Rusiya sülhməramlılarının Dağlıq Qarabağa girdiyi gündən bəri Azərbaycanın maraqlarına zidd olan bir sıra addımlar atır və ya buna cəhd edir.İlk günlərdə Azərbaycan tərəfi buna susqunluq nümayiş etdirsə də, sülhməramlıların nəzarət xəritəsinin dəyişdirilməsindən sonra bu sükut pozuldu. Nəticədə Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin sərt narazılığı ilə qarşılaşdı. Lakin sülhməramlıların bəyannamədə qeyd edilməyən addımlar atması, erməni terrorçularla isti münasibəti və onları himayə etməsi, Qarabağdakı erməni terrorçularının tərkisilah edilməməsi Azərbaycan tərəfinin narazılığını getdikcə artırır.
Üstəlik Rusiya rəhbərliyinin Qarabağ haqqında öz ərazisiymiş kimi qərarlar qəbul etməsi və oradakı quruculuq işlərinə cavabdehmiş kimi çıxışları Azərbaycan cəmiyyətini narahat etməyə bilməz. Bu addımlar nə qədər görülməzdən gəlinsə də, ciddi suallar doğurur. Xüsusən Rusiyanın erməniləri Qarabağa qaytarması və Qarabağın statusu məsələsini qabartması heç də birmənalı qarşılanmır.
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Baş naziri Mixail Mişustinlə telefon danışığı zamanı da tərəflər Qarabağ məsələsini müzakirə ediblər. Bu danışıqlar zamanı da Qarabağda quruculuq işləri ilə bağlı tərəflərin birgə səylərindən söz açılıb.
Qarabağda quruculuq işləri ilə bağlı qərarları niyə Azərbaycan Rusiya ilə bərabər almalıdır? Ümumiyyətlə, Rusiya nəyə görə özünü “hakimi-mütləq” kimi aparmağa cəhd edərək Qarabağda özbaşına quruculuq işləri aparmalıdır?Azərbaycan süveren dövlətdir və öz ərazisində aparılacaq quruculuq iləri ilə bağlı qərarları yalnız Azərbaycan hökuməti qəbul etməli, bunun üçün hansı dövlətlərlə işləyəcəyini özü müəyyənləşdirməlidir.
Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə
Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan Rusiyaya Qarabağda həyata keçirdiyi birtərəfli infrastruktur layihələrinin qanunsuz olduğunu başa salmalıdır:
“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı fəaliyyəti Hadrud hadisələrindən sonra özünün problemli şəkli ilə gündəmə gəldi. Aydın oldu ki, Rusiya Qarabağda yalnız sülhməramlı fəaliyyəti yerinə yetirmir, eyni zamanda erməni təxribatına rəvac verir. Bu, birmənalı şəkildə belədir. Lakin Rusiya ilk növbədə bəyannaməyə uyğun olaraq Qarabağda sülhün bərqərar olunması və qorunmasına çalışmalıdır. Amma biz çox zaman fərqli nüansların şahidi oluruq. Məsələn, Rusiya Xankəndidə humanitar fəaliyyət və tikinti-bərpa işlərini həyata keçirir. Bu da Rusiyanın sülhməramlı fəaliyyətinə ziddir. Çünki Qarabağ Azərbaycan ərazisidir və de-yure onun nəzarətində olmalıdır. Amma müəyyən geosiyasi reallıqlar nəticəsində Azərbaycan Rusiyanın sülhməramlı kontingentinin burada yerləşməsinə icazə verdi. Lakin biz hər gün Rusiya tərəfindən sülhməramlı deyil, fərqli gedişatın şahidi oluruq. Belə ki, Rusiya Qarabağda təktərəfli şəkildə quruculuq işləri aparır. Xocalı aeroportunun açılmasına çalışır. Həmçinin Rusiya erməniləri Dağlıq Qarabağa köçürmə prosesinə başlayıb və bunları Azərbaycanla müzakirə etmir. Hesab edirəm ki, Azərbaycan artıq 2021-ci ilin ilk günlərindən qəti və prinsipial addımlar atmalı, Rusiyanın diqqətinə çatdırmalıdır ki, Qarabağda missiyan yalnız erməniləri bura köçürmək deyil, sülhü təmin etməkdir. Eyni zamanda, Rusiyaya izah edilməlidir ki, onun Qarabağda infrasturktur layihələri qanunsuzdur”.Politoloq qeyd edib ki, Azərbaycan öz şirkətləri və tenderdə qalib gəlmiş beynəlxalq şirkətləri Qarabağda quruculuq işlərinə cəlb etməlidir ki, Rusiya bu işləri birtərəfli şəkildə etməyə çalışmasın:
“İlk növbədə Rusiya sülhməramlı qüvvələri beynəlxalq mandat almalıdır. Biz görürük ki, başda ABŞ olmaqla Qərb dövlətləri Rusiyanın burada sülh prosesini təhdid etdiyini vurğulayırlar. Hesab edirəm ki, həqiqətən də son baş verənlər buna sübutdur. Rusiyanın son hərəkətləri Azərbaycanın öz ərazilərindəki suveren hüquqlarının qarşısının alınmasına yönəlik addımlara rəvac verir. Azərbaycan tərəfi konkret olaraq Xankəndi, Xocavənd və Ağdərədə özünün şirkətləri və tenderin qalibi olan beynəlxalq şirkətləri quruculuq işlərinə cəlb etməlidir. Beləliklə, Rusiya təktərəfli şəkildə quruculuq işləri aparmamalıdır. Rusiyanın əsas məqsədi Dağlıq Qarabağı öz nəzarətində saxlamaq, burada sülhməramlı adı altında hərbi baza yaradıb qalıcılığını qorumaq və Ermənistanla Azərbaycana təsir etməkdir. Hesab edirəm ki, bu proseslər regionda Rusiyanın mövqeyinin zəifləməsinə və Azərbaycan cəmiyyətinin ona qalan inamının da itməsinə gətirib çıxaracaq. Nəticədə Rusiyanın bu addımı post-sovet məkanında işğala və separatizmə dəstək kimi dəyərləndiriləcək”.
Tarix: 31-12-2020, 20:11