Bir millətin özünə etdiyi ən böyük pisliyi onun özündən savayı kimsə edə bilməz. Doğrudan da, Allah bir kəsi və ya toplumu cəzalandırmaq istəyəndə öncə onun ağlını əlindən alır. Söhbətimiz yenə Türkə nifrəti ükənməyən, bu boyda həngamədən sonra da ağıllanmaq istəməyən xəbis qoşunlar haqdadır.
Hərçənd 20 iyun seçkilərinin nəticələri göstərdi ki, erməni toplumunun haradasa 25%-i haqq yoluna gəlmək istəyir. İmkan versələr təbii ki. Bu rəqəm (25%) – baş nazir əvəzi Paşinyanın partiyasının aldığı səslərin ümumi elektorata olan nisbətidir. Yerdə qalan 75%-in təxminən 50%-i seçkilərdə iştirak eləməyib. Yəni hələ bilinmir ki, onlar da ağıllanmaq niyyətindədirlər, ya sadəcə, seçkiləri erməni cəmiyyətinin taleyində önəmli saymırlar.
Ancaq həmin “passiv” hissə, üstəgəl, daşnaklarla eyni blokda seçkilərə qatılmış eks-prezident, Xocali hərbi canisi Robert Köçərayanın aldığı səslər böyük təhlükə qaynağı ola bilər. Ən əvvəl də öz qabiliyyəti, ümumın özü barədə anormal dərəcədə yüksək fikirdə olan bu bədbəxt xalq üçün...
Yeri gəlmişkən, 44 günlük müharibədə haqq etdiyi cəzanı artıqlaması ilə alan işğalçı ölkədə altdan-altdan erməni gənclərinin beyinlərinin təzədən “yuyulması” prosesi gedir. Əlbəttə ki, onlara yenə sərsəm “miatsum” ideyası, heç vaxt mövcud olmamış “dənizdən-dənizə Ermənistan” cəfəngiyatı təbliğ edilir, dönə-dönə “1 nömrəli düşmən”in kim olduğu aşılanır, ermənilərin millət olaraq “unikallığı” təlqin edilir, Qaregin Njde, Monte Melkonyan kimi faşist-terrorçular kumir qismində təbliğ olunur. Ən qorxulusu təbliğatda keçən belə bir “qırmızı xətt”dir ki, guya 2-ci Qarabağ müharibəsində “qəhrəman erməni xalqı” məğlub-zad olmayıb (Görəsən ordusu darmadağın edilən kim imiş, yadplanetlilərmi?..)
Bir sözlə, yenə faşizm ideologiyasının, ksenofobiyanın, zorakılığın təbliği, qisas və müharibə çağırışları. Halbuki Qarabağda işğalçı hərbçilərin leşlərini 8 aydır yığıb qurtara bilmirlər.
Bu xüsusda 2021-ci ilin martında Ermənistanda fəaliyyət göstərməyə başlamış POGA “Hərbi-vətənpərvərlik məktəbi” daha çox diqqət çəkir. Erməni xalqının faktiki ən böyük düşməni olan erməni lobbisinin maliyyələşdirdiyi bu məktəbsə gənc erməni oğlanlar və qızlara neçə aydır pulsuz şəkildə döyüş texnikasına yiyələnmək, atəş açmaq, ilk tibbi yardım göstərmək vərdişləri öyrədilir. Təlimə cəlb olunanlar həmçinin psixoloji hazırlıq keçirlər. Bir növ, ASALA terror təşkilatının üzvləri kimi.
Təsadüfi deyil ki, məktəbin fəaliyyəti radikal millətçilik və anti-türkçülük üzərində qurulub, təşkilatın Facebook səhifəsində müntəzəm surətdə nasist Njdedən, terrorçu Melkonyandan sitatlar verilir. Hamısında da müharibəyə çağırış: “Düşmənimiz dəyişməyib!”, “Ruhdan düşməyə haqqımız yoxdur!”, “Nəhəng güc olaq və bütün dünyaya sübut edək ki, yenilməmişik!”, “Biz güclü olmalı, xalq-orduya çevrilməliyik!”
Gələn informasiyalara əsasən, təlim-tədris paytaxt İrəvanla yanaşı, başqa bölgələrdə də aparılır. Türkə nifrəti təbliğ edən bu təlimlərdə gənc erməni qadınlarının cəlb olunması isə ikiqat narahatlıq doğurmaıdır. Çünki onlar yüzdə yüz öz uşaqlarını da bu ruhda tərbiyə edəcəklər. Axı nifrətin təbliği olmasa, nifrət də olmaz.
Bundan əlavə, artıq silahla davranmağı öyrənmiş gənclər sabah Azərbaycanla dialoq tərəfdarı olan praqmatik düşüncəli, Paşinyanı dəstəkləyən erməni gənclərinin də düşməninə, qəniminə çevriləcək. Odur ki, Nikol Paşinyan əgər səmimi şəkildə bölgədə yeni müharibə yox, sülh istəyirsə, erməni xalqının bir daha müsibət yaşamasını arzulamırsa, bir an öncə belə məktəbləri bağlamalıdır. Heç olmasa, İrəvan küçələrində erməni qanının su yerinə axmaması naminə...
Zahid SƏFƏROĞLU
Tarix: 13-07-2021, 23:04