Nazirlik rəsmisi: “Mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışırıq” İşğalçı Ermənistan dövlətinin vaxtı ilə Azərbaycan torpaqlarını qəsb etməsi nəticəsində ölkəmizə dəyən ziyanlardan biri də milli-mədəni sərvətlərimizlə bağlıdır. Belə ki, Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda mövcud olan 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Bundan əlavə, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə milyardlarla dollar zərər dəyib. Bu mədəni irsə dəyən mənəvi zərərin qiyməti isə ölçülməzdir.
Həmçinin, Ermənistanın hərbi təcavüzü nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları və Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlar, həmçinin Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Şuşa Tarixi Memarlıq Qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidlərini, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşudbanu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıdıb, daşınması mümkün olan maddi mədəniyyət abidələrini istismar ediblər.
Bunlarla yanaşı, ərazilərimiz işğal ediləndən sonra 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal nəticəsində düşmən tərəfindən istismar edilib, ölkəmizə mənəvi ziyanla yanaşı, milyardlar dollar məbləğində maddi ziyan vurulub.
Xüsus qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.
Artıq ərazilərimiz işğaldan azad edilib. Tarix və mədəniyyət abidələrinə dəymiş zərərin bərpası üçün hansı işlər görülür? Məhv edilən mədəni irsimizin bərpası üçün tədbirlər planı nəzərdə tutulurmu?
AYNA-ya açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin sözlərinə görə, Nazirlik işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizə dəymiş zərərlə bağlı monitorinqlər aparır: “Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinq işləri aparılır. Mədəni irsimizə dəyən zərərin dəyəri ölçülür. Yəni, hansı mədəni irslərimiz var, işğaldan əvvəl onların aqibəti necə idi, indi necədir və s. məsələlərlə bağlı ilkin araşdırmalar aparılır. Çünki elə mədəniyyət abidələrimiz var ki, ümumiyyətlə məhv edilib. Yəni, bu istiqamətdə işlərimiz gedir”.
“Mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışırıq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”, - Nazirlik sözçüsü bildirib.
Qafarzadə əlavə edib ki, aparılan ilkin monitorinqlərin nəticələri UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalararası Alyansına təqdim edilir: “Eyni zamanda, sosial şəbəkələrdə müxtəlif kampaniyalara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi olması haqqında məlumatların insanlar arasında yayılması, onların bu haqda məlumatlılıq səviyyəsinin artırılması barədə addımlar atmışıq və bununla bağlı çoxlu sayda videoçarxlar hazırlanıb”.
Tarix: 4-12-2020, 23:45