"Ermənistan istəyir ki, biz 7 kənd üçün hərbi əməliyyata başlayaq" - Detallar üzə çıxdı


Son günlər Ermənistan tərəfi dövlət sərhədində narahatlıqlar yaratmaqda davam edir. Ermənilər müxtəlif təxribatlara əl atırlar. Baş nazir Nikol Paşinyan da Qazaxın işğal olunmuş kəndləri ilə sərhədə gedir. Üstəlik, bunlar son dərəcə həssas bir dönəmdə baş verir. Üçtərəfli bəyanatın müddəaları isə 8-9 aydır ki, tam olaraq yerinə yetirilməyib. Burada da əsas məsuliyyət Ermənistanın üzərinə düşür.
 
Təxribatların məqsədi nədir? İrəvan təxribat addımlarını nəyə hesablayır?
 
Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində bu suallara aydınlıq gətirməyə çalışıb.
 
- Son günlər ermənilər sərhəd xəttində atəşkəsi tez-tez pozurlar. Hətta rusiyalı sülhməramlıların olduğu yerlərdə də ermənilər təxribata əl atırlar. İrəvan bununla nəyə nail olmaq istəyir? Təxribatlar törətməkdə məqsədləri nədir?
 
- Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozmaqla İrəvanın əsas məqsədi ötən ilin 10 noyabrında imzalanan üçtərəfli sazişdən irəli gələn məsələlərin həllini yubatmaqdır. Aydındır ki, burada bir çox aktual məsələlər var. Kommunikasiyaların açılması, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması, eyni zamanda hələ də Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində erməni yaraqlılarının olması məsələsi gündəmdə qalmaqdadır. Erməni silahlı birləşmələri bizim ərazilərimizdən tamamilə çıxarılmalıdır. Ermənistan bu kimi məsələləri yubatmağa çalışır. Həmin məsələləri kölgədə saxlamaq, gündəmdən uzaqlaşdırmaq üçün sərhəd bölgələrində gərginlik yaradırlar. Atəşkəsi pozmaqla Ermənistan maneə elementlərindən istifadə etməyə cəhdlər göstərir. Digər tərəfdən, obyektiv olaraq qiymətləndirmə aparanda görürük ki, Azərbaycan sərhədçiləri mövqelərimizi sərhəddə möhkəmləndirməkdədir. Daha doğrusu, möhkəmləndirmirlər, tamamilə yenidən qururlar. Çünki bu vaxta qədər orada mövqelər, infrastruktur olmayıb. Demək olar ki, sərhəd açıq idi. İndi orada infrastruktur qurulur. Bu infrastrukturun çox çətinliklə qurulduğunu da bilirik. Həmin istehkamların, sərhəddə infrastrukturların qurulmasına maneə törətmək üçün Ermənistan tərəfindən bu cür təxribatçı addımlar atılır. Təxribatlar bir-birini əvəzləyir. Bizim mövqelərimizi atəşə tuturlar. Onlar çalışırlar ki, biz orada xüsusi kommunikasiyalar, sərhəd qurğuları yaratmayaq. Nəzarət postlarımızı qurmağa imkan vermirlər. Atəşkəsi pozmaqla ermənilər bu məqsədləri güdürlər.
 
- Ötən gün erməni mediası xəbər yaydı ki, rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə toqquşmalar olub. Ermənilərin təxribatçı addımları davam edərsə, Azərbaycan Qarabağda anti-terror əməliyyatlarına başlaya bilərmi? Yaxud sülhə məcburetmə əməliyyatları yenidən gerçəkləşəcəkmi?
 
- Bunun üçün yetərincə əsaslarımız var. Digər tərəfdən, bu ərazilərdə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Əgər bu ssenari reallaşsa, biz bu və ya digər şəkildə rusiyalı sülhməramlılarla üz-üzə qalmış oluruq. Əslində, Ermənistanın da niyyəti ondan ibarətdir ki, biz sülhməramlılarla üz-üzə qalaq. Burada gərginlik yaransın və həmin gərginlik Moskva ilə Bakı arasında yaşansın. Ermənistan da bundan istifadə edərək Rusiyanı Azərbaycana qarşı yönəltsin. Bu ssenari ermənilər üçün məqbul sayılır. Ona görə də bu cür təxribatçı addımlara rəvac verirlər. Düşünmürəm ki, biz onlara bu cür sürprizlər edəcəyik. Onlara bu kimi situasiyanı hədiyyə etməyəcəyik. Digər tərəfdən, Rusiya ilə danışıqlar da aparırıq. Yəni bu kimi təxribatçı hallar baş verməsin. Çünki Moskva da dərk etməlidir ki, ermənilər bu cür təxribatlarla Rusiya ilə Azərbaycanı üz-üzə qoyurlar. Bu zaman xoşagəlməz geosiyasi hallar baş verə bilər. Bunu nə Moskva, nə də Bakı istəyir. Ona görə də bir az ehtiyatlı davranmalı, təmkinlilik nümayiş etdirməliyik. O biri tərəfdən əməli, konkret addımlar atmalıyıq. Ermənilərin Azərbaycan ərazilərindəki yaraqlılarını tərk-silah etməliyik. Yeri gəlmişkən, Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi var. Onlar da bu istiqamətdə fəaliyyət göstərirlər. Onların da bir sıra vəzifələri var. Düşünürəm ki, Monitorinq Mərkəzi öz vəzifələrindən, səlahiyyətlərindən istifadə edərək Ermənistana müəyyən təzyiqlər etməlidir. Bu məsələdə artıq Türkiyənin də rolu görsənir.
 
- Bu arada, Türkiyə tərəfindən də bəyanat gəldi. Ankara bildirdi ki, İrəvan təxribatçı addımlarına davam edərsə, Bakı yenidən hərbi əməliyyatlara başlasa, bu dəfə havadarları da onlara kömək edə bilməyəcək. Bu, mümkündürmü?
 
- Əslində, mümükün ola bilər. Artıq son həftələrdə bizim Türkiyə ilə strateji-hərbi müttəfiqliyimiz yaranıb. Bu hərbi-strateji müttəfiqliyimiz tamdır. Şuşa Bəyannaməsi ilə bizim bu istiqamətdəki münasibətlərimiz tamamilə rəsmiləşib. Biz hərbi müttəfiqik. Belə olan halda Türkiyə hərbi müttəfiqliyi nəzərə alaraq dərhal Azərbaycanı dəstəkləyəcək. O cümlədən, hərbi cəhətdən dəstək verəcək. Burada bir məsələ var ki, Türkiyə ilə Rusiya arasında da rabitələr mövcuddur. Bu rabitələrin Liviyada, Suriyada olduğunu bilirik. Türkiyə ilə Rusiya arasında hərbi-texniki istiqamətdə də münasibətlər inkişaf edir. Buna görə Türkiyə hətta NATO-dakı müttəfiqlərinin təzyiqləri ilə üzləşir. Buna rəğmən, Ankara ilə Moskva arasında münasibətlər qurulur. Düşünmürəm ki, belə bir vəziyyətdə Rusiya Türkiyə ilə münasibətləri pozmaq istəyəcək. Çünki Ermənistan indiyə qədər Rusiyaya heç nə verməyib. İrəvan bu vaxta qədər Moskvaya heç bir qazanc gətirməyib. Fikrimcə, bu kompleks məsələləri nəzərə almalıyıq. Ona görə də indiki həssas dönəmdə hərbi-diplomatik səylərə ehtiyac yaranır. Azərbaycan-Türkiyə-Rusiya daxili münasibətlər mexanizmini hərəkətə gətirərək məsələni çözməlidir. Hər halda Prezident İlham Əliyevin də Moskvaya səfəri onu göstərir ki, rəsmi Bakı diplomatik yollarla bu məsələni çözməyə çalışır.
 
- Bəs hərbi hazırlıq, hərbi ritorika arxa plana keçməlidir?
 
- Xeyr. Hərbi hazırlıq həmişə ön planda olmalıdır. Prezidentimiz də dəfələrlə vurğulayıb ki, dəmir yumruq yerindədir. Heç kəs düşünməsin ki, danışıqlar masasında bu məsələ uzanacaq. Əlbəttə, buna yol vermək olmaz. Hərbi mexanizmlərdən də istifadə etmək lazımdır.
 
- Erməni mediasında Qazaxın 7 kəndinin qaytarılması ilə bağlı müxtəlif fikirlər yer alır. Bu kəndlər hərbi, yoxsa üçtərəfli razılaşmanın bəndlərinə uyğun formada, sülh yolu ilə qaytarılacaq?
 
- Bir neçə ay öncə tərəflər üçtərəfli komissiyanın yaradılması ilə bağlı qərar qəbul etdilər. Təəssüflər olsun ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində bu komissiya işinə başlamayıb. Amma Rusiya tərəfi bu komissiyanın fəaliyyətində maraqlı olduğunu bildirib. Azərbaycan da maraqlıdır ki, komissiya işləsin. Mən düşünürəm ki, bu komissiya işləməlidir və nəticəsi də Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması olmalıdır. Eyni zamanda Kərki kəndi də Azərbaycanın nəzarətinə verilməlidir. Bu, olmazsa olmazdır. Mütləq baş verməlidir. Qarabağ və ətraf 7 rayon məsələsinin də hamısının vaxtilə qaytarılmasını təkid edirdik. Bu məsələdə də güzəştə getmək mümkün deyil. Bu ərazilər də birmənalı olaraq Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Ermənistan istəməsə, buna getməsə, biz təzyiq və güc vasitəsi ilə bunu edə bilərik. Bir tərəfdən, biz bunu hərbi təzyiqlərlə etməliyik, digər tərəfdən, hərbi təxribatların qarşısını almaq üçün hərbi infrastrukturumuzu gücləndirməliyik. Sonra diplomatik təzyiq yolları ilə kəndlərin qaytarılmasını ermənilərdən tələb etməliyik. Başqa variant yoxdur. Ermənistan da istəyir ki, biz 7 kənd üçün hərbi əməliyyata başlayaq. Qazax istiqamətində birbaşa hərbi əməliyyat bir qədər risklidir. Ona görə ki, ermənilər bundan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək istəyirlər. Deyəcəklər ki, baxın, Azərbaycan artıq bizim sərhədlərimizə hücum edir. Ona görə də diplomatik səylərin vacibliyini burada görməzdən gəlmək olmaz. Qazaxın kəndlərini hərbi-texniki baxımdan qaytarmaq çox asan məsələdir. Çünki ermənilərin elə bir ordusu yoxdur. Amma biz bu məsələnin siyasi əks-sədasını, məsuliyyətini dərk edərək bu istiqamətdə addımlarımızı bir qədər ehtiyatlı atmalıyıq.

Tarix: 27-07-2021, 16:53
Xəbəri paylaş



Xəbər lenti