Səxavət Məmməd: “Sülhməramlılar vəziyyətə nəzarəti əlindən çıxarsa, gərginlik lokal döyüşlərə qədər gedə bilər” İkinci Qarabağ müharibəsinin bitməsindən və atəşkəslə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Üçtərəfli Bəyanatından beş aydan çox vaxt keçir. Bu müddətdə azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun şəxsi heyətinin xidmətinin təşkili, müharibədən yeni çıxmış hərbi kontingentimizin xidmət səviyyəsi cəmiyyətdə maraq doğurur. Bu müddətdə azad olunmuş ərazilərimizdə, xüsusən də Ermənistanla sərhəddə bir neçə hərbi döyüş xidməti hissələri fəaliyyətə başlayıb, kazarmalar inşa edilib.
Eyni zamanda Qarabağa Rusiya sülhməramlı kontingenti yerləşdirilib, Xankəndidə, Xocavəndin bir hissəsində, Xocalıda, Əskəranda, Ağdarənin bir hissəsində erməni silahlı terrorçuları var. Bununla yanaşı, Ağdamda atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməkdədir. Belə bir vəziyyətdə Qarabağdakı hərbi vəziyyət çoxlu suallar doğurmaqdadır.
AYNA-nın sözügedən məqamlarla bağlı suallarını, vəziyyətlə bağlı kifayət qədər məlumatı olan hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.
- Atəşkəs elan olunduqdan sonra Qarabağdakı ümumi hərbi vəziyyəti necə dəyərləndirmək olar? - Ərazidə faktiki olaraq hərbi vəziyyət hökm sürür. Kənardan bəlkə də sadə görünə bilər. Ancaq dərinliyə getdikdə görürsən ki, mürəkkəblik çoxdur. Təsəvvür edin ki, kiçik bir ərazidə üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın silahlı qüvvələri var. Bundan əlavə, qondarma rejimin "ordusu" da işğaldan azad edilməmiş ərazilərdə mövcuddur. Bunların üzərinə terrorçuları və qanunsuz silahlı birləşmələri də gəldikdə, vəziyyətin nə qədər mürəkkəb olduğunu görə bilərək. Eyni zamanda, Türkiyənin az sayda da olsa, Birgə Monitorinq Mərkəzində hərbçiləri var. Bütün bunlar deməyə əsas verir ki, kiçik bir ərazidə həddindən artıq silahlı qüvvə var. Vəziyyət gərgindir. Artıq bir neçə gündür ki, bəzi istiqamətlərdə atəşkəs də pozulur. Dövlət Sərhəd Xidməti bu barədə məlumat yaydı. Rəsmi məlumatlardan əlavə, qeyri-rəsmi atəşkəsin pozulması halları barədə informasiyalar mütəmadi olaraq gəlməkdədir. Vəziyyət gərgindir.
Düşünürəm ki, bu gərginlik artan xətlə davam edəcək. Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər atəşkəsin pozulması xəbərlərini çox eşidəcəyik. Burda Rusiya sülhməramlılarının üzərinə böyük yük düşür. Əgər onlar vəziyyətə nəzarəti əlindən çıxarsa, gərginlik lokal döyüşlərə qədər gedə bilər. Deməyim odur ki, hərbi vəziyyət kiçik atışma səviyyəsində olsa da, davam etməkdədir.
- Atəşkəs sazişindən sonra Azərbaycan Ordusu terrorçulara qarşı əməliyyat keçirdi, lokal toqquşmalar oldu. Daha sonra sakitlik olduğu görünürdü. Ən azından, rəsmi şəkildə toqquşma barədə məlumat yox idi dünənə qədər. Sizcə, ərazilərimiz terrorçu qruplardan təmizləndimi? Söhbət nəzarətimizdə olan azad olunmuş ərazilərdəki silahlılardan gedir. - Müharibə bitəndən dərhal sonra Azərbaycan antiterror əməliyyatları keçirdi və uğurlu da alındı. 60-dan çox erməni terrorçusu ələ keçirildi. Ərazidə terrorçu qrupların olmadığı görüntüsü var. Bəzi istiqamətlərdə minaların dəfələrlə hərəkət edilmiş yerlərdə partlaması hərbçilərin beyninə “qurd” salıb ki, hələ də ərazidə qalanlar ola bilər və mina basdırıb gedə bilərlər. Əslində, bütün versiyalar üzərində daim işlənilməlidir. Məlumatlar analiz edilməlidir. İşğaldan azad edilmiş ərazidə erməni silahlılarının qalması inandırıcı deyil. Cənub istiqamətində və mərkəzi hissə olan Ağdamda demək olar hər yerdə bölmələrimiz var. Bir də ki, o istiqamətlərdəki ərazilər də terrorçuların qalmasına imkan yaratmır. Yalnız Kəlbəcər və Laçın istiqamətində terrorçuların qalma ehtimalı var idi. Onu da hava şəraitinə görə imkansız hesab edirəm. Bundan başqa, əməliyyat formasında olmasa da, daimi reydlər keçirilir. Burda əsas diqqət çəkiləcək məqam sızmalardır. Çünki ərazinin relyefi imkan verir ki, keçidlər olsun. Düşünürəm ki, Azərbaycan Ordusu əsas bunun üzərində durmalıdır.
- Sülhməramlılarla təmas xəttində xidmət necə gedir? - Sülhməramlılar bəzən ikili standartlara yol verirlər. Xüsusən də, sülhməramlıların rəhbərliyi davamlı olaraq erməni rəhbərliyi ilə görüşməkdədir. Fəaliyyətləri ürəkaçan deyil. Erməni hərbçilərinin əməllərinə dəfələrlə göz yumublar. Laçın dəhlizindən keçid növbələşdirilib. Həftənin cüt günləri bir tərəfin, tək günləri digər tərəfin hərəkətinə icazə verilir. Açığı, rusların davranışı sülhməramlıdan daha çox erməni tərəfinin hamisi kimi görünür. Bu səbəbdən də xidmətlərini müsbət qiymətləndirə bilmərəm.
- Hərbçilərimizin maddi texniki-təminatı hansı səviyyədədir? Hərbçilərlə əlaqələrin olduğunu bilirəm. Onların yaradılan şəraitlə bağlı düşüncəsi nədir? - Açığı, havaların isinməsinə ən çox hərbçilərimiz sevinir. Çünki dağlıq hissədə olan hərbçilər xüsusilə çətin şəraitdə xidmət aparırlar. Onların kazarma və ərzaq təminatında ciddi problemlər var idi. Bəzi istiqamətlərdə problemlər həll edilib. Bəzi istiqamətlərdə hərbçilər vəziyyətə uyğun olaraq özlərinə şərait qurublar. Şəxsən özümün də olduğum bir neçə yer var ki, hərbçilər ərazidə olan materiallardan istifadə edərək, yatacaq yeri tikiblər. Modul tipli kazarmalar quraşdırılmaqdadır. Məsələ ondadır ki, bunun sürəti çox aşağıdır. Xüsusilə də Kəlbəcərdəki hərbçilərimizin ehtiyacları həddən artıq çoxdur. Çünki Kəlbəcərə birbaşa yol qış mövsümündə demək olar, bağlı idi. Ömər aşırımı istiqamətində kifayət qədər maşınlar aşmışdı. Ağdərə yolunun müharibə zamanı alınmaması Kəlbəcəri çətin vəziyyətə salıb. Havaların istiləşməsi artıq bəzi problemlərin həllini asanlaşdırır. Ümid edirəm ki, yay mövsümündən istifadə edərək həllini gözləyən kazarma, yol məsələsi nizama qoyular.
- DSX-nın sərhəddə xidməti döyüş hissələri açılıb. O hissələrdə durum necədir, Zəngilan, Qubadlı, Kəlbəcər istiqamətində sərhəd möhkəmlənməsi hansı səviyyədə təşkil edilib? - DSX-nın sərhəd xidməti öz işini yetərincə yaxşı görür. Xüsusilə Zəngilan və Qubadlı istiqamətində çox önəmli işlər görüblər. Əminliklə deyə bilərəm ki, sərhəd xətti keçən istiqamətdə bir qarış belə, güzəşt edilmir. Sərhədin keçdiyi istiqamətləri xüsusilə diqqətlə izləyirəm, həm ərazidə olan hərbçilərdən məlumatlar alıram, həm də erməni mətbuatını izləyirəm. Düzdür, ermənilər çox etirazlar edirdilər, sərhəd bəzən kəndin ortasından keçirdi, hətta yalvarırdılar, ancaq bir qarış belə, güzəşt edilmədi. Kəlbəcər istiqamətində vəziyyət bir qədər fərqlidir. Çünki orda hava şəraiti iş görməyə o qədər də imkan vermirdi. Ancaq onu da deyim ki, Kəlbəcər istiqamətində xidmət lazımi həddə çatdırılıb. Yol problemi lazımi işləri görməyi ləngidirdi. Əldə etdiyim məlumat ondan ibarətdir ki, artıq Kəlbəcər istiqamətdə işlər görülməyə başlayıb. Kəlbəcər istiqamətində mədənlərlə bağlı bu yaxınlarda ermənilər təxribat törətməyə cəhd etmişdi, qarşısı alındı.
- Bir hərbi jurnalist kimi necə düşünürsən, İkinci Qarabağ müharibəsindən sonra ordumuzda hansı dəyişikliklər edilməlidir? - Ordumuzda dəyişikliyə ehtiyac var. Bu, həm də zəruri məsələdir. Çünki Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir, hətta Türkiyə modelinə keçməyi planlayır. Bu, gec-tez baş verməli idi. Dəyişikliklərdən öncə döyüşlər ciddi şəkildə araşdırılmalı, analiz edilməli və səhvlər öyrənilib, onların üzərində işlənilməlidir. Fərqi yoxdur hansı model, əgər bu olmasa, yerində saymış olacağıq. Azərbaycanda Quru Qoşunları var, ancaq komandanlığı yox idi. Yaxın zamanda bu da öz həllini tapacaq. Ordunun içərisində “təmizliyə” ciddi ehtiyac olduğunu düşünürəm. Əgər “təmizlik” olmasa, model seçmək mənasız olacaq. Müharibənin ilk günləri Silahlı Qüvvələrin Baş Qərargah rəisi postu boş qaldı və aylar keçsə də, bu, davam edir. Türkiyə modeli həm də rotasiyalılıq deməkdir. Bu da ona gətirib çıxaracaq ki, artıq bir postda 20 ildən çox eyni adamı Baş Qərargah rəisi görməyəcəyik.
Səhvlərlə yanaşı, düzələrimizi də bilməliyik. Məsələn, Xüsusi Təyinatlı Qüvvələr bu müharibədə heç kimin gözləmədiyini həyata keçirdi, proqnozları alt-üst etdi. Əgər belə bir potensialı olan qoşun növümüz varsa, niyə onu daha da inkişaf etdirməyək? Hətta istərdim ki, bu qoşun növünün sayı daha da artırılsın. Müharibədə Azərbaycan Ordusunun zəif tərəflərindən biri syanper oldu. Xaricdən mütəxəssislər gətirib snayper məktəbləri açılmalıdır. İxtisaslaşma üzərində ciddi işlənilməlidir. 40 günlük kursların effekt vermədiyini hər birimiz gördük. İlk növbədə isə ordudakı rüşvət və korrupsiyanın kökünü kəsmək lazımdır.
- Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işindən xəbərin varmı? İki aya yaxındır ki, Mərkəz fəaliyyətə başlayıb. Onlar nə işlər görürlər? - Ağdam rayonunun Mərzili kəndində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Açığı, Mərkəzin fəaliyyəti barədə informasiya demək olar, yox səviyyəsindədir. Monitorinq mərkəzləri adətən standart olaraq hesabatlar verməlidir. Mərkəzin işi barədə, fəaliyyəti barədə məlumat almağa cəhdlər etsəm də, bir nəticə verməyib. Hesabatlarına da hələlik rast gəlmədiyim üçün nəsə deməkdə çətinlik çəkirəm.
Tarix: 28-04-2021, 11:56