“COVİD-in 24 variantı var, növbəti vaxtlarda yeni ştammlarla rastlaşacağıq” - infeksionist



Həkim Mərdan Əliyev: “Epidemiyanın gedişatı əslində belə olur, yeni-yeni ştammlar ortaya çıxır, sonra isə...”

Son günlər yoluxma sayında müsbətə doğru ciddi dəyişikliyin olmaması narahatlıq doğurur. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistikaya görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52850 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.
Yoluxanların sayı kifayət qədərdir, vaksin olunanların sayı da eləcə. Bəs görəsən, niyə  bu say azalmır? Yaxın günlərdə karantin rejimi ilə bağlı daha sərt addımların atılacağı haqda məlumatlar da verilir. Digər tərəfdən, virusun yeni ştammlarının yayıldığı bildirilir. ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib ki, koronavirusun yeni “Mu” ştammı haqqında daha çox məlumat əldə etməyə çalışsalar da, ona qarşı antitellərin zəif olacağından qorxurlar: “Əslində nəticələrin nə olacağını bilmirik. Ancaq koronavirusun mutasiya etmiş bütün variantlarını ciddiyə alsaq, demək olar ki, hazırda heç bir təhlükə yoxdur”, - deyə E.Fauci vurğulayıb.
Amerikanın məşhur epidemioloqu, alim Dr. Larry Brilliant isə koronavirusa yoluxmanın artmasının yeni virus ştammları ilə bağlı olmadığını deyib: “Düşünürəm ki, indi pandemiyanın başlanğıcına sonundan daha yaxınıq və bu, ”Delta" səbəbindən deyil. 200-ə yaxın ölkədə insanlar yeni ştammlara qarşı peyvənd olmayınca, yeni mutasiyalar ortaya çıxacaq".
Kazanın Kliniki Xəstəxanasının baş həkimi Rafael Firnayaloviç isə deyib ki, COVİD-19 yoluxucu bir infeksiya olduğu üçün yer üzündə immuniteti olmayan və başqasını yoluxdura biləcək iki nəfər qalsa belə, pandemiya bitməyəcək.
Mərdan Əliyev - Hepatoloq, İnfeksionist
Mərdan Əliyev 
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Koronavirusun yeni variantları müəyyən müddətdən bir müzakirə olunmağa başlayır. Son vaxtlar ”Mu" ştammı barədə məlumatlar var. Bundan əvvəl də “Lyamda” ştammı barədə məlumat verilmişdi və bu ştamm indi də bəzi ölkələrdə  geniş yayılmağa başlayıb. Yəni Peruda yayılmışdı, indi də Cənubi Amerikada yayılmağa başlayıb.  “Mu” ştammı isə yeni bir variantdır. Əslində bu variantların çoxu yeni deyil. Artıq bir ilə yaxındır ki, bu variantlar var. Sadəcə olaraq, bu variantların artıb çoxalmağa başladığı müddətdə hansısa bir ölkədə geniş yayılır və müəyyən olunur ki,  bu variant üstünlük təşkil edir, dominantdır. O zaman müzakirə edilir. Çünki o, geniş yayıldığı müddətdə təhlükəli hesab olunur. Amma bir məsələ var, bu ştammların hamısı koronavirusun mutasiyalarıdı. Epidemiyanın gedişatı əslində belə olur. Yeni-yeni ştammlar ortaya çıxır, sonra yavaş-yavaş virulent və patogenliyini itirir. Əgər virusun yeni variantı ortaya çıxmasa, virulent və patogenliyiini itirməz, əgər bunlar qalarsa, yəni yoluxduruculuq qabiliyyəti və xəstəlik törətmə qabiliyyəti eyni qalarsa, bu zaman pandemiyanı söndürmək, onun öhdəsindən gəlmək də çətin olar. Əslində virus da insan orqanizminə uyğunlaşmağa çalışır və insan orqanizmi də virusa uyğunlaşmağa çalışır. Yəni virus bədənə düşdükdə orqanizm onu tanıyır. Ikinci dəfə onunla mübarizə aparmaq çox rahat olur. Amma ilk dəfə yeni bir xəstəlikdirsə,  orqanizm üçün ondan müdafiə olunmaq və onun öhdəsindən gəlmək çətin olur. Hətta ölümcül də olur, artıq bunu görmüşük.


Bu baxımdan koronavirusun yeni variantları olduğu üçün bunlar əslində çox təhlükə kəsb eləmir. İnsan xəstəlik keçiribsə, buna qarşı immunitet yaranıbsa, eyni virusun müxtəlif variantları olsa da, yenə də eyni virusdur. Buna qarşı orqanizm çox asanlıqla ikinci dəfə mübarizə aparır. Buna görə də yoluxub sağalan şəxslər arasında  «Delta» variantına yoluxan da demək olar ki, çox azdır. Yoluxarsa da,  yüngül keçirirlər. Peyvəndləmə də belədir, əgər peyvəndləmə antitel yaradırsa, bu, ikinci dəfə  virusa yoluxmanın qarşısını ala bilir. Amma şəxs yoluxarsa da, peyvənd olunubsa, xəstəliyi yüngül keçirir. Koronavirusun 24 variantı var,  növbəti vaxtlarda yeni variantları ilə rastlaşacağıq. Ümumiyyətlə, bundan sonra yenə də yeni mutasiyalar, ştammlar barədə söhbətlər eşidəcəyik. Amma bu variantlardan heç biri virusun orijinalından - Uhan variantından təhlükəli deyil”.
İnfeksionist koronavirusdan sonra insanlarda qalan fəsadlardan da söz açıb: “Bəzilərində xəstəlik sağaldıqdan sonra uzunmüddətli fəsadlar qalır. Bəzi simptomlar qalır. Bu, immunitetin əslində yüksək, yaxud da zəif olması ilə bağlı deyil. Əslində daha çox xəstəliyi yüngül keçirənlərdə fəsadlar qalır. Bu, qısamüddətli, uzunmüddətli ola bilər. Bəzilərində əzələ ağrıları olur, bəzilərində öskürək uzunmüddətli qala bilər. Halsızlıq, zəiflik kimi əlamətlər də ola bilər. Amma bu, müalicə tələb etmir, çünki o xəstəlik sağaldığı üçün artıq onun qalıq əlamətidir deyə təhlükəli sayılmır.  Amma ehtiyac olarsa, hansı simptom olarsa, həmin simptoma yönəlik müalicələr aparıla bilər. Amma ehtiyac olmadığı müddətcə immuniteti yaxşılaşdırmaq üçün normal qidalanma, yuxu rejiminə diqqət etmək, hərəkəti artırmaq, zərərli vərdişlərdən uzaq olmaq, bir sözlə, sağlam həyat tərzi ilə bunun öhdəsindən gəlmək olur”.
İnfeksionist, “nəyə görə son vaxtlar yoluxma və ölüm sayları azalmır” sualını da cavablandırıb:
“Yoluxanların sayı yenə kifayət qədərdir, əvvəldə müəyyən müddət boşluqlar oldu. Maska taxılmaması, toyların keçirilməsi təsir etdi. Həmin vaxt sürətli yoluxmaya səbəb oldu. Çünki toylarda nə sosial məsafəyə əməl edildi, nə də maska taxmaq mümkün oldu. Toyun səsinə görə insanlar bir-biri ilə söhbət etmək üçün nəfəs-nəfəsə dururdular. Orada bir-biri ilə öpüşüb görüşmək kimi amillər virusun sürətli şəkildə yayılmasına səbəb oldu. Hətta insanlar ailəliklə xəstələndilər, burada ”Delta" ştammının da əhəmiyyəti var. Çünki bunun yoluxduruculuq qabiliyyəti çoxdur. Avtomatik olaraq yeni yoluxma sayında artmaya səbəb olur. O ki qaldı ölüm sayının çoxluğuna, bəli, virusdan ölən çoxdur. Bunun da səbəbi insanların virusa yoluxduqdan sonra gec müraciət etmələrindədir. Xəstəxanalara ağırlaşmış halda müraciət eləyirlər. Bu da ölüm sayının artmasına səbəb olur. İnsanların gec müraciət etməsinin də səbəbi var. Bilirlər ki, xəstəxanalar doludur. Onlarda qorxu var ki, xəstəxanaya gedən ölür. Belə söhbətlər yayılıb. Ona görə heç xəstəxanaya müraciət etmək istəmirlər. Yerli xəstəxanalara da gec müraciət edirlər, çünki bilirlər ki, ora müraciət edəndə COVİD mərkəzlərə yönləndiriləcəklər. Bəlkə də başqa səbəblər də var. Yəni bizim əslində də müşahidə etdiyimiz odur ki, xəstələr gec müraciət edir, ağırlaşmış halda müraciət edirlər. Bu da onları vəziyyətdən çıxartmaqda çətinlik yaradır".
5.JPG (28 KB)
 İlahə Vəliyeva
İnfeksionist İlahə Vəliyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Son günlər ölüm sayları, ağırlaşmalar bizi narahat edir. Artıq xəstəxanalarda yerlərin dolması da vəziyyətin kritik olmasından xəbər verir. Müşahidə edirik ki, yanaşı xəstəliyi olanlarda ağırlaşmalar daha çox özünü göstərir. Daha çox yaşlı adamlarda ürək-damar problemi, şəkərli diabet, vərəm kimi xəstəliklərin olması ağırlaşmalara səbəb olur”. 
İ.Vəliyeva əlavə edib ki, peyvəndləmə artsa, nəzərdə tutulan qədər insan vaksinasiyada iştirak etsə, öz nəticəsini verəcək: “Bundan sonra sərt karantin rejiminə də, toylarda qadağalara da ehtiyac qalmaz. O ki qaldı pandemiyanın bitməsinə, bununla bağlı hələlik bir söz demək mümkün deyil”.
İnfeksionistin sözlərinə görə, daha çox aprel-may aylarında vaksin olunmuş insanlarda yoluxmalar müşahidə edilir: “Həmin dövrdə əksəriyyət ”CoronaVac" vaksini vurulanlardır. Bununla belə, onlar xəstəliyi ağır keçirmirlər".
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.
Tarix: 7-09-2021, 08:47
Xəbəri paylaş



Xəbər lenti