Azərbaycan – Ermənistan sərhədində baş verənlər kimin planıdır?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı Azərbaycan və Ermənistan arasında yaranan sərhəd gərginliyi ilə bağlı müəmma davam edir. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar barədə Azərbaycan tərəfi heç bir rəsmi açıqlama vermir. Ancaq qarşı tərəf, Azərbaycanın geri çəkiləcəyi ilə bağlı məlumatları artıq paylaşmaqdadır. Əvvəla, Azərbaycan tərəfin əvvəldən bu gərginliklə bağlı məlumatları cəmiyyətdən saxlaması, müəyyən şübhələrə yol açırdı. Çünki, hakimiyyətin ermənilərin nəzarətində olan ərazinin geri qaytarılaraq, qanuni dövlət sərhədinin bərpasından öz təbliğatı üçün istifadə etməməsi müəmmalı idi. Görünür, bu irəliləmənin müvəqqəti olduğu əvvəlcədən nəzərə alındığı üçün, hakimiyyət məsələni daxili ictimai rəydən uzaq tutmağa çalışıb. Belə nəticə çıxır ki, bu məsələ Lavrovun Bakı səfəri zaman razılıaşdırılıbmış və məqsəd seçki ərəfəsində olan Ermənistanın daxili ictimai rəyinə təsir etmək olub. Çünki, əgər məqsəd Azərbaycanın Sovet dövründə olan dövlət sərhədini bərpa etmək idisə, o zaman, bu niyə əvvəldən gizli saxlanılırdı və sonra da niyə Azərbaycan tərəfi öz sərhədçilərini geri çəkməyə razı olub? Axı, əvvəlcədən bu məsələni gündəmə gətirib, XİN səviyyəsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaq olardı və keçmiş Sovet dönəminə aid sərhəd xətləri əsasında demarkasiyanın aparılmasına diqqət yönəldilə bilərdi. O zaman, sərhədçilərimizin tutduqları mövqelərdə qalması da, hüquqi və siyasi baxımdan indi dünya üçün daha haqlı görünərdi. Demək ki, məqsəd heç də köhnə sərhəd xəttinin bərpası niyyəti olmayıb. Yox, məqsəd sadəcə Azərbaycan ərazisini genişləndirmək olubsa, o halda Dağlıq Qarabağın işğalda qalan ərazilərini qoyub, Ermənistanla sərhəddə bunu etmək nə dərəcədə məntiqə uyğundur? Bilə bilə ki, belə bir irəliləmə Ermənistana Rusiyanın patronajlıq etdiyi Kollektivi Təhlükəsizlik Şurasını işə qatmaq üçün əsas verəcək. Xatırladaq ki, heç Tovuz ərazisindəki hərbi toqquşma zamanı, Azərbaycan məhz bu səbəbdən, Ermənistan ərazisinə hərbi müdaxilə etməmişdi. Demək ki, məqsəd ərazi genişləndirmək planı da deyilmiş. O zaman ortada bir ehtimal qalır. Belə çıxır ki, seçki ərəfəsində olan Ermənistan cəmiyyəti üzərində Azərbaycan vasitəsilə hərbi təhlükə qorxusu yaradılır və bu təhlükədən qorunmağın yolunun Rusiya himayəsindən keçdiyi fikri aşılanır. Bu da seçki rəqabətində Rusiya meyilli qüvvələrin daha çox dəstək qazanmasına hesablanıb. Baş verən gərginliyin, məhz Lavrovun səfərindən dərhal sonra meydana çıxması, bu ehtimalı daha da gücləndirir.