Qarabağın ermənilərin nəzarətində olan bölgəsində intensiv şəkildə evlərin tikintisinə başlanıb.Ovqat.com-un məlumatına görə, bunu qondarma “DQR”-nın “şəhərsalma naziri” Aram Sarkisyan mediaya açıqlamasında deyib.
Sarkisyan bildirib ki, hazırda Qarabağın dağlıq hissəsində 2500 ev tikilir. Eyni sayda evin isə tikilməsi planlaşdırılır. “Nazir”in sözlərinə inansaq, evlər “Ermənistan” Ümumerməni Fondunun ayırdığı 200 milyon dollarlıq vəsait hesabına inşa olunur.
"Ümumiyyətlə, biz 5 minə yaxın köçkün evi tikməliyik. Tikinti işləri mesenatların və "Ermənistan" ümumerməni fondunun maliyyə vəsaitləri hesabına fəal şəkildə davam edir",— deyə Aram Sarkisyan bildirib ki, tikinti üç il ərzində başa çatdırmalıdır: "Bizim məqsədimiz hər bir köçkünün Qarabağda ev almasını təmin etmək və heç kimin ölkədən çıxıb getməsinə yol verməməkdir".
Tikintidə işləyən Yeghegnadzor sakini bildirib: ““Artsax” kiçik olsa da, burada aparılan tikinti miqyası o qədər böyükdür ki, kəskin işçi qüvvəsi çatışmazlığı var. Ermənistandan inşaat heyətlərinin gətirilməsi belə bu tələbi qarşılamır. Burada çoxlu iş var və yaxşı pul verirlər”.
Qeyd edək ki, ermənilər hələ 44 günlük müharibə başlamamışdan bir neçə il əvvəl Dağlıq Qarabağ əhalisinin sayını Suriyadan, Livandan və s. kimi ölkələrdən didərgin düşmüş soydaşlarının sayəsində artırırdılar. Onlarda belə bir inam vardı ki, yaxın gələcəkdə bölgədə referendum keçirilə və Qarabağ sakinləri öz müqəddəratlarını bu cür həll edə bilərlər. Buna görə də mümkün olduğu qədər əhalinin sayı başqa ölkələrdə yaşayan ermənilərin Qarabağa köçürülməsi sayəsində artırılmalıdır.
Azərbaycan qanunvericiliyi isə ayrıca götürülmüş hər hansı regionda referendum keçirilməsini qadağan edir. Referendum bütün respublika ərazisində və seçmək hüququ olan bütün Azərbaycan vətəndaşlarının iştirakı ilə keçirilə bilər. Təbii ki, Azərbaycan insanının “xəyali” referendum keçiriləcəyi təqdirdə belə, tərcihinin ermənilərin arzusunu gözündən qoyacağı indidən bəllidir.
Ermənilərin referendum xəyalına düşməsi əslində təsadüfi deyil. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun Madrid prinsipində ermənilərin işğal etdiyi 7 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti öz əksini tapmışdı. Ermənilər də statusun referendumla müəyyənləşəcəyini düşünürdülər. Həmin rayonlar isə sülh yolu ilə qaytarmadıqlarına görə, faktiki Madrid prinsipləri əhəmiyyətini itirib və Azərbaycan prezidenti də dəfələrlə bunu bəyan edərək Dağlıq Qarabağın statusunun “cəhənnəmə getməsini” vurğulayıb. Odur ki, Ermənilərin bu boş xəyala düşməsinin hazırda heç bir əsası qalmayıb.
Bununla belə, Azərbaycanlıların 30 il əvvəl zorla çıxarıldığı bölgəyə xaricdən ermənilərin köçürülməsi Qarabağın demoqrafik tərkibini dəyişməyə xidmət edir və heç bir qanun çərçivəsinə sığmır. Eyni fəaliyyətin bu gün də sürətlə davam etdirilməsi Azərbaycanın təhlükəsizlik perspektivi üçün ciddi problem yaradır. Müvafiq qurumlar bu məsələnin qarşısını almağa çalışmalıdır.
Tarix: 22-07-2021, 09:36