaşdırır, həm də Donbasdakı separatçılara məlumatlar ötürürdü. Şaytanov bu illlərdə 200 min dollar qarşılığında Rusiyaya gizli məlumatlar ötürüb. Ukrayna ordusunun separatçılara qarşı bəzi əməliyyatların uğursuz olmasının arxasında da Şaytanovun Rusiyaya ötürdüyü gizli məlumatlar dayanır. Şaytanov Rusiya kəşfiyyatının zabiti Eqorova məlumatları Almaniya, Fransa və Xorvatiyaya səfərləri zamanı ötürürdü. Bunu Ukrayna Təhlükəsizlik Xidməti müəyyənləşdirib.

Rusiya kəşfiyyatı Qərb ölkələrində olduğu kimi (Londonda Skripalin və Litvinovun zəhərlənərək öldürülməsi, İstanbulda keçmiş çeçen döyüşçülərin qətlləri, o cümlədən Qətərdə Çeçenistan mücahidlərinin keçmiş liderlərindən Yandarbiyevin maşının partladılması və s.) Ukraynadakı xəfiyyələrinə də qətllər törətməyi əmr edir. Kiyevdə 3 il əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti qətlə yetirildi, o maşınına oturarkən, partlayış baş verdi. Rusiya xəfiyyəsi Kiyevdə buna bənzər daha bir neçə qətliam həyata keçirib. Valeri Şaytanov oxşar əmrləri yerinə yetirənlərdən biri idi. Sadəcə, Rusiya özünə çalışdırdığı ukraynalı general-mayora qətl sifarişi verərkən faktiki onun ifşa olunmasını sürətləndirib”.

Politoloq vurğulayıb ki, Ukrayna Təhlükəsizlik Xidməti özünün yüksək rütbəli əməkdaşı Valeri Şaytanov haqqında məlumat toplayıb. Ona qarşı kifayət qədər səs və video məlumatlar var:

“Maraqlıdır ki, Şaytanov Ukraynada “Maydan” hadisələrindən sonra vəzifəsində irəli çəkilib. Yəni Ukraynanın yeni hakimiyyət təmsilçiləri ona inanıblar. Rusiya məhz beləsini vətənə xainliyə cəlb edə bilib. Şaytanov Ukraynada “A” Xüsusi Əməliyyat Mərkəzinin keçmiş rəhbərlərindən biridir. Onu Rusiya Federal Kəşfiyyat Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşı, polkovnik İqor Eqorov “əməkdaşlığa” cəlb edib. Söhbət Ukraynaya qarşı kəşfiyyat və təxribat sahəsində ixtisaslaşan bölmədən gedir.

Şaytanov 18 fevral 2014-cü ildə “Maydan” hadisələrində Kiyevdə Həmkarlar İttifaqları Evini ələ keçirən hücum qrupuna rəhbərlik edib. O, 2014-cü ilin “Vostok” terror qruplaşmasının başçısı Aleksamdr Xodakovski danışıqlar aparıb. Eyni ilin aprelin 26-da maraqlı hadisə baş verib. Ukrayna əks-kəşfiyyat xidmətinin 3 zabiti Qorlovka şəhərində Rusiya Müdafiə Nazirliyinin kəşfiyyatçısı, İqor Bezleri həbs etmək üçün şəhərə yollanıb. Ancaq əməliyyat uğursuz olub. Terrorçular əməliyyatdan əvvəlcədən xəbər tutaraq Ukrayna Təhlüksəzlik Xidmətinin 3 zabitini yerindəcə həbs ediblər. Elə o zamandan şübhə yaranıb ki, Ukrayna Təhlükəsizlik Xidmətində Rusiya kəşfiyyatına çalışan xəfiyyə var”.


Tarix: 15-04-2020, 13:00
Xəbəri paylaş



Xəbər lenti