“Marketlərə limit qoyulsun, uşaqlar bayıra buraxılmasın”


“Marketlərə limit qoyulsun, uşaqlar bayıra buraxılmasın”
İnfeksionist: “İnsanlarımız karantin qaydalarını pozmaq uğrunda yarışa giriblər”
 
Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma sayının qarşısını almaq üçün ardıcıl iki həftəsonları sərt karantin rejimi (evə qapanma) tətbiq etmişdi. Lakin bu tədbir nəticəsiz qaldı və TƏBİB evə qapanma təcrübəsinin səmərə vermədiyini etiraf etdi.
 
İndi isə Operativ Qərargahın qərarına əsasən, iyunun 21-dən iyulun 5-nə qədər 14 günlük sərt karantin rejiminə start verilib. İctimai iaşə obyektləri bağlanıb, qapalı məkanların fəaliyyəti dayandırılıb, bəzi özəl və dövlət qurumları isə qruplara bölünərək fəaliyyətini davam etdirir. Vətəndaşların evdən çölə çıxması əvvəlki karantin rejimində olduğu kimi SMS icazə üsulu ilə baş tutacaq.
 
Beləliklə, ölkədə COVID-19-a yoluxma halları günbəgün artır. Bəs, niyə müsbət nəticə ala bilmirik? Dünya ölkələrinin virusa qalib gəlməyə və karantindən çıxmağa başladığı dövrdə Azərbaycanda yenidən sərt karantinə keçid nəyin göstəricisidir?
 
Mövzu üzrə AYNA-nın suallarını həkim-infeksionist Günay Məhərrəmova cavablandırıb.
 
- Günay xanım, Azərbaycanda yenidən iki həftəlik sərt karantin rejimi tətbiq edildi. Budəfəki karantin rejiminin səmərəsi olacaqmı? Çünki ardıcıl iki dəfə həftəsonları tətbiq edilən karantin nəinki fayda vermədi, hətta, əks-effekt verdi.
 
- Dövlət bacardığı qədər əhaliyə yardım etməyə və dünya təcrübələrindən bəhrələnməyə çalışır. Məsələn, Türkiyədə həftəsonları sərt karantin rejimi tətbiq edilmişdi, əhali də bu qaydalara riayət edərək evdən çölə çıxmamışdı. Hal-hazırda da onlarda xəstələrin sayı azalıb və artıq onlar əksər müəssisələrin fəaliyyətinə icazə veriblər. Təbii ki, orada da xəstələrin sayının artacağı gözlənilir. Yəni bizdə də dövlət bacardığı qədər, dünya təcrübəsinə istinad edərək karantin rejimi tətbiq etməyə çalışır. Sadəcə olaraq bizdə əhali qaydalara riayət etmir. Məsələn, deyilir ki, qapalı məkanlara gedərkən, uşaqları aparmamaq lazımdır, maska taxmaq lazımdır, məsafə saxlamaq lazımdır. Amma biz gördük ki, Mall-lar açılan kimi bütün əhali axışdı oralara. Ehtiyac olsa da-olmasa da, hamı Mall-lara axın etdi. Parklar açılan kimi, insan əlindən tərpənmək olmadı. Təbii ki, təmiz havada maska taxmağa ehtiyac yoxdur, amma insan da çox idi. Və insanlar sanitar qaydalara riayət etmir, məsafə gözləmirdilər. Qayda qoyulub ki, marketlərdə müştərilər arasında iki metr məsafə olmalıdır. Amma super marketlərdə əhali bir-birinin üstünə çıxırdı. Bankların qarşısında məsafə saxlamadan növbə gözləyən nə qədər insan var idi. Yəni əhali bunu anlamalıdır ki, qaydalara riayət etməklə fayda əldə etmək olar, əksi mümkün deyil.
Günay Məhərrəmova — İnfeksionist | HekimTap
- Karantinin daha yumşaq olduğu zamanlarda yoluxmalar az idi, amma tədbirlər sərtləşdikcə yoluxmalar daha da artdı və son günlər gündəlik yoluxma sayı 500-ə yaxındır. Niyə?
 
- İki günlük sərt karantin rejimindən bir gün əvvəl hamı dənizdə idi, çörək üstündə isə dava idi, ona görə də təbii ki, heç bir nəticə olmayacaqdı. İki günlə nə nəticə əldə etmək olar ki? Əgər, ondan əvvəlki günlərdə də qaydalara riayət olunsaydı, nəsə əldə etmək olardı. Yəni nə qədər olar ki, dövlət karantin tətbiq etsin, əhali riayət etməsin? Sanki, insalar qayda-qanunu pozmaq uğrunda yarışa giriblər. Hal-hazırda karantin rejimindəyik, mağazalar, ticarət mərkəzləri bağlıdır. Əhali yenə də parklardadır, binaların həyətində uşaqlar və böyüklər maskasız gəzir, sanitar qaydalara riayət etmirlər. İctimai nəqliyyat vasitələrində sıxlıqdır və insanlar maska taxmırlar. İlk növbədə insanlarda inam olmalıdır ki, qaydalara da əməl edilsin.
 
- Nəzərə alsaq ki, yoluxma sayı günbəgün artır, o zaman bu tədbirlərdən nə gözləmək olar? Ümumi gedişat bizi hara aparır?
 
- Nisbətən yoluxma sayında azalma olacaq. Çünki ən azından Mall-lar bağlanıb. Çünki insanlar kütləvi şəkildə daha çox Mall-larda toplaşırdılar. Həm də ki, Mall-lar kondisioner sistemi ilə havalandırılır deyə, virusun yayılmasında bunun da rolu var. Nə qədər maskadan istifadə olunsa da, qapalı məkandır. Həm də maskanı istər sağlam, istərsə də xəstə insan taxmalıdır. Ona görə də biri taxıb, digəri taxmayanda heç bir effekti olmur. İndi isə Mall-lar bağlıdır deyə, nisbətən azalma ola bilər.
 
- O zaman belə çıxır ki, virusun yayılmasında Mall-ların rolu daha çoxdur?
 
- Mall-lar da daxil olmaqla virusun yayılmasında qapalı məkanların rolu böyükdür. Düzdür, açıq havada insanlar gəzə bilər, amma yenə də məsafə saxlamaq və kütləvi toplaşmamaq şərti ilə. Bizdə restoranlar açılandan sonra nə oldu? Restorana gedənlər təbii ki, maska ilə oturub yemək yeməyəcəkdi və müştəri sayı da çox olurdu. Üstəlik, insanlar gizli şəkildə doğum günü partiləri keçirirdilər, müxtəlif yığıncaqlar təşkil edirdilər ki, bunların da virusun yayılmasında rolu var. Hamı istirahət etmək, gəzmək, əylənmək istəyir. Amma bir müddət gözləmək lazımdır. 
 
- Digər ölkələr yoluxmanın qarşısını almağı bacarır. Elə qonşu Gürcüstan bunun öhdəsindən uğurla gəlir. Onların doğrusu, bizim yanlışımız nədədir?
 
- Çünki onlar çölə çıxmadılar, çıxanda da sosial məsafəni gözlədilər. Virusun mənbəyi olan və dünyada ən böyük əhaliyə sahib Çin belə, virusa qalib gəldi. Çünki onlar qoyulan qaydalara əməl etdilər. Amma bizdə həftəsonları sərt karantin olan kimi əhali bütün qaydaları pozdu.
 
- Sizcə, vətəndaşların karantin qaydalarına laqeyd yanaşması nədən ibarətdir? Fərdi məsuliyyətsizlik, yoxsa sosial problemlər?
 
- Məncə, savadsızlıq və inamsızlıqdan irəli gəlir. Əgər, insanlar təhlükənin ciddiliyini qəbul etsələr, məntiqlə düşünsələr, xəstəliyinin təhlükəli olduğunu görərlər. Artıq ətrafımızda da görürük ki, bu xəstəlik nə qədər yayılıb. Nisbətən yüngül keçirənlər də var, ağır keçirənlər də. Yəni əhalidə inam olsa, qayda-qanunlara da riayət edərlər və nəsə əldə etmək olar?
 
- Həm vətəndaşlar, həm də rəsmi qurumlar nə etməldir ki, xəstəliyin qarşısını daha tez almaq mümkün olsun?
 
- Sadəcə olaraq dövlətin qoyduğu qaydalara əməl etmək lazımdır. Operativ Qərargahın hər brifinqində TƏBİB-in sədri Ramin Bayramlı sanitar qayadalara riayət etməyin lazım olduğu, ictimai yerlərə getməməyi, məsafə saxlamağı tövsiyə edir. Mən, hətta, marketlərə də limit qoyulmasını təklif edirəm. Böyük marketklərdə 10-15 nəfərdən artıq müştəri içəri buraxılmasın. Kiçik marketlərə 2-3 nəfərdən artıq müştəri qəbul edilməsin, növbə gözlənilsin. İş yerlərində işçilər növbə ilə işə cəlb edilsin. Uşaqları bayıra çıxarmısanlar. Liftə minərkən liftin düyməsini salfetlə bassınlar. Evdən çıxmaq lazım olmadıqca, insanlar evdən çıxmasınlar. Sanitar-gigiyenik qaydalara hamı əməl etsə, xəstəliyin qarşısı daha tez alınar.
Müəllif: Mərahim Nəsib   
Tarix: 23-06-2020, 13:39
Xəbəri paylaş



Xəbər lenti