Yeni müharibə haradan başlaya bilər?- “Lokal olacaq və Azərbaycanın xeyrinə bitəcək”


Yeni müharibə haradan başlaya bilər?- “Lokal olacaq və Azərbaycanın xeyrinə bitəcək”

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında 2 bəyanat imzalansa da, vəziyyət hələ də gərgin olaraq qalır.
10 noyabr üçtərəfli birgə bəyanatın imzalanmasından 9 ay ötsə də, Ermənistan tərəfi hələ də atəşkəsi pozur.
Son 1 ayda demək olar ki, hər gün Azərbaycan dövlət sərhədində atəş səsləri eşidilir. Bundan başqa, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın revanşist çıxışları da diqqətdədir. Erməni tərəfi Qarabağda yenidən vəziyyəti gərginləşdirmək üçün Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır.
Rus sülhməramlıların nəzarətində olan Laçın dəhlizindən Qarabağa mülki formalı əsgərlər, eləcə də silahlar danışınır. Müharibədə uduzmuş, kapitulyasiya sənədinə imza atan Ermənistanın Qarabağda bu qədər silah nəyinə lazımdır? Kim və ya kimlər Qarabağ probleminin birdəfəlik həll olunmasını istəmir? Qarabağda yeni müharibə olacağı təqdirdə harada başlayacaq?
Cebhe.ino-ya danışan politoloq Məhəmməd Əsədullayevin sözlərinə görə, Rusiya çalışır ki Ermənistan razılaşmaları yerinə yetirməsin:

“Ümumiyyətlə, Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmalarını həyata keçirməməsi, Rusiyanın aktiv şəkildə moderator rolunun almasına baxmayaraq, Moskva erməniləri dəstəkləyir, onun arxasında durur. Rusiya çalışır ki, Ermənistan qəbul edilmiş razılaşmaları yerinə yetirməsin. Hətta Arşak Karapetyan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşərək Ermənistan ordusunun təchizatının formalaşmasında əlindən gələni edəcəklərini deyir. Bu isə Azərbaycana qarşı təzyiqə hesablanıb. Müharibədən 9 ay keçməsinə baxmayaraq, Ermənistan razılaşdırılmış öhdəlikləri yerinə yetirmədi.
10 noyabr birgə Bəyanatının 4-cü bəndini, xüsusilə erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını rus sülhməramlıları təmin etməlidir. Bu da onu göstərir ki, Rusiya sülhməramlıları Qarabağda erməni separatizminə dəstək olaraq Azərbaycana qarşı təzyiq üçün istifadə etməyi düşünür. Başqa sözlə, 10 noyabr Bəyanatı Rusiya və Ermənistan tərəfindən tanınmır. Hətta Ermənistan Xarici İşlər Nazirliyi qeyd etdi ki, silahlı birləşmələrin Qarabağdan çıxarılması kimi bir razılaşma yoxdur. Bu, o deməkdir ki, tərəflər bəyanatı pozur. Azərbaycan konkret olaraq bu razılaşmanın həyata keçirilməsində maraqlıdır. Azərbaycana qarşı bir tərəfdən silah işlədilir, mövqelərimiz atəşə tutulur, bu proseslər fonunda rus sülhməramlıları sakit durub”.
Politoloq yeni müharibənin də başlayacağı təqdirdə Azərbaycanın xeyrinə bitəcəyini vurğulayıb: “Qarabağda yeni bir müharibə başlayacağı təqdirdə lokal xarakterli olacaq. Azərbaycan tərəfi ilk növbədə Laçın dəhlizində postlar quraraq dəhlizə giriş-çıxışa nəzarəti ələ almalıdır. Düşünürəm ki, bunun zamanı artıq çatıb. Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya verdiyi nota sıradan bir siyasi hadisə deyil. Azərbaycan bununla demək istəyir ki, mən konkret olaraq əməliyyatlar keçirəcəyəm”.
Politoloq bildirib ki, Laçın dəhlizinə çıxmaqla biz Qarabağda olan erməni silahlıların varlığına son qoya bilərik:
“Müharibə başlayacağı təqdirdə bu, sülhə məcbur etmə əməliyyatları ola bilər. Bizə qarşı silah işlədilirsə, imzalanmış bəyanatlar yerinə yetirilmirsə, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Əməliyyatlar başlayacağı təqdirdə bu, Azərbaycanın xeyrinə olacaq. Amerika və Avropa İttifaqı Azərbaycana qarşı təzyiqlər göstərir. Azərbaycan Ankara və Londonla bu istiqamətdə əməkdaşlığı daha da intensivləşdirəcək. Qərblə siyasi diplomatik əlaqələri gücləndirilməlidir”.
Tarix: 12-08-2021, 22:30
Xəbəri paylaş



Xəbər lenti