"Biabırçı vəziyyətin şahidiyik"


İcbari tibbi sığorta işini səhiyyə sisteminə deyil, maliyyəçilərə tapşırıblar, ona görə hədəfə nail ola bilmir

Milli Məclisin növbəti plenar iclasında millət vəkilləri İcbari Tibbi Sığorta sağa-sola “dartışdı”. Onsuz da bir işə yaramayan İTS-nin axı nəyi var ki, nəyi də müzakirə  edirlər?! Bu, alayarımçıq, sanki vaxtından əvvəl doğulmuş körpə kimi küvəzə ehtiyac duyan bir təsisatdır. İTS-nin necəliyini görmək üçün yerli poliklinikalara bir dəfə müraciət etmək yetərlidir. Poliklinika həkimləri “pusquda” dayanır. Peşmandı birisi yaxınlaşıb nəsə soruşmaq istəsin. Həmən “get, çek al, gətir”, deyib adamı qeydiyyat şöbəsinə göndərirlər. Qeydiyyat kitabçasını həkimin birindən istəyirsən ki, ver, başqa həkimə gedirəm, deyir, “get, bi dənə çek gətir”, sonra kitabçanı verim”. Gətirirsən, alıb dürtür qovluğunun altına. 

“Çek bankı” yaradır. İcbari Tibbi Sığorta yalan-doğru tətbiq olunmağa başlayandan həkimlərin əsas peşəsi çek toplamaqdır. İcbari Tibbi Sığorta paketində nə var, hansı xidmətlər göstərilməlidir, kimləri və nə dərəcədə əhatə edir, doğru-dəqiq anladan da yoxdur.         

Amma Milli Məclisdə şükür ki, bəzi qaranlıq məsələlərə azacıq da olsa aydınlıq gətirildi. Bir-iki ürəkli deputat sayəsində. Millət vəkili Rüfət Quliyevin ortaya atdığı məsələ vəziyyəti əməlli-başlı gərginləşdirib.  Deputat bildirib ki, qara ciyərində problem olan şəxs ona müraciət edib: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə bu məsələ barədə telefonla danışdım, xanıma kömək edilməsini xahiş etdim. Qurum rəhbəri mənə söz versə də, heç bir reaksiya olmadı. Məcbur olub, deputat sorğusu göndərdim. Sorğuma iki ay sonra cavab gəldi. Əfsuslar olsun ki, həmin insan 2 gün öncə dünyasını dəyişdi. Necə ola bilər ki, 2 ay yarıma bu qurum insanlara kömək edə bilməsin? Mənə aydın oldu ki, bu sahədə kifayət qədər problem var”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də bildirib ki, niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər? Bu sahəyə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: “Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır”.

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, icbari tibbi sığortanı həyata keçirməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsi götürülüb: “Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, ölkədə icbari tibbi sığorta tətbiq edilməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsi öyrənilib: "Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq". “Biz yaxın günlərdə icbari tibbi sığorta ilə bağlı dinləmə keçirəcəyik. TƏBİB də bu dinləmədə iştirak edəcək. Burada qaldırılan məsələlərin əksəriyyəti də həmin dinləmədə qaldırılacaq. Bu gün icbari tibbi sığorta büdcəsinin imkan verdiyi dərəcədə həyata keçirilir. Gələcəkdə büdcədən icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər və narazılıqlar aradan qalxacaq. Türkiyə 20 ildən artıqdır ki, bu sistemə keçib. Amma onlarda da bu sahədə problemlər var”, - deyə o qeyd edib. Millət vəkili Musa Quliyev isə bildirib ki, nəyin bahasına olursa-olsun, biz bu sığortanı tətbiq etməliyik: “Yaxın günlərdə büdcə müzakirələrinə başlayacağıq. Büdcədə səhiyyəyə ayrılan maliyyəni artırmalıyıq”. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyaçılar, tələbələr, hamilə qadınlar və s. icbari tibbi sığorta ödəməkdən azad edilib: “1523 xidmət zərfə daxil olmayan pullu xidmətlərdir. Ancaq icbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar gedib özü bu xidmətlərin pulunu ödəməlidir. Amma onların buna imkanı yoxdur. İcbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar üçün bu pullu xidmətlər də pulsuz olmalıdır”.

Bu müzakirələrə mütəxəssis nə deyir? Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, icbari tibbi sığortanın hədəfi vətəndaşların sosial müdafiəsidir. Vətəndaşların sağlamlığı sosial müdafiənin mühüm elementini təşkil edir:

- İcbari tibbi sığortanın bəlli hədəfləri var: həkim peşəkarlığının yüksəldilməsi, xəstələrin keyfiyyətli səhiyyə xidməti ilə təmin edilməsi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması. Həkimlərin, tibb işçilərinin həyat və iş şəraitinin səviyyəsinin yüksəldilməsi. Bizdə icbari tibbi sığorta bu hədəflərə ona görə nail ola bilmir ki, işi səhiyyə sisteminə deyil, maliyyəçilərə tapşırıblar. Əsas problem budur. İcbari Tibbi Sığortanı axsadan məhz bu amildir. İcbari tibbi sığortanın komponenti Səhiyyə Nazirliyidir. Bu işi “idarə edən maliyyəçilər deyil. Həmin maliyyəçilər dedilər ki, hansı həkim çox xəstə qəbul edəcəksə, o da çox pul qazanacaq. Ona görə bu gün poliklinikalarda, xəstəxanalarda xəstə “ovu” aparılır. Məhz bu səhv yanaşma nəticəsində bu gün belə biabırçı vəziyyətin şahidiyik. Həkimin fiksasiya olunmuş əmək haqqısı olmalıdır. Xəstəxana və poliklinikaların maddi-texniki səviyyəsi yüksəldilməlidir. Əmək haqları vaxtında ödənməlidir. Xəstəxanalar zəruri tibbi avadanlıqla təchiz edilməlidir. Xərclənən vəsaitin şəffaflığı təmin edilməlidir. Hazırda həkimlər Nazirlər Kabinetinin təsdiqlədiyi nominal əmək haqqı alır. Halbuki, icbari tibbi sığorta tamamilə yeni situasiyadır və həkimlərin iş şəraiti, həmçinin əmək haqları da bu yeni situasiyaya adekvat olmalıdır. Həkimin əmək haqqı azı 2000-3000 manat olmalıdır. Bu işin düzgün qurulması üçün monopoliya aradan qalxmalıdır. Bir sığorta şirkəti deyil, bir neçə sığorta şirkəti prosesə cəlb edilməlidir. Tibbi sığorta ona görə axsayır ki, işi maliyyəçilər təşkil edir. Onların da öz maraqları var, ona nail olmaq üçün də qəbula daha çox xəstə göndərməyə çalışırlar. 

Prosesin aparılması səhiyyə sisteminə, tibb işçilərinə tapşırılsa, belə vəziyyət yaranmaz. Hazırda fəaliyyət göstərən icbari tibbi sığorta deyil, bu, azərbaycansayağı sığortadır. 

Tarix: 19-10-2021, 09:23
Xəbəri paylaş



Xəbər lenti