Elnur SadıxovPaşinyanın Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya və demarkasiyasını Minsk Qrupu çərçivəsində müzakirə etmək təklifi böyük tələdir. O, bununla Minsk Qrupunu diriltmək istəyir. Hər iki məsələ isə tələyə qoyulmuş yemdir. Paşinyan bilir ki, Azərbaycan bu məsələləri təzliklə həll etmək istəyir. Ona görə də hiyləgərliklə Minsk Qrupu çərçivəsində müzakirə təklifini irəli sürür. Bilir ki, Minsk Qrupu çərçivəsində danışıqlar sonrakı mərhələdə Qarabağın statusunu da əhatə edəcək.
Azərbaycan heç bir halda Minsk Qrupu tələsinə düşməməlidir. Tezliklə onun ləğv edilməsinə nail olmalıdır. Minsk Qrupunun mandatına nə sərhəd, nə də Zəngəzur dəhlizi məsələsi daxildir. Minsk Qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün yaradılıb. Dağlıq Qarabağ münaqişəsi isə 10 noyabr birgə Bəyanatıyla həll edilib. Ermənistan 10 noyabr birgə Bəyanatından imtina edirsə bu artıq Azərbaycana qarşı yenidən ərazi iddiasıyla çıxış etməkdir. Buna görə də Ermənistana siyasi və hərbi təzyiqlər gücləndirilməlidir. Paralel olaraq da Ermənistanı əvvəlki illərdə olduğu kimi təhrikçi mövqeyə sürükləyən havadarları neytrallaşdırılmalıdır. Bunun üçün də Türkiyə və Pakistanla daha real məzmun kəsb edən müttəfiqliq yaradılmalıdır.
Zəngəzur dəhliziylə bağlı məsələ 10 noyabr birgə Bəyanatıyla tənzimlənir. Ermənistandan götürdüyü öhdəliyə əməl etmək tələb edilməlidir. Sərhədlərin delimitasiya və demarkasiyasını isə “Altılıq platforması” çərçivəsində yaxud Gürcüstanın vasitəçiliyiylə də həll etmək olar.
Tarix: 13-08-2021, 18:00