"
Biz açıq şəkildə bildirmişik ki, noyabrın 9-dan etibarən xəritələr (minalanmış ərazilərin xəritələri) Azərbaycana verilməli idi, lakin əsirlərin Azərbaycan tərəfindən qaytarılması prosesi ləngidiyindən biz də xəritələrin verilməsi prosesini dayandırdıq”. Ovqat.com xəbər verir ki,
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkənin İctimai televiziyasına verdiyi müsahibəsində belə deyib:
O, əlavə edib ki, Ermənistan əsirlərin azad edilməsi üçün istənilən “
böyük addımlara” hazırdır:
“
Vətəndaşlarımız bizim üçün prioritetdir və ümumiyyətlə, soydaşlarımızın Ermənistana qaytarılması üçün böyük addımlara hazırıq. Biz müvafiq humanitar addım atmağa hazırıq". Qriqoryanın bu sözləri istər-istəməz bu sualı ağla gətirir:
İrəvan hansı “böyük humanitar addımlar”dan bəhs edir? Axı, məlum olduğu kimi, Ermənistanın əlində Azərbaycanlı əsirlər yoxdur. Bizim Qarabağdakı kimi humanitar dəhlizə ehtiyac duyulan ərazimiz də mövcud deyil.
Azərbaycanın əlində isə özlərinin bildirdiyinə görə, hələ də yüzlərlə əsir var. Və biz onların 15-ni 92 minlik mina xəritəsinə dəyişirik. Yəqin ki, bundan sonra bu qarşılıqlı mübadilə prinsipindən vaz keçməyəcəyik.
Elədirsə, ermənilər digər əsirləri azad etmək üçün daha hansı böyük “humanitar addımlar” atmağa hazırlaşırlar? Fikrimizcə, Qriqoryan bu sözlərlə erməni ictimaiyyətini Zəngəzur dəhlizinin açılmasına hazırlayır. Təsadüfi deyil ki, bu məsələ Qriqoryanın həmin çıxışı etdiyi gün keçirilən Paşinyanla Putin arasındakı görüşdə də müzakirə olunub. Ermənistan Baş naziri Rusiya liderinə xatırladıb ki, hələ
2019-cu ildə İrəvanda onunla Cənubi Qafqaz dəmir yolu layihəsi ilə bağlı məsələləri müzakirə ediblər və “hazırkı böyük investisiya proqramı Ermənistan üçün çox yaxşı xəbərdir". Paşinyan həmçinin qeyd edib ki, Ermənistanda Yeni "Cənubi Qafqaz dəmir yolu" (CQD) İnvestisiya Proqramı tam sürətlə gedir.
Paşinyanın iddiasına inansaq, 2020-ci ilin yanvar-may aylarında Ermənistandan Rusiyaya ixrac təxminən 30% artıb və hardasa 290 milyon dollar təşkil edib. CQD açıldıqdan sonra bu göstərici daha da arta bilər.
Göründüyü kimi, Ermənistan Baş naziri Cənubi Qafqaz dəmir yolunun açılmasını ölkəsinin başlıca prioriteti kimi görür və bunu açıq şəkildə ifadə etməkdən çəkinmir. Üstəlik, bu planın hələ 2 il əvvəl Ermənistanla Rusiya liderlərinin gündəliyində olduğunu da gizlətmir.
İki dövlət arasında yeganə dəmir yolu xətti var və bu xətt İrəvandan başlayıb Naxçıvan üzərindən Zəngəzur dəhlizinə, ordan isə Azərbaycandan keçməklə Rusiyaya çıxır. Sözsüz ki, Zəngəzur dəhlizi təkcə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsinə xidmət edə bilməz. Bu dəhliz vasitəsilə Türkiyənin də Bakıya və ordan Xəzər dənizi vasitəsilə Orta Asiyaya açılacağı gözlənilir. Mərkəzi Asiya ölkələri də Zəngəzur dəhlizinə ciddi maraq göstərirlər.
Tarix: 8-07-2021, 08:32