İranın "qarın ağrısı"nın əsl səbəbi aydın oldu: Zəngəzur dəhlizi Azərbaycanın yuridiksiyasına keçə bilər


 
Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, bu barədə erməni saytı “Aliq Media” “etibarlı diplomatik mənbələrə” istinadən xəbər yayıb.
 
Xəbərdə bildirilir ki, son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun iki sənəd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanacaq.
 
“Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir. SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərin xəritələrinə əsasən, Bakı ilə İrəvan bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. Vladimir Putinin dünən bu kartları xatırlatması təsadüfi deyildi.
 
Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.
 
9 noyabr xüsusi olaraq seçilib. 2020-ci ilin bu günündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”,  - deyə KİV orqanı yazır.
 
“Aliq Media” bildirib ki, imzalanacaq iki sənəd haqqında bu gün daha ətraflı məlumat verəcək.
 
Xəbərdə diqqət çəkən ən önəmli xüsus sərhədlərin demarkasiyası və delimitasiyasında 1920-ci illərə aid xəritənin əsas götürülməsidir. Qeyd edək ki, Azərbaycan SSRİ-nin tərkibinə 1921-ci ildə bağlanmış Qars müqaviləsi ilə daxil olub. Məntiqlə SSRİ-dən ayrılma da bu sərhədlər daxilində ola bilərdi. Həmin müqavilədə isə hazırda müzakirə olunan Zəngəzur dəhizinə aid ərazilər Azərbaycan torpağı kimi göstərilib. 
 
Xatırladaq ki, Rusiya da Krımın ilhaqını məhz bu arqumentlə əsaslandırır. Moskvanın iddiasına görə, Krım 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. Bu isə qanunsuz idi və SSRİ dağılandan sonra respublikaların sərhədləri ittifaqa daxil olduqları ərazilər əsas götürülərək demarkasiyası və delimitasiya işləri aparılmalıdır. Görünür, Krımın ilhaqını legitimləşdirmək üçün bənzər nümunələrin yaradılması Rusiyaya da sərf edir və məhz bu səbəbdən də Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi də 1920-ci illərin xəritəsi ilə aparılması Kreml tərəfindən daha məqsəduyğun görülür. Məsələyə bu aspektdən yanaşanda İranın “qarın ağrısı”nın əsl mahiyyətini başa düşmək olar. Görünən budur ki, sərhədlərin demarkasiyası və delimitasiyası prosesində İran həqiqətən də Ermənistan vasitəsilə Avropaya açılan son çıxış qapısını itərəcəyindən əmindir və buna görə də məsələni özünün qırmızı cizgisi kimi qiymətləndirir.
 
Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin Moskvada baş tutan görüşlərində də Zəngəzur dəhlizi məsələsi müzakirə olunmuşdu. Hökumətin işçi qrupu arasında aparılan müzakirələrin 8-ci görüşünün 1-ci hissəsi kimi təqdim olunan bu toplantıda bir çox məsələlər üzərində razılıq əldə edildiyi barədə məlumatlar var. İddialara inansaq, əldə olunan razılıqların sənədləşdirilməsi işi 8-ci turun 2-ci hissəsinə saxlanılıb. Turun ikinci hissəsinin nə zaman başlanacağı barədə isə məlumat verilmir. Ermənistan mediasının yaydığı son məlumatlar bu müəmmaya qismən aydınlıq gətirir. Belə çıxır ki, noyabrın 9-da Moskvada 3 dövlətin ən yetkili rəsmiləri görüşəcəklər və iki dövlət arasındakı sərhədlər məhz bu görüşdə müəyyənləşdiriləcək. Görünür, hökumətlərin işçi qrupunun 8-ci görüşünün 1-ci hissəsində əldə etdikləri razılaşmalar ölkə liderlərinin imzalaycağı sazişin əsas tezislər olacaq və Zəngəzurun taleyinin həll edəcəyinə inandığımız 8-ci turun ikinci hissəsi də məhz bu görüşdən sonra keçiriləcək.

Sonda onu da vurğulayaq ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrda görüşünün keçiriləcəyini Rusiyanın “RİA Novosti” agentliyi də təsdiqləyib.

Tarix: 23-10-2021, 13:51
Xəbəri paylaş



Xəbər lenti