“France 24” Ağdam haqqında:"Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar"+ VİDEO
Rusiya ilə imzalanan və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Dağlıq Qarabağın erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verməlidirlər. Bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən 7 rayonun hamısını götürmüş olacaq. Xüsusi müxbirlərimiz Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportajı. Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Dağlıq Qarabağın paytaxtı Xankəndindən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. Məhz buradan Azərbaycan ordusu Dağlıq Qarabağın yaxınlıqdakı dağlarında yerləşən erməni silahlı qüvvələrinin mövqelərini atəşə tuturdu. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər. Yeni Azərbaycan Partiyasının üzvü M. Qasımov hiddətlənir: “Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz baxardınız ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki mümkün deyildi qalmaqları. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”. Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən götürülmüş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan bu minatəmizləyən robotu işə salıblar. ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov: “4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilmişdir. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.