Paşinyanın Zəngəzur kabusu: “Azərbaycan ordusu "Sünik" ərzisinə girdi”


 
 
Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın dövlət sərhədini keçərək 3,5 kilometr irəliləyib və Sünik (Zəngəzur) bölgəsindəki Qara gölünü ələ keçirməyə çalışırlar.
 
Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bu həyəcan siqnalını çalıb. 
 
Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri “lazımi tədbirlər” görməyə hazırdır, lakin vəziyyəti danışıqlar və sülh yolu ilə həll etməyə üstünlük verir.
 
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan qüvvələri arasında atışma olmayıb, lakin vəziyyət xeyli gərgin olaraq qalır. Onun iddiasına görə, rəsmi Bakı guya “icad etdiyi” xəritələri göstərir və ərazinin onlara aid olduğunu sübut etməyə çalışır, lakin Sovet xəritələri bunun əksini göstərir: “Ora Ermənistanın qanuni ərazisidir”.


 
Erməni mediasının digər məlumatına görə, dünən Rusiya Xarici İşlər naziri Lavrov da erməni həmkarına zəng edib və tərəflər arasındakı söhbətin əsas mövzusu məhz Azərbaycan ordusunun Zəngəzur əməliyyatı ilə bağlı olub.
 
Qeyd edək ki, erməni rəsmilərinin bu həyəcana qapılması gözlənilməz deyildi. Rusiya Xarici İşlər naziri Lavrovun Bakı səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə dilə gətirdiyi bəzi fikirlər Ermənistanda ciddi müzakirələrə yol açmış, bir çox erməni ekspertləri Rusiyanın Zəngəzur məsələsində Azərbaycana güzəştə getdiyini irəli sürmüşdülər. Erməni politoloqlarının bu qənaətə gəlməsində Lavrovun Zəngəzur dəhlizinin regional maraqları aşdığını və beynəlxalq sifarişə çevrildiyi barədə fikirləri önəmli rol oynamışdı. Xatırladaq ki, mayın 10-da baş tutan görüşdə Lavrov belə demişdi: “Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Əlbəttə, bu, müxtəlif marşrutların çox müfəssəl müqayisəsi ilə bağlıdır. Lakin biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, - bu isə potensial baxımdan çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır, - onda biz müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik”.

Halbuki, həmin Lavrov bir neçə gün əvvəl səfərdə olduğu İrəvanda tamamilə başqa fikirlər söyləmişdi. O, erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətləri tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır. Lavrovun məntiqindən belə çıxmışdı ki, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. İrəvandan Moskvaya qayıdıb, ardınca Bakıya gələn Lavrovun Zəngəzur dəhlizinin regional maraqları aşan beynəlxalq layihə olduğunu bildirməsi Ermənistanda şok effekti yaratmışdı. Bu mövqe dəyişikliyi tək ermənilərin deyil, dünya mediasının da diqqətini çəkmişdi. Hətta bəzi KiV Lavrovu İrəvanda gen boğazdan çıxardığı səsləri Bakıda təkrarlaya bilməməkdə günahlandırmışdılar.


"Nə oldu bəs, Paşinyan?!"
 
Lavrovun son fikirləri Prezident İlham Əliyevin elə həmin gün Naxçıvana səfəri zamanı Az TV-yə verdiyi müsahibəsində Ermənistan dəmir yolları ilə bağlı səsləndirdiyi bəzi sözlərlə paralellik təşkil edirdi. “Bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. - ölkə başçısı Az TV-yə müsahibəsində belə demişdi. İlham Əliyev həmçinin vurğulamışdı ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”
 
Prezidentin bu sözlərinin fonunda Lavrovun nəqliyyat dəhlizlərini regional maraqları aşan beynəlxalq əhəmiyyətli layihə adlandırması İrəvanda Rusiyanın Azərbaycan-Türkiyə tərəfə meyllənməsi və beynəlxalq aləmdən təcrid olunan Moskvanın özünə yeni sığınacaq liman axtarması kimi qiymətləndirilmişdi. Erməni analitikləri bunu açıq şəkildə dilə gətirir və öz “strateji müttəfiqlərini” “xəyanətdə” günahlandırırlar. “Armenianreport” nəşrinin analitiki Qalust Qriqoryan mayın 10-da dərc olunan Sonun dəhşətli perspektivləri” adlı məqaləsində yazırdı: 
 
“Zəngəzur dəhlizi Bakının arzuladığı kimi açılacaq. Uduş da Azərbaycanla Türkiyənin olacaq. Rusiya da buna etiraz etmir. Rusiya tərəfindən Əliyevə təzyiq yoxdur. Paşinyana isə təzyiq edilir. Ona aydın şəkildə deyirlər ki, gələcəyi Putindən asılıdır. Özü də təkcə siyasi gələcəyi yox. Nikolun həyatı da indi siyasi təcrid vəziyyətində olan Putinin əlindədir”. 


 
Qalust Qriqoryanın fikrincə, beynəlxalq aləmdən təcrid olunan Moskva istər-istəməz Azərbaycan-Türkiyə-İsrail ittifaqının ətəyindən tutub fırlanmağa məhkumdur:  “9 may tarixində Moskvada keçirilən paradda kimlərin iştirak etdiyinə baxın. Yalnız Tacikistan Prezidenti Rahmon… Halbuki, elə vaxtlar olub, 9 May bayramında iştirak etmək üçün bütün fövqəldövlətlərinin liderləri Moskvaya uçublar. İndi bu, yoxdur və gələcəkdə də olmayacaq. Rusiya artıq təcrid olunmuş ölkəyə çevrilib. Odur ki, Türkiyə-Azərbaycan-İsrail ittifaqından yapışır. Ermənistan isə Rusiya üçün tutacaqsız çamadandır: pulu yoxdur, amma siz onu əldə tutmalısınız".
 
Sözsüz ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ictimai rəyi  kölgəsindən qorxan zavallı sindromu yaşayır. Azərbaycan sərhədçilərinin müasir texnologiya ilə öz sərhədlərində apardığı delimitasiya və demarkasiya fəaliyyətləri belə, İrəvanda kabuslu yuxuların çin çıxması kimi dərk olunur və buna ən yüksək səviyyədə əks-reaksiya verilir. Ermənistan bu halıyla ağır psixoloji xəstəyə bənzəyir. Yeri gəlmişkən əslən erməni olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov da “strateji müttəfiq”inin elmi ədəbiyyatda “kabus pozuqluğu” adlanan bu sindromdan əziyyət çəkdiyinin fərqindədir və İlham Əliyevlə görüşdə buna eyham vuraraq demişdi:
 
İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin heç biri asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”.


 
Paşinyan da daxil olmaqla Ermənistan rəhbərliyinin kabuslarla əlləşdiyi bir zamanda Azərbaycan rəsmilərinin Şuşada “Xarı bülbül” müsiqi festivalı keçirməsi isə rəsmi Bakının məsələnin sülh yoluyla həll olunacağına inandığını göstərir. Bu, təbii ki, Zəngəzurun “dədə-baba qaydasında” geri qaytarılması perspektivini istisna etmir. Ölkə rəhbərinin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ordusu bir gün nəinki milli, hətta beynəlxalq sifarişə çevrilən tarixi torpaqlarımızın geri qaytarılması əməliyyatına başlaya bilər. Amma bu əməliyyat qətiyyən ölkə rəhbərlərinin Şuşada muğam dinlədiyi vaxta düşməyəcək və düşməməlidir də. Odur ki, sərhəddimizdə aparılan delimitasiya və demarkasiya tədbirlərinin İrəvanda hələ ki kabus yaratmasına ehtiyac yoxdur. Rəsmi Bakı hazırda problemi muğam sədaları altında sülh yolu ilə həll etməyə çalışır. İnanır ki, erməni ictimaiyyəti bu təmkinli siyasətin onların da maraqlarına uyğun olduğu anlayacaq və regional inteqrasiya prosesinə qoşulacaq. Əks halda, Şərq dünyasının sözlə tərbiyələndirmə metodu ilə üzləşəcək. Böyük Türk şairi Ziya Paşa demişkən:
 
“Nush ilə uslanmayanı etməli təqdir,
Təqdir ilə uslanmayanın haqqı kötəkdir”.
 
Yəni, nəsihət ilə ağıllanmayanı həvəsləndirmə ilə islah etmək lazımdır. Bu da işə yaramayanda isə ağıllanmaq istəməyən cahillərin haqqı kötəkdir. Azərbaycan xalqı kötəklə tərbiyələndirmək işini nə qədər mükəmməl bacardığını 44 günlük savaşda ortaya qoyduğu hünəri ilə artıq bir dəfə sübuta yetirib. Ehtiyac yaranacağı təqdirdə qolunu ikinci dəfə də çırmalaya bilər, əlbəttə.
 
Tarix: 13-05-2021, 09:05
Xəbəri paylaş



Xəbər lenti