Qarabağ erməniləri İrəvandan gələnləri daş-kəsəklə qarşıladı



Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən rus sülhməramlılarının məsuliyyət zonasında erməni separatçılarının keçirdiyi qondarma mərasimdə (“dqr”in 30-cu “müstəqillik günü”) insident yaşanıb.
Axar.az xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti İrəvandan gələn “Mülki müqavilə” fraksiyası deputatlarının insidentlə üzləşdiyini yazıb. Belə ki, Ermənistanın hakim partiyasının deputatlarının gəlməsindən xəbər tutan Qarabağda məskunlaşdırılan bəzi ermənilər daş-kəsəklə “silahlanaraq”, “Ermənistan” otelinin qarşısına yığılıblar və deputatlara daş atıb, təhqirlər yağdırıblar. Aydın olub ki, ora toplaşanlar övladları İkinci Qarabağ savaşında ölən əsgərlərin valideynləridir və onlar övladlarının ölümündə Ermənistan hakim partiyasını günahlandırırlar. Onlar deputatların Qarabağa gəlməyə haqqı olmadığını da bildiriblər.
“Mülki müqavilə” fraksiyası deputatları bu məlumatı təkzib etməyə çalışsa da, “Qraparak” təfərrüatı öyrənə bilib.
Məlum olum ki, erməni əhali deputatların ölən əsgərlərin basdırıldığı qəbiristanlığı ziyarət etməsinə imkan verməyib. Onların deputatların qaldığı “Ermənistan” otelinə girməsinə isə polis imkan verməyib.
“Mülki müqavilə” fraksiyasının deputatları ölən əsgərlərin doğmalarının aksiyasından xəbər tutaraq, qəbiristanlığı ziyarət etməkdən imtina ediblər. Yalnız bir müddətdən sonra xüsusi mühafizəçilərlə tez-tələsik qəbiristanlığa dəyib, şəkil çəkdirməyi və ziyarət etdikləri görüntüsünü yaratmağı bacarıblar.
Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının arxasında gizlənərək keçirilən təxribat xarakterli “mərasimə” Ermənistan hakimiyyətindən rəsmi şəkildə heç kəs qatılmayıb. Yalnız parlamentdə təmsil olunan fraksiyaların bir neçə deputatı gəlib.
Tarix: 3-09-2021, 07:39
Xəbəri paylaş



Xəbər lenti