PAŞİNYANIN İKİLİ OYUNU... - Yenə separatizm kartından istifadə etməyə çalışır

PAŞİNYANIN İKİLİ OYUNU... -
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddətdir Azərbaycanla imzalanacaq sülh müqaviləsi barədə ard-arda bəyanatlar səsləndirsə də, bu dəfə də vədinə xilaf çıxaraq sülh prosesini baltalamaq qərarına gəlib. Erməni hökumətinin başçısı bu dəfə Qarabağ separatçıları kartından istifadə edib.

Məsələ burasındadır ki, özünü separatçı qurumun prezidentinin müşaviri adlandıran Vladimir Qriqoryan “Azatutyun” radiosuna müsahibə verərək bildirib ki, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Erməni mediası isə hakim komandanın göstərişi ilə bu xəbəri gecə-gündüz eninə-boyuna tirajlayaraq, Şahramanyanın öz qərarını ləğv etməsi barədə məlumat yayıb.

Qriqoryanı danışdıran və belə bir açıqlama verməyə vadar edən elə Paşinyan komandasının özü olduğu bəllidir. Regionda sülhə, iqtisadi inkişafa, erməni xalqının rifahına gedən yola əngəl olmaq, revanşizm siyasətini davam etdirmək, görünür, Ermənistan hakimiyyətinin sapmayacağı yeganə yoldur. Bu dəfə də iki ölkə arasında sülhə gedən yolun görünməsi Paşinyanın Qərbdəki havadarları və ağalarını narahat edib. Bu səbəbdən də prosesi ləngitmək, baltalamaq üçün .

Amma erməni hökuməti belə bir xəbəri tirajlamaqla əslində özünün nə qədər çürük və oyuncaq olduğunu bir daha sübut edib. Belə olmasaydı, səslənən bəyanatın Ermənistan üçün nə qədər təhlükəli olduğunu sonradan dərk edən hakim komandanın təkzib xarakterli addımlar atması, ruporları vasitəsilə bu açıqlamanı tənqid edən fikirləri ortaya çıxmazdı. Separatçı Şahramanyanın dilindən bu məsələni ortaya atmaqla, Paşinyan sülhə zərbə vurmaqla yanaşı, özünün də oyuncaq olduğunu üzə çıxarıb. Bunu faktlarla ortaya qoymaq mümkündür.

Birincisi, sözügedən açıqlamanı verən Vladimir Qriqoryan əvvəlcə özünü Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın müşaviri kimi təqdim edərək, radioya açıqlama verib.

Sonradan isə açıqlamanı təkzib edərək şəxsi fikri olduğunu, Şahramanyanın da müşaviri olmadığını bəyan edib. Məşhur lətifədə deyildiyi kimi, yaxşı, bu ətdirsə, pişik hanı? Pişikdirsə ət hanı? Yəni, sadə bir adamın fikrinin erməni mətbuatında iki gündür tirajlanması kimə və hansı mərkəzlərə xidmət edirdi? Təbii ki, sualın cavabı gün kimi aydındır: sülh prosesini baltalayan Paşinyan komandasına.
Ətraflı

İkincisi, İrəvan hökuməti dekabrın 21-də müşavirə keçirərək, yeni qərar qəbul edib. Qərara əsasən, dövlət büdcəsində dəyişiklik ediləcək. Yəni, separatçı qurum tərəfindən verilən kreditlərin ödənilməsi üçün kommersiya banklarına 225 milyard dram ödəniləcək. Bu isə, 550 milyon dollardan çox, yəni ölkə büdcəsinin 10 faizini təşkil edir. Kreditlərin kimə və necə veriləcəyi, borc alanların hansı faizinin separatçı rejimlə heç bir əlaqəsi olmadığı barədə isə bir kəlimə də kəsilmir.

Bu isə Paşinyan hökumətinin növbəti yeyinti mənbəsi olacaq. Büdcədən ayrılan çox ciddi məbləğ kommersiya bankları vasitəsilə müəyyən şəxslərin cibinə axacaq. Bu məsələni ört-basdır etmək üçün də Şahramanyan kartından istifadə edilib və artıq erməni KİV-lərində Qarabağ ermənilərinin linçlənməsi kampaniyasına start verilib.

Artıq hakim fraksiyanın üzvü Arusyak Julhakyan və katibi Artur Hovannisyan separatçı Şahramanyana qarşı sərt bəyanatlar səsləndiriblər. Julhakyan bildirib ki, Ermənistan respublikası ərazisində bir hökumət var və ancaq bu hökumətin institutları fəaliyyət göstərir. Digər qurum və institutlar qeyri-leqaldır, onların fərman və sənəd imzalamaq hüququ yoxdur. Katib qeyd edib ki, baş verənlər ölkəni hərbi təxribata cəlb etmək niyyətini güdür və bu işin arxasında olanlar cəzalandırılacaq.

Arusyakın da açıqlamalarından məlum olur ki, hakim fraksiya baş verən vəziyyətdən narahatdır və baş nazirin hesablanmamış addımları artıq partiya daxilində ciddi narazılıqlara səbəb olub. Şübhəsiz ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanın bir müddət əvvəl “Ermənistan ərazisində heç bir separatçı qurumun dövlət orqanları fəaliyyət göstərə bilməz” fikrini xatırlatmaq yerinə düşər. Belə olduğu halda, Şahramanyanın özünün də xəbəri olmadan Paşinyan direktivləri ilə “fərman imzalaması” təbii ki, fraksiyada çaşqınlığa səbəb olub. Bu çaşqınlığı aradan qaldırmaq, hadisənin anlaşılmazlıq olduğunu sübuta yetirmək üçün deputatlar və rəsmilər artıq fəaliyyətə keçiblər.

Əslində “Vətəndaş müqaviləsi”ni qorxuya salan rəsmi Bakının reaksiyasıdır. Təbii ki, erməni siyasi elitası da anlayıb ki, baş verənlər Azərbaycan tərəfindən düzgün analiz edilir və bu bəyanatların arxasında revanşizm meyllərinin olduğu artıq bilinir. Bu isə Azərbaycan dövlətinin kəskin reaksiyasına səbəb ola bilər və Nikol Paşinyan separatizmi bəsləyən şəxs kimi qəbul edilə bilər.

Əgər Ermənistan və havadarları öz çirkin planları üzərində iş qurursa, Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmalıdır. 30 il bundan öncə öz torpaqlarından qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hüququ, bu prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Və sülhdən boyun qaçıran rəsmi İrəvan bunu tam gözü önünə almalıdır.

Ortaya maraqlı bir sual çıxır, xəbər iki gündür tirajlanır və hakim fraksiyanın katibi olan Artur yəqin ki, məsələdən halidir. Bu iki gün ərzində niyə ağzına su alıb susurdu? Sonradan baş verəni analiz edib rəsmi Bakının qəzəbinə düçar olacaqlarını anladıqdan sonra addım atmaq kimə lazımdır? Paşinyan komandası görəsən toydan sonra nağara siyasətindən nə zaman uzaqlaşacaq?

Şahramanyanın adından ortaya atılan iddia isə yeni məqamları üzə çıxarıb. Məlum olub ki, separatçı qurumun “vəzifəliləri” sentyabr ayından “maaş” almırlar və bu məsələdə Nikol Paşinyanı günahlandırırlar. Onların tələbinə boyun əyməmək və bir dram da xərcləmək niyyətində olmayan hakim komanda bu son oyunu ilə maaş söhbətinin də üstündən xətt çəkdi.

Göründüyü kimi, separatçı rejimə “can vermək” planı elə başlayan kimi də fiaskoya uğrayıb. Rəsmi İrəvan yəqin ki, növbəti hərbi əməliyyatın Ermənistan üçün daha dağıdıcı və dövlət sisteminin məhvi ilə nəticələnəcəyini anlayır. (report.az)
Tarix: 24-12-2023, 09:24
Xəbəri paylaş



Xəbər lenti