Birinci Qarabağ müharibəsini uduzmağımızın daxili səbəbləri sonadək araşdırılmasa da, müəyyən çalışmalar olub, amma təəssüf ki, qiymət veriləndə də həqiqətdən çox tarixin saxtalaşdırıldığının şahidiyik. Ona görə də, real qiymətin veriləcəyini gələcək tədqiqatçılara buraxaq, indi bu barədə danışmaq niyyətimiz yoxdur. Xarici faktorlar içərisində isə indiyədək Rusiyanın adı ya ehtiyatla hallanmış, ya da ümumiyyətlə heç çəkilməmişdir. Ermənilər də guya bütün “qəhrəmanlıqları”özləri etmiş, “komandos” kimi şişirtmə sərkərdələr uydurmuşlar.
Bu gün “Armenian report”un müəlliflərindən olan Qalust Qriqoryanın Rusiya rəhbəri Vladimir Putini Ermənistanı satmaqda ittiham edən yazısından bir parça diqqət çəkdi. Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinlə Vladimir Putini müqayisə edib:
“Ermənistanda Yeltsinə münasibət ümumiyyətlə müsbətdir. Axı o, demokrat və imperiyaçı idi. Bəli, bu iki keyfiyyəti birləşdirmək ilk baxışdan çətindir. Ancaq Boris Nikolayeviç də bu alındı. Və Ermənistandakı demokratik qüvvələrə kömək etdiyi üçün biz ona minnətdarıq. O olmasaydı, Birinci Artsax müharibəsində heç bir qələbə olmazdı. Açığı o illərdə Rusiyanın dəstək faktorunu danmaq olmaz. Rusiya demokratları Artsax xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini dəstəklədi, çünki bu cür münaqişələrin necə həll edilməsi onların təfəkkürünə çox yaxındır. Üstəlik, Ermənistanın Rusiya üçün əvəzedilməz əhəmiyyətini başa düşdülər. Heç bir Gürcüstan, hələ xüsusilə əbədi olaraq Türkiyəyə bağlı olan müsəlman Azərbaycan, Rusiya üçün bizim ölkəni əvəz edə bilməz”. 90-cı illərin əvvəli Rusiya imperiyasının ən zəif vaxtları idi, amma o vaxtkı Rusiya dövlət başçısı Boris Yeltsin Ermənistana bütün köməkliyi göstərdi. Torpaqlarımızı 7-ci ordunun köməyi ilə işğal edib ermənilərə təhvil verdilər. Həmin hərbi birləşmənin ondan çox zabit və əsgərləri Azərbaycan hərbiçiləri tərəfindən əsir götürülmüşdü. Sonra onlar məhkəməyə çıxarıldılar və Azərbaycana qarşı törətdikləri cinayətlər sübut olundu. Yalnız 1993-cü ilin iyulunda münasibətlərin daha da kəskinləşməməsi üçün məhkum olunan hərbiçilər Rusiyaya təhvil verildi. Yeltsindən əvvəl də SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov o qədər Ermənistana kömək etmişdi ki, ermənilər onu Ermənistanın Milli Qəhrəmanı siyahısına saldılar.
Erməni müəllifin yazdıqları tarixdir-həm dünənki tarixdir, həm də bu günkü. Bu gün Cənubi Qafqazda “Gürcüstan və müsəlman Azərbaycan Rusiya üçün Ermənistanı əvəz edə bilməz” deyən müəllif həqiqəti söyləyir, çünki ermənilərdən fərqli olaraq tarixən gürcülər də, azərbaycanlılar da alət olmayıblar. Erməni isə üzü Roma imperiyasından bəri, Bizansın, Osmanlının, Rusiyanın aləti olub və həmişə də ağalarını satıblar, yeni ağa axtarıblar. Qul təfəkkürü. İndi də bir ayaqları gizli olsa da Qərbdədir və Rusiya bunu yaxşı bilir, ona görə də, bu alət dövləti bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə davam edir.
Torpaqlarımızın azad edilməsinin qarşısını təxribatla alan Rusiya, sülhməramlı adı ilə Qarabağın bir hissəsinə nəzarət edir və ermənilərin Qarabağda qalması üçün ikibaşlı siyasətini davam etdirir.
vəziyyət narahatçılıq sərhədlərini hər gün aşaraq gərginliyə doğru gedir və bu durumu mürəkkəbləşdirən Rusiyadır. Azərbaycan isə maksimum çalışır ki, Rusiyanı qıcıqlandıran siyasətə yol verməsin. Bu gün Azərbaycanın “Krım platforması”nda iştirak etməmsi də bu səbəbdəndir. Planet üçün təhlükəli olan bu dövlətlə ehtiyatlı hərkət etməyimiz zəruridir. Amma, bir yerə qədər. O yerin adı Qarabağdır, Azərbaycan torpağıdır. Qarabağ münaqişəsinin həssas dönəmini yaşayırıq. Bu həssaslığı biz nə qədər qorusaq da, Rusiya onu dəyərləndirmir və bu yerlərdə yenidən müharibə alovlandırmaq planını açıq ortaya qoyub. Ermənistanı silahlandırır, işğal altında olan torpaqlarda mövcud status-kvonu qoruyur, bizi 9 aydan çoxdur ki, o yerlərə yaxın qoymur. Bizim o yerlərdə uzunluğu lap bir metr olan bayrağımız dalğalanmadıqca, növbəti dəfə Xocalıda 50 metrlik yox, bizə yad olan 150 metrlik bayraqlar açılacaq. 2021-ci il bəzi fürsətləri qaçırdığımız il kimi davam edir və sonadək xüsusi dəyişiklik olacağı inandırıcı görsənmir. Amma, növbəti illər bizim diplomatiyamız üçün həqiqi hücum diplomatiyası olmalıdır. Müharibənin bitməsinin ildönümündən sonra Qarabağ torpaqlarına nəzarət edə bilməyimizin real mexanizmi gündəmə gətirilməlidir. Bu işi gündəmə Azərbaycan parlamenti gətirməli, payız sessiyasının elə ilk iclasındaca 10 noyabr üçtərəfli razılaşmanın həyata keçirilməsi müzakirə edilməli və uyğun qərar qəbul edilməlidir.
İlham İsmayıl
Tarix: 24-08-2021, 16:17