Qarabağ necə idarə olunacaq?-“Problemin həllindən sonra idarəçilik birbaşa Azərbaycana keçəcək”


Qarabağ necə idarə olunacaq?-“Problemin həllindən sonra idarəçilik birbaşa Azərbaycana keçəcək”

Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv edilmədiyi dönəmdə Moskva burada xüsusi idarəetmə forması yaratmışdı. Lakin sonradan Azərbaycanın müstəqilliyi nəticəsində 1991-ci ilin 26 noyabrında DQMV ləğv olundu.
Bu il 27 sentyabrda başlayan əks-həmlə əməliyatı nəticəsində 30 illik işğala son qoyulub.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabrda imzaladığı bəyanatdan sonra qondarma rejimin rəhbəri Araik Arutyunyanın Rusiyaya gizli səfəri barədə xəbərlər yayılıb. Bu isə müzakirələri artırıb və rəsmi Moskvanın Qarabağla bağlı mövqeyindən narahatlıqlar yaranıb.
Maraqlıdır, Qarabağda idarəçilik hansı formada həyata keçiriləcək?

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya sülhməramlılarının bu ərazilərdə həyata keçirəcəyi idarəçilik müvəqqəti xarakter daşıyır və Azərbaycanla razılaşdırılmış şəkildə yerinə yetirilir: “Vladimir Putinin çıxışındakı fikirlərə əsaslansaq, görə bilərik ki, Rusiya Federasiyası Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Ona görə də Rusiya burada daimi əsaslarla hansısa adminstasiya və ya idarəçilik forması yarada bilməz. Bu, birmənalı şəkildə beynəlxalq hüquqa ziddir. O ki, qaldı 90-cı illərin əvvəlləri ilə bugünki vəziyyətin paralelliyinə, bu müqayisə olunmazdır. Çünki onda Sovetlər qərar qəbul edirdi. İndi isə müstəqil dövlətlərin öz qərarı var. Rusiya burada müvəqqəti fövqəladə qurumlar yarada bilər. Çünki sözügedən ərazi fəlakət zonasıdır. Ona görə fəlakət zonasıdır ki, 30 il ərazində qondarma rejim burada at oynadıb. İndi isə vəziyyətə sülhməramlılar nəzarət edir.
Həmin sülhməramlılar müvəqqəti nəzarət məntəqəsi yarada bilərlər. Bu da əslində Dağlıq Qarabağın Azərbaycana qaytarılması prosedurunun bir parçasıdır. Çünki o ərazilərə azərbaycanlı köçkünlər qayıdacaq. Yəni Xocalıya, Xankəndinə, Əsgərəna, Ağdərəyə və digər rayonlara Azərbaycan vətəndaşları qayıdacaqlar. Buna isə sülhməramlılar nəzarət edəcək. Yəni idarəçiliyə sülhməramlıların nəzarəti müvəqqəti keçid dövrü üçün nəzərdə tutulub. Həm də bu proses qarşılıqlı şəkildə həyata keçiriləcək. Yəni Azərbaycanla razılaşdırılmış şəkildə olacaq. Digər tərəfdən, qondarma rejimin tör-töküntüləri olan Araik Arutyunyan və onun dəstəsi idarəçilikdə iştirak edə bilməzlər. Onlar artıq burada yoxdurlar. Yəni onlar inzibati proseslərdə yoxdur və ola da bilməzlər. Ona görə Rusiya burada müxtəlif qurumlar yaradır ki, qondarma qurumu əvəz etsin. Yəni problem həll olunanadək Rusiya sülhməramlıları Azərbaycanla razılaşdırılmış şəkildə idarəçiliyi həyata keçirəcək. Problem həll olunduqdan sonra isə idarəçilik birbaşa Azərbaycana keçəcək. Araik və digər quldurlarla bağlı məsələ hüquqi müstəvidə həll olunacaq”.
İ.Vəlizadə hesab edir ki, Qarabağa köçürüləcək əhalinin gündəlik həyatının tənzimlənməsini də sülhməramlılar yerinə yetirəcək:
“Hazırda Rusiya sülhməramlılarının mülki idarəçilik hüququnun olub-olmayacağı barədə danışmaq çox çətindir. Yəni hər halda sülhməramlılar müəyyən tənzimləyici funksiyanı həyata keçirəcəklər. Orada bir sıra məsələlər var, o cümlədən Qarabağa köçürüləcək mülki əhalinin gündəlik həyatını tənzim etmək üçün aparılan işlər bura daxildir. Əlbəttə ki, bunu kimsə etməlidir. Düşünürəm ki, müvəqqəti olaraq bu funksiyanı sülhməramlılar həyata keçirəcək. Amma bir məsələ var ki, bunu onlar bizim razılığımızla etsələr, anlaşılandır. Çünki burada sülhməramlı funksiyanı həyata keçirirlər. Amma başqa heç kəs bu funksiyanı yerinə yetirə bilməz. Ermənilərin təşəbbüs qrupları bu işlərlə məşğul olmamalıdır”.
Tarix: 26-11-2020, 20:00
Xəbəri paylaş



Xəbər lenti